Ruben
Vardanyanın məhkəməsi
davam etdirilib
Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin
sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, habelə
terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə
təqsirləndirilən Ermənistan
vətəndaşı Ruben
Vardanyanın barəsində
cinayət işi üzrə məhkəmə
prosesi iyulun 1-də davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində
hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq
məhkəmə iclasında
(ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs
bildiyi dildə, yəni, rus dilində tərcüməçi,
habelə müdafiəsi
üçün özünün
seçdiyi vəkillə
təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən
əvvəl məhkəmə
prosesində ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə və
zərərçəkmiş şəxslərin hüquqi
varislərinə qanunvericiliklə
nəzərdə tutulmuş
hüquqlarını və
vəzifələrini izah
edib.
Ardınca təqsirləndirilən
Ruben Vardanyanın hüquqlarını müdafiə
edən vəkili Avraam Berman məhkəməyə
müraciət edib. Bildirib ki, iyunun
23-də məhkəmə kollegiyası
protokolla tanış olmaq üçün ona və təqsirləndirilən
şəxsə şərait
yaradıb və onlar cari il
fevralın 13-də və
17-də keçirilmiş məhkəmə
iclaslarının protokolları
ilə tanış olublar. Hazırda isə məhkəmə hazırlıq iclasında
qəbul edilmiş və protokolda öz əksini tapmış qərarla tanış olmaq istəyirlər. Müdafiə
tərəfi, eyni zamanda, həmin tarixlərdə keçirilən
iclaslarda verdikləri vəsatətlərin təmin
olunmasına dair qərarların çıxarışının
da onlara verilməsini xahiş edib.
Təqsirləndirilən Ruben Vardanyan da vəkilinin müraciətini müdafiə
edib.
İclasa sədrlik
edən hakim Zeynal Ağayev deyib ki, indiyədək
təqsirləndirilən şəxs
və onun müdafiəçisi hansı
sənədlərlə tanış
olmaq istəyibsə, məhkəmə bunun üçün onlara şərait yaradıb, yenə də əvvəl olduğu kimi şərait yaradılacaq.
Sonra məhkəmədə
Ermənistanın təcavüzkar
müharibəsi və
işğalçılıq siyasəti nəticəsində
törədilmiş cinayət
hadisələri zamanı
zərərçəkənlər, habelə zərərçəkmişlərin
hüquqi varisləri ifadə veriblər.
Əvvəlcə zərərçəkmiş
şəxs Sərxan Köklərovun hüquqi varisi qismində tanınmış qardaşı
Absaləddin Köklərov
ifadə verib. O, qardaşının Ağdərədə
Ermənistan ordusunun qalıqlarının və
qanunsuz erməni silahlı dəstələrinin
açdığı atəş
nəticəsində yaralandığını,
5 gün sonra hospitalda dünyasını
dəyişdiyini deyib.
Hüquqi varis qismində tanınmış
Tahir Qasımov ifadəsində övladı
Hacıəli Qasımovun
Xankəndi şəhəri
yaxınlığında snayperlə
vurulduğunu, Respublika
Neyrocərrahiyyə Xəstəxanasında
koma vəziyyətində
qaldığını, 4 ay
sonra vəfat etdiyini söyləyib.
Zərərçəkmiş şəxs Mirzəhəsən
Səfərəliyev Ağdamda
düşmən tərəfindən
odlu silahdan açılmış atəş
nəticəsində güllə
yarası aldığını
bildirib. Baş Prokurorluğun Dövlət
ittihamının müdafiəsi
üzrə idarəsinin
şöbə rəisi
Nəsir Bayramovun sualına cavabında isə o qeyd edib ki, həmin
vaxt yaxınlığındakı
5 nəfər də yaralanıb, bir nəfər isə snayper atəşi nəticəsində həlak
olub.
Zərərçəkmiş şəxs Asiman Cəfərov da Ağdamda snayper gülləsindən xəsarət
aldığını bildirib.
Zərərçəkən Sənan Hüseynov isə dövlət ittihamçısı Fuad
Musayevin sualına cavabında qeyd edib ki, Ağdam
rayonunda düşmən
tərəfindən açılmış
atəşlər nəticəsində
o və yanındakı
bir neçə şəxs yaralanıb, bir neçə nəfər isə həlak olub.
Digər zərərçəkmiş
şəxs Xəqani Abbasov Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı
atəş nəticəsində
yaralandığını deyib.
Zərərçəkmiş Eltun Məmmədov ifadəsində Ağdam rayonunun Xanabad kəndi istiqamətində
düşmən tərəfindən
atılmış minaatan
mərmisinin partlaması
nəticəsində yaralandığını
söyləyib.
İbrahim Hüseynov
ifadəsində Xocavənd
rayonunda düşmən
tərəfindən atılmış
mərminin partlaması
nəticəsində qəlpə
yarası aldığını
söyləyib.
