Akademik
Yusif Məmmədəliyevin
120 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2025-ci ilin dekabr
ayında görkəmli
alim və ictimai xadim, Azərbaycan Respublikası
Elmlər Akademiyasının
təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir
üzvü, SSRİ Dövlət
mükafatı laureatı,
Əməkdar elm xadimi, kimya elmləri
doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin
anadan olmasının
120 ili tamam olur.
Akademik Yusif Məmmədəliyev Azərbaycan
elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft kimyasının bünövrəsini
yaratmış alimin qiymətli sənaye məhsullarının alınması
üçün böyük
tətbiqi əhəmiyyətə
malik texnoloji proseslərin işlənib
hazırlanmasında müstəsna
xidmətləri vardır.
Neft-kimya elmində mühüm hadisəyə
çevrilən yüksək
oktanlı aviasiya yanacaqları istehsalının
yeni üsulunu kəşf etməsi Yusif Məmmədəliyevə
şöhrət qazandırmışdır.
Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili
onun adı ilə bağlıdır.
Geniş spektrli fundamental tədqiqat işlərini səmərəli
pedaqoji fəaliyyətlə
paralel surətdə davam etdirən Yusif Məmmədəliyevin
formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin
hüdudlarından çox-çox
uzaqlarda tanınmışdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və Azərbaycan elminin inkişafına verdiyi misilsiz töhfələrini nəzərə
alaraq, akademik Yusif Məmmədəliyevin
anadan olmasının
120 illiyinin keçirilməsini
təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Milli
Elmlər Akademiyası
Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi ilə birlikdə akademik Yusif Məmmədəliyevin 120 illiyinə
həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 iyul 2025-ci il
Azərbaycan.-2025.-
6 iyul (№ 136).- S.1.