Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələr bütün sahələrdə uğurla inkişaf edir

 

İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

 

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.

Pakistanın Baş naziri İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə təşkil edildiyini deyərək, Təşkilatın daha da güclənməsi istiqamətində Azərbaycanın səylərini yüksək qiymətləndirdi.

Məhəmməd Şahbaz Şərif ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini vurğuladı bu ilin mayında Laçın şəhərinə səfərini, Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşü məmnunluqla xatırladı. Baş nazir Qarabağda, o cümlədən Xankəndi şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini qeyd etdi. Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sərmayələr, enerji digər istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı.

Dövlətimizin başçısı dəvəti qəbul edib bu Zirvə görüşündə iştirakına görə Pakistanın Baş nazirinə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev öz növbəsində Pakistanın Baş nazirinin Laçına səfərini, üçtərəfli formatda aparılmış müzakirələri məmnunluqla xatırladı.

Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məmnunluqla qeyd olundu, regional məsələlərə dair fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2025.- 5 iyul (№ 135).- S.6.