Şuşada 6-cı ECO biznes-forumu təşkil olunub
Şuşa şəhərində
İqtisadiyyat Nazirliyi,
İxracın və İnvestisiyaların Təşviqi
Agentliyi (AZPROMO), İqtisadi
Əməkdaşlıq Təşkilatının
(ECO) Katibliyi və ECO
Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı
ilə 6-cı ECO biznes-forumu
keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə ilk dəfə təşkil edilən “ECO Həftəsi”
çərçivəsində baş tutub. Forumda hökumət nümayəndələri, ECO-nun
və digər beynəlxalq qurumların təmsilçiləri, ECO-ya
üzv ölkələrin
ticarət və sənaye palatalarının
rəhbərləri iştirak
ediblər.
Forumda çıxış
edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın
ECO çərçivəsində davamlı iqtisadi əməkdaşlığa sadiqliyini,
təşkilatın məqsədlərinə
nail olmaqda ölkəmizin dəstəyini
vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın
üzv ölkələrlə
iqtisadi-ticarət əlaqələri
inkişaf edir. 2025-ci ilin ilk beş
ayında ECO ölkələri
ilə ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb ki, bu da
ötən ilin eyni dövrü ilə müqayisədə
10 faiz çoxdur.
Azərbaycanın regionda
strateji rolu, iqtisadi potensialı və regional inteqrasiya məqsədi ilə atılan addımlar haqqında məlumat verilib. Üzv ölkələrlə
investisiya, enerji keçidi, nəqliyyat-tranzit
və digər istiqamətlər üzrə
tərəfdaşlığın genişləndirilməsi üçün
imkanlar diqqətə çatdırılıb.
ECO-nun Baş katibi Əsəd Məcid Xan qurumun 2026-2035-ci illəri əhatə edən yeni inkişaf sənədində əksini
tapan məsələlərə
özəl sektorun baxışı, eləcə
də ərzaq, kənd təsərrüfatı,
tekstil, İKT, turizm, nəqliyyat, yaşıl və dairəvi iqtisadiyyat sahələrində
işbirliyinin gücləndirilməsi
potensialı barədə
danışıb.
ECO Ticarət və
Sənaye Palatasının
prezidenti Atif İkram Şeyx regional ticarətin inkişafı, investisiyaların
təşviqi ilə bağlı tətbiq edilən mexanizmlərin səmərəliliyinin artırılmasına
dair fikirlərini bölüşüb.
AZPROMO-nun icraçı
direktoru Yusif Abdullayev agentliyin təşkilatçılığı ilə ECO ölkələri
ilə həyata keçirilən ikitərəfli
forumlar, investisiya layihələri barədə
məlumat verərək
forumun dövlət-özəl
tərəfdaşlığını daha da intensivləşdirəcəyini
bildirib.
Tədbirdə Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə
Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti
Məmməd Musayev ölkəmizin ECO üzvü
olan dövlətlərlə
ortaq biznes perspektivləri barədə
məlumat veriblər.
Forumda ECO-ya üzv ölkələrin
ticarət və sənaye palatalarının
nümayəndələri transsərhəd
ticarət infrastrukturunun
genişləndirilməsi və
investisiyaların təşviqi
mexanizmlərinin təkmilləşdirilməsinin
əhəmiyyəti barədə
fikirlərini bildiriblər.
Regional dəyər zəncirlərinin
inkişafı, nəqliyyat-logistika
sistemlərinin rəqəmsallaşdırılması,
gömrük prosedurlarının
sadələşdirilməsi üçün vahid platformaların yaradılması
kimi məsələlərə
toxunulub. Qeyd edilib ki, özəl
sektorun regional strategiyaların formalaşdırılmasında
daha fəal iştirakı və dövlət-özəl tərəfdaşlığının
institusional əsaslarla
gücləndirilməsi önəm
kəsb edir.
Forum biznes-dövlət (B2G) və biznes-biznes (B2B) formatında görüşlərlə davam edib. Tədbir çərçivəsində sahibkarların Ağdam Sənaye Parkına səfəri təşkil olunub.
Azərbaycan.-2025.- 3 iyul (№ 133).- S.7.