Özünə sözünə sadiq

 

Qəzet üçün yazı yazmaq, sadəcə, hansısa xəbəri, məlumatı oxucuya ötürmək deyil, həm cəmiyyətin gündəmindəki vacib məsələlərə işıq tutmaqdır. Bu, informasiya toplayan, onu araşdıran ictimaiyyətə təqdim edən jurnalistin ana işidir.

Bir var qəzetin katibliyi. Əgər qəzetin yaradıcı işçiləri yazıların məzmununa, operativliyinə, faktların doğru-düzgünlüyünə cavabdehdirlərsə, katibliyin əməkdaşları həmin yazıların məzmunlarına görə necə hansı səhifədə verilməsinə, təqdimat formasına, eləcə rəsmi materialların seçilib səhifələrdə yerləşdirilməsinə məsuliyyət daşıyırlar.

Daşdəmir Əjdəroğlu (Tağıyev) məhz qəzetimizin belə məsul əməkdaşlarındandır.  O yaxşı dərk edir ki, katiblikdə çalışmaq məsuliyyət deməkdir, o da ola məsul katibin müavini. Bu zaman həmin məsuliyyət birə beş artır. Çünki işin gedişatından dolayı müavinin "ağrı-acısı" daha çox olur, prosesində məsuliyyəti ikiqat artır. O, həm öz üzərinə düşən vəzifələri icra etməli, həm katibliyin işinin fasiləsiz səmərəli təşkilində məsul  katibin sağ əli olmalıdır.

Daşdəmir Əjdəroğlu deyir ki, o bu işi görməklə həm müxbir kimi hadisələrin araşdırılmasını oxucuya dolğun məlumat çatdırılmasını təmin edir. Bu ikiqat vəzifə onun boynuna əlavə məsuliyyət qoysa da, biz onun peşəkar jurnalist olduğundan həmin işin öhdəsindən gələ biləcəyinə heç vaxt şübhə etməmişik. "Azərbaycan"  qəzetində uzun illər çalışması, bundan öncə bir çox qəzetlərdə müxbir işləməsi, ən əsası, qəzetimizdə topladığı təcrübə bu prosesdə öz işini görür. Çünki o, peşəsi ilə şəxsiyyətini birləşdirməyi bacaran jurnalistdir. Tanıyanlar bilirlər ki, jurnalistika onun üçün təkcə peşə deyil, həm həqiqəti tapmaq, qorumaq cəmiyyətə çatdırmaq missiyasında "Azərbaycan"çıların sırasında ləyaqətlə dayanmaqdır.

Bəlkə bu günə kimi saysız məqalələrə imza qoyması məhz bu sadalananların sayəsində baş verib. Bir sıra qəzetlərin çapına dəstək verən, onların fəaliyyət göstərməsi üçün əlindən gələni əsirgəməyən, 3 kitabın müəllifi olan Daşdəmir həm xeyli sayda kitabın işıq üzü görməsində redaktor kimi yaxından iştirak edib peşəkar fəaliyyətinə görə bir sıra media mükafatlarına layiq görülüb.

Bunlar onun "ömür kitabı"nın sətirləri arasında iz salmış zəhmətinin, düşüncəsinin peşəkarlığının nümunələridir. Bu "kitab"ı vərəqlədikcə Daşdəmir Əjdəroğlunun zəhmətsevərliyini, xeyirxahlığını aydın görmək olur. "Azərbaycan" qəzetinin hər sayının məsuliyyətini öz üzərində hiss edərək materialların təqdimatına diqqətlə yanaşdığı kimi, oturuşunda, duruşunda, davranışında da səliqəli, ədəb-ərkanlı ağayanadır. Qəzet səhifələrinin düzgün tərtibində necə dəqiq ardıcıl olmağa çalışırsa, insanlarla münasibətində səmimiliyi, mehribanlığı, böyük-kiçikliyi qoruyur. Onunla ünsiyyət qurmaq asan, birgə çalışmaq maraqlıdır. Sadə təvazökar, bəzən sadəlövh təsiri bağışlayır. Özünü başqalarından üstün tutmaq kimi bir  xasiyyəti yoxdur. Elə bu insani keyfiyyətləri onu həm peşəkar mühitdə, həm şəxsi münasibətlərdə sevilən dəyər verilən həmkara, dosta  çevirib.

Bu gün 60 illik ömrünün 18 ilini qəzetimizə həsr edən Daşdəmir Tağıyev digər həmkarları kimi bir jurnalist ömrü yaşayır. Onu yaxından tanıyanlar, əzizləri, doğmaları, lap elə biz - yoldaşları, hamımız bilirik ki, o, bu ömürdən yorulmayıb, bezməyib. Çünki  özünün dönə-dönə etiraf etdiyi kimi, illər öncə seçdiyi sevimli peşəsi ilə məşğuldur.

 

Azərbaycan.-2025.- 12 iyul (№ 141).- S.12.