Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq, vətəndaşının yanındadır

 

Rusiya Federasiyasının Yekaterinburq şəhərində xüsusi xidmət orqanı tərəfindən azərbaycanlılara qarşı törədilmiş terror bu gün yerli beynəlxalq mətbuatın daha çox diqqət verdiyi aktual mövzudur.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması bəzilərinin ağır bədən xəsarətləri alması, habelə 9 nəfərin saxlanması ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat verib.

Bəyanatda ölkəmizin Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırma aparılmasını tələb etməsi bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsi xüsusi vurğulanıb.

İşin təəccüblü tərəfi budur ki, Rusiya hüquq-mühafizə orqanları baş verən terror hadisəsinə düz-əməlli "don" geyindirə bilmirlər. İddia edilir ki, "keçirilən əməliyyat keçmiş illərdə baş vermiş cinayət işinin araşdırılması məqsədi"ni daşıyır. Digər təəccüblüsü isə amansızlıqla qətlə yetirilənlərin işgəncələrə məruz qalanların bəzilərinin Rusiya Federasiyasının vətəndaşları olmalarıdır. Şübhəsiz ki, həmin şəxslərin ünvanları hüquq-mühafizə orqanlarına onları ora istiqamətləndirənlərə bəlli idi. Belə olan halda sual  yaranır: keçmiş illərdə baş vermiş hansısa cinayətə görə "şübhəli" şəxsləri  qanunamüvafiq formada izahat vermək üçün istintaq orqanlarına dəvət etmədən yaşadıqları  mənzillərə basqın etmək nəyə xidmət edir?

Birmənalı olaraq qəbulediləndir ki, kiməsə qarşı ədalətsizlik olubsa, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Ədalətsizliyə qarşı ədalətsiz davranmaq ədalətsizliyə bəraət  qazandırmaqdır. Rusiya tərəfinin əməliyyatın keçirilməsi üçün iddia etdiyi "fakt" 2001-ci ildə Səfərov qardaşlarının kafesində baş verib. Şübhəsisz ki, o zaman baş verən cinayət işi ilə bağlı istintaq da illər öncə aparılıb. 24 ildən sonra "FSB" yuxusunda görüb ki, bir gecədə hərəkətə keçərək müxtəlif ünvanlarda yaşayan azarbaycanlıların mənzillərinə basqın edib onları qətlə yetirir, işgəncə verir. Deyək ki, bu cinayət hadisəsi baş verib, illərdən sonra kimlərinsə bu cinayət işində əli olduğu istintaqa bəlli olub. Hətta belə olduğu halda bu cür vəhşi davranışın, nifrətin, kinin arxasında hansı məqsəd durur?

Bir neçə il öncə Rusiya rəhbərliyində təmsil olunan şəxslər azərbaycanlıların nəzarətində olan "Pakrovsk" bazarını bağladıb, özləri yeni bazar açmaq istəyiblər. Sağlam rəqabət aparmaq əvəzinə "FSB"nin təşkilatçılığı ilə bazarda bir azərbaycanlı rus millətindən olan bir nəfəri bıçaqla qətlə yetirmişdi. Hadisədən dərhal sonra o, həbs olunaraq birbaşa Rusiya daxili işlər nazirinin otağına gətirilərək telekanallar vasitəsilə bütün dünyaya nümayiş etdirildi. O zaman Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya televiziyalarında çıxış edərək hadisəyə münasibət bildirdi. "Dava bazar davasıdırsa, sizin olsun. Başqa oyuna ehtiyac yoxdur. Əgər bir azərbaycanlı bir rusla Rusiyanın kosmik raket istehsal edən zavodunda dava etsəydi, Rusiya hökuməti raket istehsal edən zavodu da  bağlayardımı?" Daha sonra səfir aparıcını fakt qarşısında qoydu: "Bu gün Rusiya Federasiyasında rus millətindən olan 63 nəfər bir-birini bıçaqlayaraq öldürüb. Onları niyə televiziyalarınızda nümayiş etdirmirsiniz?"

Rusiya hansı ölkəyə təzyiq etmək istəyirsə, miqrant məsələsindən "beşəlli" yapışır. Aydın məsələdir ki, bu, hansısa "cinayət işi"nin araşdırılması yox, miqrantlara qeyri-ruslara qarşı şovinist, diskriminasiya, milli ayrı-seçkilik siyasətinin tərkib hissəsidir. O səbəbdən Yekaterinburq hadisəsinin məhz indi baş verməsinin əsas səbəbi Azərbaycanın dünyadakı nüfuzu, müstəqil siyasət yürütməsi, heç kimin heç bir dövlətin təsir dariəsinə düşməməsidir.

Yekaterinburq vəhşiliyini ötən il dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsinin Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasının davamı kimi qiymətləndirmək olar. Baş vermiş bu dəhşətli cinayətlə bağlı rəsmi Bakının konkret tələbləri hələ aktualdır.  Xatırladaq ki, Rusiya tərəfi təyyarənin vurulması faktını gizlətməyə çalışsa da, cinayəti ört-basdır edə bilməmiş bundan sonra Azərbaycanın tələblərindən imtina etməsi üçün təzyiq siyasəti daxil olmaqla müxtəlif yollara əl atmışdır.

İndi belədir. Yekaterinburqda baş verən hadisələrlə bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Rusiya ilə bağlı bütün mədəni tədbirləri ləğv etməsinə Moskvanın təəssüf hissi keçirdiyini bildirib. O, iyunun 30-da keçirilmiş brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib: "Bakı tərəfindən Rusiya xətti üzrə tədbirlərin ləğvi ilə bağlı qəbul edilmiş qərarlara görə Moskva təəssüf edir". Amma təəssüf etmək azdır, belə hadisələrin baş verməməsi üçün konkret tədbirlər görmək, xoş məram nümayiş etdirmək lazımdır.

Azərbaycanda rus mədəniyyət tədbirlərinin ləğvi digər qərarlar 44 günlük Vətən müharibəsindən sonrakı siyasi-iqtisadi nizamda ölkəmizin müstəqil qərarlar vermək əzmini əks etdirir. Azərbaycan dövləti üçün milli maraqlar hər şeydən üstündür. Bu yerdə Dünya Azərbaycanlılarının III Qurultayında Prezident İlham Əliyevin dediyi sözləri xatırlamaq yerinə düşər: "Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər".

Bu gün Azərbaycan dövləti qətiyyət prinsipiallıq nümunəsi göstərərək dünyanın harasında yaşamasından asılı olmayaraq, vətəndaşlarının hüquqlarının qarantı olduğunu nümayiş etdirir. Bu, heç təsadüfi deyil. Yalnız özünəməxsus ideologiyası olan dövlət xalqın dövləti ola bilər. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasıdır.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2025.- 2 iyul (№ 132).- S.8.