Azərbaycanla ilə Birləşmiş Ərəb Əmirlikləri beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir

 

İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye qabaqcıl texnologiyalar nazirini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.

Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşünün işinə uğurlar arzuladı. Qonaq Qarabağda Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin, həmçinin bu ərazilərin təbiətinin onda böyük təəssürat hissi oyatdığını dedi.

Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin hər iki ölkənin liderlərinin baxışlarına uyğun olaraq məhz strateji müstəvidə inkişafından məmnunluq ifadə edildi.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi vurğulandı.

Söhbət zamanıMasdarşirkətinin Azərbaycanda fəaliyyəti, bərpaolunan enerji sahəsində əməkdaşlıq strateji fəaliyyət proqramları, bu istiqamətdə gələcək layihələrə dair fikir mübadiləsi aparıldı.

Görüşdə, həmçinin enerji, turizm, humanitar mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.

 

Azərbaycan.- 2025.- 5 iyul (№ 135).- S.6.