Rusiyada
baş verən hadisələr sistemli və məqsədli siyasətin təzahürüdür
"Rusiyanın Sverdlovsk
vilayətində, Yekaterinburq
şəhərində baş
verən hadisələr
təkcə fərdi cinayət faktları kimi yox, sistemli
və məqsədli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir. Rusiya
hüquq-mühafizə orqanlarının
azərbaycanəsilli şəxslərin
evlərində vəhşicəsinə
reydlər keçirməsi,
onları işgəncəyə,
ölümə məruz
qoyması - sadəcə
hüquqi normaların
pozulması deyil, etnik təmizləmənin
növbəti təzahürüdür".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, 25 il əvvəl baş vermiş bir cinayətə görə insanların vəhşicəsinə saxlanılması
və qeyri-insani rəftarın tətbiqi beynəlxalq hüququn, o cümlədən BMT-nin İşgəncələrə Qarşı Konvensiyasının
açıq pozuntusudur.
Bu cür davranışlar insan ləyaqətinə qarşı
yönəlmiş vəhşilikdir.
Hüquq normalarına
görə, əgər
bir insan cinayət törətməkdə
şübhəli bilinirsə,
özü də bütün ailə yox, konkret şəxslər,
onların mühakiməsi
yalnız məhkəmə
tərəfindən aparılmalı,
cəzası qanunvericiliyə
uyğun şəkildə
verilməlidir. Heç
bir hüquq-mühafizə
orqanının insanlara
işgəncə verməyə,
onları öldürməyə
haqqı yoxdur. "Rusiyada "rus kimliyi" ideologiyasının
süni şəkildə
gücləndirilməsi, monoetnik
dövlət modelinə
keçid cəhdləri,
qeyri-rus xalqlara qarşı artan ksenofobiya və nifrət dili - bu ölkənin imperiya xislətindən imtina etmədiyini sübut edir. Etnik, milli, dini
diskriminasiyaya, zorakılığa
məruz qalan azərbaycanlılar və
Mərkəzi Asiya mənşəli miqrantlar
Rusiya iqtisadiyyatının
onilliklərdir ki, əsas daşıyıcı
qüvvəsi olduqları
halda, sosial diskriminasiyaya, inzibati zorakılığa və
hüquqi ayrı-seçkiliyə
məruz qalırlar",
- deyə siyasətçi
qeyd edib.
Deputat
vurğulayıb ki,
bu hadisələr fonunda bir neçə
tendensiya aydın görünür: "Rusiya
hökumətinin müharibəyə
rusları yox, qeyri-rusları göndərmək
siyasəti, miqrantların
"mütləq günahkar"
kimi təqdim olunması, Ukraynada insanlıq əleyhinə cinayətlər törədən
Rusiya rejiminin daxildə də qeyri-rus xalqlara qarşı qəddarlığını
artırması, Rusiya
mediasının açıq
şəkildə anti-azərbaycançı
və islamofob ritorikası, Rusiya dövlət təmsilçilərinin
mütəmadi olaraq Azərbaycan əleyhinə
qərəzli və əsassız fikirlər səsləndirməsi, Rusiya
ictimaiyyətini çaşdıran,
Azərbaycanın milli
maraqlarına toxunan çıxış və
ifadələri, əslində,
Rusiya tərəfindən
sistemli və məqsədli şəkildə
aparılan anti-Azərbaycan
siyasətinin tərkib
hissəsidir. Azərbaycan
Hava Yollarına məxsus mülki hava gəmisinin Rusiya tərəfindən vurulması, məsələnin
qəsdən təkzib
və ört-basdır
edilməsi, vurulma faktı sübut edildikdən sonra Rusiya tərəfinin uzun müddət hərəkətsizliyi, gecikən
üzr və hələ də ödənilməyən kompensasiya,
cari ilin fevral ayında ölkəmizə qarşı
təşkil edilən
kütləvi kiberhücumların
Rusiya tərəfindən
gəlməsi bunların
bariz sübutudur".
P.Vəliyeva bildirib
ki, Rusiya dövləti və hüquq-mühafizə orqanları
bu cinayətlərin qarşısını almaqla
yanaşı, bu vəhşiliyi törədən
hər bir şəxsə qarşı
dərhal və qəti hüquqi tədbirlər görməlidir.
Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlının və
digər qeyri-rus xalqların hüquqlarının
qorunması baxımından
həyati əhəmiyyət
daşıyır. Əgər
Rusiya dövləti bu hadisələrə obyektiv hüquqi qiymət verməzsə, bu yalnız ölkədaxili qarşıdurmaları
alovlandırmayacaq, ölkəmizlə
münasibətlərdə də kəskin qopmalar yaradacaq. Rusiya tərəfi törədilən cinayətlərlə
bağlı Azərbaycan
xalqından üzr istəməlidir.
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2025.-
1 iyul (№ 131).- S.7.