Azərbaycan və Estoniya parlamentləri arasında əməkdaşlıq yüksələn
xətlə inkişaf
edir
Martın 13-də Milli
Məclisdə Estoniya
ilə parlamentlərarası
əlaqələr üzrə
İşçi qrupu
üzvlərinin ölkəmizdə
səfərdə olan
Estoniya Respublikası parlamentinin (Riiqikoqu) Estoniya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun sədri Riina Solmanın başçılıq
etdiyi nümayəndə
heyəti ilə görüşü keçirilib.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsinin məlumatına
görə, Milli Məclisin Estoniya ilə parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun rəhbəri Afət Həsənova qonaqları
salamlayaraq, belə görüşlərin əlaqələrin
möhkəmlənməsinə xidmət etdiyini söyləyib. O, Azərbaycanla
Estoniyanın bir-birinin
müstəqilliyini tanıyan
ilk dövlətlər
olduğunu qeyd edib. Ölkələrimiz arasında diplomatik, iqtisadi, mədəni sahələrdə əlaqələrin
uğurlu inkişafından
bəhs edib.
Millət vəkili
son illər ərzində parlamentlər
arasında əməkdaşlığın
yüksələn xətlə
inkişaf etdiyini bildirib. Hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfərlərinin,
keçirdikləri görüşlərin
münasibətlərin güclənməsində
önəmli rolunu vurğulayıb. O, Estoniya-Azərbaycan
parlamentlərarası dostluq
qrupunun Xocalı soyqırımının ildönümü
ilə bağlı verdiyi bəyanatın yüksək dəyərləndirildiyini
qeyd edib. Parlamentlərarası əlaqələrin
dövlətlərimiz arasında
münasibətlərin inkişafına
töhfə verdiyini bildirib.
Estoniya parlamentinin
Azərbaycanla parlamentlərarası
İşçi qrupunun
sədri Riina Solman dövlətlərimiz
arasında möhkəm
dostluq əlaqələrinin
olduğunu deyib. O, ölkəsinin Azərbaycanın
ərazi bütövlüyünü
dəstəklədiyini söyləyib.
Qonaq təmsil etdiyi dostluq qrupunda hər il Xocalı soyqırımı ilə
bağlı sənəd
qəbul edildiyini diqqətə çatdıraraq,
Xocalıda dinc əhaliyə qarşı
törədilmiş cinayəti
pislədiklərini bildirib.
O, parlamentlərarası əməkdaşlığın
genişləndirilməsində dostluq qruplarının xüsusi rolundan danışıb.
Görüşdə Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr
üzrə İşçi
qrupunun üzvləri Nizami Səfərov, Anatoliy Rafailov, Erkin Qədirli, Estoniya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü Maria Jufereva-Skuratovski qarşılıqlı əlaqələrin
inkişafı ilə
bağlı fikirlərini
bölüşüblər.
Söhbət zamanı
qonaqlara ərazilərimizin
Ermənistan tərəfindən
30 illik işğalı
nəticəsində ölkəmizə vurulmuş
maddi və mənəvi ziyan barədə məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində
qazanılmış Qələbədən
sonra hazırda sülh müqaviləsinin
bağlanması gündəmdədir
və qarşı tərəfin törətdiyi
maneələrə baxmayaraq,
dövlətimiz bu istiqamətdə öz səylərini əsirgəmir.
Bununla yanaşı, Azərbaycanda müxtəlif
xalqların nümayəndələrinin
dinc və qarşılıqlı anlaşma
şəraitində yaşadığı,
ölkəmizin multikulturalizm
ənənələrinə sadiq olduğu söylənilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2025.-14 mart (№56).- S.9.