Bakı
növbəti dəfə
beynəlxalq tədbirə
evsahibliyi edir
Martın 13-dən paytaxtımız
XII Qlobal Bakı Forumuna evsahibliyi edir. Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə keçirilən forum martın 15-dək davam edəcək. Budəfəki forumun mövzusu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların
fürsətə çevrilməsi"dir.
Qeyd edək ki, Qlobal Bakı
Forumu aktual məsələlərin, dünyada
baş verən mühüm hadisələrin
və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır.
Xüsusilə qeyd edilməlidir ki, bu müzakirələrə
onlarca ölkədən
görkəmli dövlət
xadimləri, tanınmış
siyasətçilər, diplomatlar
qoşularaq diskussiya və dialoq aparırlar ki, bu da forumun
nüfuzunu və çəkisini daha da artırır. Bu mənada forum keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə
etməyə, onların
həlli yollarını
tapmaq yolunda səyləri birləşdirməyə
şərait yaradır.
Forumun dövlətlərarası
əməkdaşlığa, siyasi münasibətlərə
konstruktiv töhfə
verdiyi, qarşılıqlı
siyasi anlaşma üçün əlverişli
imkan yaratdığı
şübhəsizdir.
Xatırladaq ki,
Birinci Qlobal Bakı Forumu 2013-cü ildə təşkil olunub. Prezident İlham Əliyevin himayəsi altında keçirilən Qlobal Bakı Forumuna ildən-ilə dünyada olan maraq daha
da yüksəlib. İndiyədək keçirilmiş
forumların hər birinin mövzularını
nəzərdən keçirdikcə
bir daha aydın olur ki, Bakıda siyasi liderlərin, politoloqların, nüfuzlu
dövlət xadimlərinin
iştirakı ilə
dünyanı narahat edən ən aktual məsələlər
müzakirə olunub. Habelə bu forumlarda iştirak edənlərin statistik göstəriciləri təsdiq
edir ki, ildən-ilə müzakirələrdə
iştirak edənlərin
sırası genişlənib.
Bu da foruma
dünyada artan marağın bariz göstəricisidir.
Bu tədbirin məhz Bakıda keçirilməsi Azərbaycana
dünya miqyasında verilən böyük önəmin bariz nümunəsidir. Coğrafi
baxımdan Şərq
ilə Qərbin kəsişməsində yerləşən
Azərbaycanın belə
bir mötəbər tədbirə evsahibliyi etməsi ölkəmizin dünyada dialoqun qurulmasında mühüm
rol oynadığını
göstərir. O cümlədən
xalqımızın qədim
tarixi, zəngin mədəniyyəti, tolerantlığı
barədə vaxtilə
yetərincə məlumatı
olmayan dünya Azərbaycanı ildən-ilə
daha yaxından tanıyır və onun artan gücünün,
beynəlxalq nüfuzunun
şahidinə çevrilir.
XII Qlobal Bakı Forumu da maraqlı mövzuya həsr olunub. "Builki forum xüsusilə əhəmiyyətli
olacaq, çünki dünya genişmiqyaslı
dəyişikliklərlə üzləşib". Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri İsmail Serageldin Bakı Qlobal Forumunun İdarə Heyətinin mətbuat konfransında deyib. Onun sözlərinə görə, XII Qlobal Bakı Forumu dünyanın aparıcı
liderlərini, beynəlxalq
təşkilatların nümayəndələrini
və alimlərini açıq, məzmunlu diskussiyalar üçün
bir araya gətirən mühüm
hadisə olacaq.
Qeyd edək
ki, XII Qlobal Bakı Forumunda 400-ə yaxın iştirakçı, o cümlədən
ən azı 50 fəaliyyətdə olan və sabiq prezident,
Baş nazir, həmçinin
BMT strukturlarının rəhbərləri,
alimlər və ekspertlər iştirak edirlər.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2025.-14 mart (№56).- S.7.