Azərbaycanın
xarici işlər naziri Gürcüstan Parlamentinin sədri ilə görüşüb
İyulun 22-də Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
Gürcüstana rəsmi
səfəri çərçivəsində
Gürcüstan Parlamentinin
sədri Şalva Papuaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
Azərbaycan və Gürcüstan arasında
dostluq və strateji tərəfdaşlıq
münasibətlərinin mövcud
vəziyyəti və
inkişaf perspektivləri
ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iki
ölkə arasında
qarşılıqlı hörmət
və etimada əsaslanan əlaqələrin
bütün sahələrdə,
o cümlədən parlamentlərarası
xətt üzrə inkişaf etməsindən
məmnun olduqlarını
vurğulayıblar.
Strateji tərəfdaşlığın
əsas dayaqlarından
biri kimi parlament diplomatiyasının,
parlament sədrlərinin
və nümayəndələrinin
qarşılıqlı səfərlərinin,
həmçinin parlament
dostluq qrupları arasında sıx əməkdaşlığın vacibliyi qeyd olunub.
Azərbaycan ilə
Gürcüstan arasında
siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, kommunikasiya və humanitar sahələrdə uğurla
davam etdirilən əməkdaşlığın təqdirəlayiq olduğu
bildirilib. Xüsusilə,
Orta Dəhliz üzrə reallaşdırılan
birgə təşəbbüslərin
və gələcək
layihələrin regionun
iqtisadi inkişafına
və strateji əhəmiyyətinə verdiyi
töhfə diqqətə
çatdırılıb.
İki ölkə
arasında ikitərəfli
və çoxtərəfli
əməkdaşlıq mexanizmlərinin
regionda sabitliyin və qarşılıqlı
faydalı inteqrasiyanın
möhkəmləndirilməsindəki rolu vurğulanıb.
Görüş zamanı
nazir Ceyhun Bayramov regionda mövcud vəziyyət, xüsusilə postmünaqişə
dövründə Azərbaycanın
qarşılaşdığı çağırışlar və
atdığı addımlar
barədə məlumat
verib. Bu xüsusda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı
bərpa və yenidənqurma işləri,
eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin cari vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.
Azərbaycan.-2025.- 23 iyul (№ 150).- S.3.