Ermənistanda siyasi gərginlik davam edir

 

Son bir ay ərzində Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində müxtəlif səviyyələrdə görüşlər keçirilir. Bu danışıqlar, aparılan müzakirələr tərəfləri sülh sazişinə nail olmağa bir qədər yaxınlaşdırır.

Əbu-Dabidəki danışıqlar prosesinə nəzər yetirsək görərik ki, hər iki tərəf bəzi məsələlərin həllində razılığa gəliblər. Ancaq yaxın keçmişdə baş tutan görüşlərdən sonra əgər Ermənistanın rəhbərliyi bütün reallıqları etiraf edirsə çıxış yolunu Azərbaycanla münasibətlərin normallaşmasında görürsə, onda niyə sülh müqaviləsinin imzalanması uzanır?  Belə çıxır ki, bir tərəfdən sülh müqaviləsinin imzalanmasını qurtuluş yolu hesab edən Ermənistan rəhbərliyi, deməli, revanşist qüvvələrə, yəni öz ordusunun tör-töküntüsünə rəhbərlik edə bilmir. Digər tərəfdən, baş nazir orduda 5-ci kolonun olduğunu iddia edir.

Bu isə o deməkdir ki, sülh müqaviləsi bağlanmayana delimitasiya, demarkasiya prosesi getməyənə qədər Ermənistanda təxribatlar davam edəcək. Deməli, qarşı tərəf Azərbaycanla sülh danışıqlarına getməsə, məsələ daha da gərginləşəcək.

Hər iki ölkə liderlərinin görüşü məğlub Ermənistanda birmənalı qarşılanmır. "Hayastan" fraksiyasının deputatı Kristine Vardanyan deyib ki, bu, təkcə müxalifətin təqibi deyil, daha böyük bir işin bir hissəsidir: "Hakimiyyətin, xüsusən baş nazir Paşinyanın başlatdığı siyasi təqiblər Paşinyanın İlham Əliyev Ərdoğana Ermənistandakı vəziyyətə tam nəzarət etdiyini sübut etmək məqsədi daşıyır. Qonşu ölkələrin liderləri ilə, xüsusən Zəngəzur dəhlizi ilə bağlı razılaşmaları həyata keçirmək üçün Paşinyan dissidentlərdən qurtulmalıdır. Bunun başqa izahı yoxdur. Mən ictimaiyyətimizin narahatlığını başa düşürəm".

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan öz məqaləsində yazıb ki, yaranmış vəziyyətdə Paşinyana qarşı səsini ucaldan istənilən qüvvə ya fiqur "rusiyapərəst" damğası vurularaq, geosiyasi kürsüyə qoyulacaq: "Ermənistanda onsuz da natamam olan demokratiya artıq ölüb, qarşıdan gələn parlament seçkiləri isə çətin olacaq, çünki Nikol rəqiblərini meydandan təmizləməyə davam edəcək, əsas oyunda "əllə qollar vuracaq", oyunun hakimləri isə açıq şəkildə onun rəqiblərinə qarşı qərəzli qərarlar verəcəklər".

Ermənistanın "168.am" nəşri yazıb ki, Nikol Paşinyan hakimiyyətinin "görünməmiş" nailiyyətlərindən, yerlərinin yaradılmasından, yüksək maaş artımından danışarkən, insanları manipulyasiya edərək, onları indi əvvəlkindən qat-qat yaxşı yaşadıqlarına inandırmağa çalışarkən real həyatda tamam başqa şeylər baş verir. Nəşr qeyd edib ki, real həyatda Ermənistanda sosial vəziyyət getdikcə gərginləşir, işgüzar dairələr sürətlə daralır: "Rəsmi məlumata görə, bu ilin ilk 4 ayında Ermənistanda 4201 şirkət bağlanıb. Bu, doğrudan da, misli görünməmiş bir hadisədir, hakimiyyətin açıqladığı görünməmiş "nailiyyətlər" fonunda bunun şahidi oluruq. Təbii olaraq Nikol Paşinyan vətəndaşların başını belə xırda şeylərlə doldurmur, lakin bu o demək deyil ki, bunlar yoxdur. Rəsmi statistikaya görə, ötən ilin sonunda Ermənistanda 70 560 şirkət fəaliyyət göstərdiyi halda, bu ilin aprelində 66 359 şirkət qalıb. Dörd ay ərzində fəaliyyət göstərən şirkətlərin demək olar ki, 6 faizi bağlanıb. Elə bir ay olmayıb ki, bir neçə yüz şirkət fəaliyyətini dayandırmasın. Yanvarda Ermənistanda 1289 şirkət bağlanıb. Fevralda daha çox - 1717 şirkət bağlanıb. Daha 599 şirkət martda, 596 şirkət isə apreldə fəaliyyətini dayandırıb. Beləliklə, 4 ayda 4201 şirkət bağlanıb. Hətta ötən ilin aprelində Ermənistanda bu ildən daha çox şirkət fəaliyyət göstərirdi".

Belə ağır vəziyyətdən Ermənistanın yalnız bir çıxış yolu var ki, o da sülh müqaviləsinin imzalanmasından keçir. Belə halda iqtisadi-sosial problemlərini çözə bilər.  

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2025.- 15 iyul (№ 143).- S.9.