Zərərçəkmiş Ərəsdun Müftəliyev
Ermənistan ordusunun qalıqlarının və
qeyri-qanuni erməni silahlı dəstələrinin
açdığı atəş
nəticəsində xəsarətlər
aldığını deyib.
İfadə verən
Elçin Pıçaxov
Xocavənd istiqamətində
odlu silahdan açılmış atəş
nəticəsində yaralandığını,
müalicəsinin hələ
də davam etdiyini diqqətə çatdırıb.
Zərərçəkmiş Rəşad Əliyev ifadəsində Xocalı istiqamətində düşmən
tərəfindən açılan
snayper atəşi nəticəsində yaralandığını,
həmin vaxt Toğrul Osmanlının və Altay Əhədovun
da düşmən atəşi nəticəsində
xəsarət aldıqlarını
söyləyib.
Həmzə Mahmudov
Xocalıda olan zaman artilleriya mərmisinin yaxınlığına
düşərək partlaması
nəticəsində xəsarət
aldığını bildirib.
Digər zərərçəkmiş
Azad Məmmədov isə dövlət ittihamçısı Təranə
Məmmədovanın sualına
cavabında deyib ki, o, Şuşa rayonunun Xəlfəli kəndində minaatan mərmisinin partlaması nəticəsində yaralanıb.
Zərərçəkmiş şəxs Tural Əliyev Kəlbəcərdə
qumbaraatan mərmisinin
partlaması nəticəsində
yaralandığını deyib.
O, aldığı xəsarətlərə
görə 6 ay yataq xəstəsi olduğunu qeyd edib.
Zərərçəkmiş Zülfü Qasımov Ermənistan silahlı qüvvələrinin qalıqları
və qanunsuz erməni silahlı dəstələrinin genişmiqyaslı
təxribatı nəticəsində
Kəlbəcər istiqamətində
yaralandığını bildirib.
O, dövlət ittihamçısı
Vüsal Abdullayevin suallarına cavabında deyib ki, həmin
vaxt düşmənin
atdığı minaatan
mərmisinin partlaması
nəticəsində bir
nəfər həlak olub, bir neçə
nəfər isə yaralanıb.
Zərərçəkmiş Sənan Mehdiyev erməni hərbçilərinin
açdıqları atəş
nəticəsində xəsarət
aldığını deyib.
Nurlan Zeynalov Xocalıda düşmənin
atdığı atəş
nəticəsində sol
ayağından yaralandığını
söyləyib.
Şəmsi Nəbiyev
ifadəsində Xocavənddə
artilleriya atəşi
nəticəsində yaralandığını
vurğulayıb.
Digər zərərçəkmişlər
Rahid Cəfərov, Samir Novruzov, Asiman Məmmədrzayev, Ceyhun Batıyev, Məmmədtağı Rüstəmov,
Aydın Tanrıverdiyev,
Valeh Mirzəliyev ifadələrində Ermənistan
ordusunun qalıqları
və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı
atəşlər nəticəsində
xəsarət aldıqlarını
bildiriblər.
Zərərçəkmiş Rahid Cəfərov Baş prokurorun xüsusi tapşırıqlar
üzrə köməkçisi
Tuqay Rəhimlinin sualına cavabında qeyd edib ki,
o, Ağdərə rayonunun
Canyataq kəndi ərazisində snayper atəşi nəticəsində
xəsarət alıb.
Güloğlan Əmiraslanov
ifadəsində Xocavənd
rayonunda düşmən
tərəfindən atılmış
“Faqot” tankəleyhinə
idarəolunan raketin partlaması nəticəsində
yaralandığını söyləyib.
Zərərçəkmiş Kamran Həsənov ifadə verib ki, Ağdam rayonunun Əliağalı
kəndi ərazisində
Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin
atdığı minaatan
mərmisinin yaxınlığına
düşüb partlaması
nəticəsində yaralanıb.
Baş prokurorun böyük köməkçisi
Vüsal Əliyevin sualını cavablandıran
zaman o qeyd edib ki, hadisə
zamanı yanında olan Allahverdi Səfiyev və Elnur Kərimov həlak olublar.
Zərərçəkmiş İftixar Abdullayev ifadəsində Kəlbəcər
rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı
atəş nəticəsində
yaralandığını deyib.
Rahib Məmmədov
Kəlbəcərdə düşmənin
ağır artilleriyadan
açdığı atəş
nəticəsində xəsarətlər
aldığını söyləyib.
İfadə verən
digər zərərçəkmiş
şəxslər Rahil
Xəlilov, Tural Səmədov, Yamin Məmmədov, Elgün Musayev Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif
istiqamətlərdə açdığı
atəş nəticəsində
yaralandıqlarını söyləyiblər.
Məhkəmə prosesində,
həmçinin zərərçəkmiş
şəxslərin barələrində
keçirilmiş məhkəmə-tibbi
ekspertizasının rəyləri
elan edilib.
Məhkəmənin növbəti iclası iyulun 8-də təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Azərbaycan.-2025.- 2 iyul (№ 132).- S.9.