Ukraynadan olan
daha 30 uşaq reabilitasiya xidmətləri
ilə təmin edilmək üçün
Azərbaycana gətirilib
Ukraynadakı müharibədən
əziyyət çəkmiş
uşaqların ölkəmizə
gətirilərək reabilitasiya
xidmətlərinə cəlb
olunması işləri
davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı
ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə
gətirilib.
SXA-nın İdarə
Heyəti sədrinin müavini Zaur İbrahimov jurnalistlərə
müsahibəsində bildirib
ki, Bakı şəhərində yerləşən
düşərgədə uşaqlar üçün
milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi
konsultasiyalar təşkil
ediləcək. Həmçinin
onlar İçərişəhər,
Qız qalası və Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar,
Atəşgah məbədi,
Yanardağ abidəsi ilə tanış olmaq və burada
maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.
Diqqətə çatdırılıb
ki, növbəti günlərdə onların
Bakı və bölgələrimizdə bir
sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri,
eyni zamanda, psixososial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb
olunması nəzərdə
tutulur. Düşərgə
iştirakçıları Qəbələ və Şəki şəhərlərinin
tarixi və görməli yerləri ilə də tanış ola biləcəklər.
Zaur İbrahimovun
sözlərinə görə,
ongünlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə,
eləcə də cəmiyyətə inteqrasiyalarının
təmin edilməsinə
dəstək göstəriləcək.
Ukraynanın Azərbaycandakı
səfirinin birinci katibi Andrey Onişenko
ukraynalı uşaqların
reabilitasiyasına yaradılan
şəraitə görə
Azərbaycana minnətdarlığını
bildirib.
Ölkəmizin mədəniyyəti,
memarlıq abidələri,
tarixi yerləri haqqında məlumatlı
olduqlarını deyən
ukraynalı uşaqlar
isə gəzməli-görməli
yerlərlə tanışlığı
səbirsizliklə gözlədiklərini
deyiblər.
Qeyd edək ki, ötən dövrdə ümumilikdə 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
Azərbaycan.-2025.- 11 iyul (№ 140).- S.6.