Qətlə
yetirilənlər küt
alətlə vurulublar
"Yekaterinburqda öldürülən həmvətənlərimizin
ekspertiza nəticələri
açıqlanıb
İyunun 27-də Yekaterinburq
şəhərində Rusiyanın
Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların
yaşadığı evlərə
basqın həyata keçirib.
Basqın nəticəsində iki azərbaycanlı öldürülüb,
bəziləri ağır
bədən xəsarətləri
nəticəsində yaralanıb,
9 nəfər isə saxlanılıb. İyunun
28-də Azərbaycanın Xarici
İşlər Nazirliyi
bəyanat yayaraq hadisə ilə bağlı dərin narahatlığını ifadə
edib. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz
araşdırılma aparmasını
və bu qəbuledilməz zorakılığı
törədənlərin qısa
müddət ərzində
məsuliyyətə cəlb
edilməsini gözləyirik",
- deyə bəyanatda vurğulanıb.
İyunun 30-da həmyerlilərimizin
meyitləri təyyarə
ilə ölkəmizə
gətirilərək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə daxil olub, xüsusi
komissiya tərəfindən
müayinə edilib. Müayinənin nəticələri
ilə bağlı iyulun 1-də keçirilən
mətbuat konfransında
Səhiyyə Nazirliyinin
Məhkəmə-Tibbi Ekspertiza
və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov
deyib ki, qətlə yetirilən qardaşlar iti alət və odlu silahla yox,
küt alətlə vurulublar: "Biz ekspertiza zamanı
1966-cı il təvəllüdlü
Hüseyn Səfərovun
bədənində çox
sayda xarici və daxili travma aşkarladıq. Sümüklərin yerdəyişmiş
sınığı var,
döş qəfəsi
deformasiyaya uğrayıb,
asimmetrikdir. Sol gözətrafı nahiyədə
14x12 santimetr ölçüdə
hematoma, üst və alt dodaqların
selikli qişası qançırlı, alnın
sol və sağ qaşüstü nahiyəsində sıyrıqlar,
döş qəfəsinin
arxa səthində, xayalıqda, hər iki əlin arxasında
qançırlar var. Sol bel nahiyəsinin
köndələn istiqamətli
sıyrığı, sol
budun iç səthinin 17x2,5 sm ölçüdə zolaqşəkilli
sıyrığı mövcuddur.
Meyit daxili müayinə olunub. Başın dərisinin iç səthində geniş qansızmalar var. Məhkəmə-Tibbi Ekspertiza
və Patoloji Anatomiya Birliyinin gəldiyi nəticəyə
əsasən, Hüseyn
Səfərovun ölüm
səbəbi aldığı
çoxsaylı xəsarət
nəticəsində inkişaf
edən posttravmatik və posthemorragik şokdur".
Baş direktor onu da bildirib
ki, bir dəfə
müayinə edilmiş
meyitin ikinci dəfə təkrar ekspertizası çətin
olur: "Meyitləri müayinə etməmişdən
əvvəl onların
ölüm haqda tibbi şəhadətnamələrini
təqdim etdilər. Sverdlovsk vilayətinin verdiyi ölüm haqda şəhadətnaməsində
Hüseyn Səfərovun
ölüm səbəbi
travma göstərilib".
Ədalət Həsənovun
sözlərinə görə,
1970-ci il təvəllüdlü
Ziyəddin Səfərovun
Rusiya tərəfindən
göndərilən tibbi
ekspertizasında isə
kəskin ziddiyyətlər
müşahidə olunur.
Belə ki, ekspertiza nəticəsində
ölümün xəstəlikdən
baş verdiyi qeyd edilib. Ona
ürəyin kəskin
işemik xəstəliyi
diaqnozu qoyulub. Bu isə həqiqəti
əks etdirmir: "Meyitin xarici müayinəsi zamanı çoxlu xəsarətlər,
qançırlar, sıyrıqlar,
hematomalar müşahidə
etdik. Bədən başdan-başa hematoma idi. Hər iki
gözün ağlı
qişasında, sağ
alın və gicgah nahiyələrində
qansızmalar, sağ gözün üst və alt qapaqlarında,
boyunun sol və sağ yarısında, döş
qəfəsinin sol qoltuqaltı nahiyəsində
qançırlar, sol çiyinüstü nahiyədə
qançırlı sıyrıqlar
müşahidə edilib.
Döş qəfəsi
deformasiyalı və asimmetrikdir. Döş qəfəsinin sağ yarısının yan səthində zolaqşəkilli
sıyrıqlar vardı.
Qarnın sağ yan səthində və qalça qanadı hüdudunda qançırlı sıyrıqlar,
bud, baldır və topuq nahiyələrinin
sıyrıqları və
qançırları, xayalığın
dərisində qeyri-müəyyən
formalı qırmızımtıl,
göyümtül rəngli
qançırlar müşahidə
olunub. Müayinə zamanı başın dəri örtüyünün
iç səthinə,
baş beynin sərt və yumşaq qişalarına qansızmalar, döş qəfəsinin küt travması, sıxılması
aşkarlandı. Ən
çox döş qəfəsində, xüsusilə
iki xətt üzrə çoxsaylı
sınıqlar vardı.
Sol tərəfdə,
eləcə də paravertebral onurğanın
sağ tərəfi boyunca da sınıqlar
müşahidə edildi.
Bu, sol tərəfdən
güclü sıxılmanın
olduğunu göstərir.
Solda ön tərəfdə, sağda
arxa tərəfdə
bütün qabırğaların
hamısı sınmışdı.
Kobud yerdəyişən
sınıqlar ağciyəri
zədələyib. Hətta
qabırğalardan birini
tapa bilmədik, onu yəqin Rusiyada müayinə zamanı götürüblər.
Beləliklə, Ziyəddin
Səfərov çoxsaylı
xəsarətlərlə əlaqədar
baş vermiş posttravmatik şok nəticəsində ölüb",
- deyə baş direktor bildirib.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2025.-
2 iyul (№ 132).- S.8.