Qanun
insanları qorumaq üçündür, öldürmək
üçün deyil
Rusiya Federasiyasının
Yekaterinburq şəhərində
azərbaycanlılara qarşı
iki nəfərin ölümü ilə nəticələnən zorakılıq
və qanunsuzluq Azərbaycan cəmiyyətini
dərindən narahat edir və təəssüfləndirir.
25 il əvvəl
baş verən cinayəti araşdırmaq
adı ilə aparılan və çoxsaylı qanunsuzluqlarla
müşayiət olunan
polis axtarış və saxlamalarının ilkin nəticəsi iki ölüm hadisəsi və çoxsaylı ağır
bədən xəsarətləridir.
İstər- istəməz
sual yaranır: məqsəd çoxlarının
unutduğu ağır
cinayəti törədənləri
axtarıb tapmaqdır,
yoxsa başqadır?
Zorakılığa məruz qalan və öldürülən
insanların Rusiya Federasiyasının vətəndaşları
olması hüquq-mühafizə
orqanlarının törətdiyi
əməllərin ağırlıq
dərəcəsini daha
da artırır. Belə çıxır ki, bu cəmiyyətdə
vətəndaşlıq hüququ
etnik və digər mənsubiyyətindən
asılı olaraq fərqli məna daşıyır. Qeyd etmək yerinə düşər ki, beynəlxalq hüquq baxımından mənsubiyyətlərindən
asılı olmayaraq bütün vətəndaşlara,
o cümlədən qanuni
miqrantlara bərabər
münasibət hər
bir cəmiyyətdə
demokratikliyin, tolerantlığın
və insan ləyaqətinə hörmət
kimi ümumi dəyərlərə sadiqliyin
göstəricisi hesab
edilir.
Rusiyada şərəfli
əməklə məşğul
olan bütün insanlar, o cümlədən
miqrantlar hörmətə
layiqdirlər. Miqrantlar
öz zəhməti ilə halal pul qazanmaqla yanaşı, işlədikləri
dövlətin iqtisadiyyatına
önəmli töhfə
verirlər. ABŞ statistikasına
görə, bu ölkənin büdcəsinə
daxil olan vəsaitin hər 6 dollarından biri miqrantların əməyinin
nəticəsidir. Rusiyada
belə bir statistikanın aparılmasından
xəbərsizəm, lakin
düşünürəm ki, bu ölkədə
də miqrantlar iqtisadiyyata layiqli töhfə verən böyük iş qüvvəsidir. Dolayısı
yolla, onlar mahiyyətcə Rusiyanın
inkişafına xidmət
göstərirlər. İşləməyən
və işləmək
istəməyən vətəndaş
ola bilər, lakin işləməyən
miqrant olmur.
Təəssüf doğuran
digər məqam isə RF Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun Azərbaycan tərəfinin hadisə ilə əlaqədar haqlı narahatlıq ifadə etməsinə ən kobud şəkildə
münasibət bildirməsidir.
Dünya ədəbiyyatına
böyük töhfə
verən Lev Tolstoyun nəslindən olan bu insan
gah Qazaxıstanın dövlətçiliyini şübhə
altına alan bəyanatlar verir, gah da Azərbaycanın
soydaşlarına qarşı
törədilən haqsızlığa
etirazını guya Rusiyanın daxili işlərinə qarışmaq
cəhdi kimi qiymətləndirir, özü
də ən kobud ifadələrlə. P.Tolstoy bilməmiş olmaz ki, RF-nın
Rossotrudniçestvo adlı
dövlət qurumu müxtəlif ölkələrdə
yaşayan nəinki rusların, habelə rusdilli insanların hüquqlarını qorumaq
kimi əcaib vəzifəni özünün
əsas məqsədlərindən
biri elan edib.
İnsan hüquqlarının
kobud şəkildə
pozulmasına münasibət
bildirmək müasir dünyanın qəbul etdiyi vacib dəyərlərdəndir.
Eləcə də soydaşlarının hüquqlarının
pozulmasından narahatlıq
ifadə etmək hər bir xalqın
legitim haqqı sayılır. Xüsusilə
də əgər polisin qanunsuz əməlləri iki
nəfərin həyatının
itirilməsi ilə müşayiət olunursa,
onda haqlı ittihamlardan qaçmaq mümkün deyil.
P.Tolstoyun insanlara
qarşı polis zorakılığına etirazlara
qadağa qoyması, yumşaq desək , beynəlxalq hüquqa hörmətsizlikdən başqa
bir şey deyil. Düzgün yol isə bundan
ibarətdir ki, vətəndaşların və
insanların hüquqlarına
hörmətlə yanaşmağı
bacarasan. Onda heç bir irad və anlaşılmazlığa
yol qalmayacaq.
Əli ƏHMƏDOV,
Milli Məclis Sədrinin birinci müavini
Azərbaycan.-2025.- 1 iyul
(№ 131).- S.4.