Xankəndi
Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal
Kompleksinin təməlini
qoyub.
AZƏRTAC xəbər verir ki, rəqəmsal
inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov
dövlətimizin başçısına
görüləcək işlər
və “Ağdam-Xankəndi
dəmir yolu” layihəsi barədə məlumat verdilər.
Bildirildi ki, Bərdə-Ağdam dəmir
yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla
birlikdə 34,7 kilometrdir.
Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən
4 körpü, 5 yolötürücü,
3 piyada keçidi, 2 suötürücü boru
üzrə layihələndirmə
işləri tamamlanıb.
Bu dəmir yolu xətti boyunca 3 stansiyanın - Əsgəran və Xocalı stansiyalarının,
Xankəndi Dəmir Yolu və Avtovağzal
Kompleksinin, mühəndis
qurğularının, körpülərin,
yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı
keçidlərin və
digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025–2026-cı illəri
əhatə edəcək.
Diqqətə çatdırılıb
ki, artıq Xankəndi Dəmir Yolu və Avtovağzal
Kompleksinin layihələndirilməsinə
başlanılıb. Kompleksin
sahəsi 6,4 hektar təşkil edəcək.
Beşmərtəbəli kompleksin
ərazisində 2 dəmir
yolu platformasının
və 12 avtobus dayanacağının inşası
nəzərdə tutulub.
Kompleksin binası gözləmə zalı,
bilet kassaları, tibb məntəqəsi, ana və uşaq
otağı, mağazalar,
restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi,
açıq tipli terras və istirahət guşələrindən
ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər,
avtovağzal isə
1000-1200 nəfər sərnişinə
xidmət edəcək.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam–Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regiona dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənib.
Azərbaycan.-2025.- 4 iyul (¹ 134).- S.2.