BMU-da mühəndislik problemlərinin
həllində idarəetməyə
dair beynəlxalq konfrans keçirilir
Martın 13-də Bakı
Mühəndislik Universitetində
(BMU) “Mühəndislik problemlərinin
həllində menecment
və idarəetmə”
(MaCoSEP- 2025) mövzusunda
beynəlxalq konfrans işə başlayıb.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat
verilib. Bildirilib ki, konfrans BMU, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri
İnstitutu ilə yanaşı, ABŞ-ın
Elektrotexnika və Elektronika Mühəndisləri
İnstitutu (IEEE), Türkiyənin
Ege, Macarıstanın
Debrecen universitetləri, Ukraynanın
Kibernetika İnstitutunun
təşkilatçılığı ilə keçirilir.
Konfransda əvvəlcə
şəhidlərimizin xatirəsi
bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Tədbiri açan
BMU-nun rektoru Yaqub Piriyev Türkiyə,
Ukrayna, Qazaxıstan, Azərbaycan, Macarıstan,
Polşa, Gürcüstan
və digər ölkələrdən nüfuzlu
alimlərin qatıldığı
tədbirin təkcə
mühəndislik sahəsində
qazanılan nailiyyətlərin
paylaşılması deyil,
həm də ölkələrarası əlaqələrin
möhkəmləndirilməsində mühüm bir platforma, gələcək
əməkdaşlıqlar üçün
körpü olduğunu
bildirib. Azərbaycan təhsili və elminin əsas vəzifələrindən danışan
rektor qloballaşan dünyanın müasir çağırışları, ölkədə yüksək
biliyə malik cəmiyyətin qurulması
zərurətinin Azərbaycan
elmi qarşısında
yeni tələblər
qoyduğunu deyib və Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı dövlət
proqramlarını diqqətə
çatdırıb.
Rektor elmi-tədqiqat
müəssisələri, universitetlər,
beynəlxalq təşkilatlar,
dövlət və özəl sektorlardan olan nümayəndələrin
bir araya gəldiyi konfransa yerli, eləcə də 17 xarici ölkə alimləri tərəfindən ümumilikdə
321 məqalənin təqdim
olunduğunu və onlardan 180-nin qəbul edildiyini söyləyib. Eyni zamanda, qida
sənayesinin problemlərindən
tutmuş süni intellektin və mühəndisliyin ən geniş problemlərinə
dair ətraflı müzakirələrin konfransın
işinə böyük
töhfələr verəcəyini
vurğulayıb.
Sonra çıxış
edən İdarəetmə
Sistemləri İnstitutunun
baş direktoru akademik Əli Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Əminağa Sadıqov konfransın mühəndisliyin
aparıcı sahələrinin
problemlərinin araşdırılması
baxımından önəmini
diqqətə çatdırıb,
elmi məruzələrin
gələcək tədqiqatlar
üçün baza rolunu oynayacağını
qeyd ediblər.
Plenar sessiyada Səudiyyə Ərəbistanı
KAPSARC tədqiqat mərkəzinin
professoru Fateh Belaid, Avstriya İohann Kepler Universitetinin professoru İohann Reixl məruzələrlə çıxış
ediblər.
Konfransın ikinci
günündə Estoniyanın
Tartu Universitetinin professoru Sedat Akleylek, İtaliyanın Palermo Universitetinin professoru Calogero Vetro və Hindistanın
Rajagiri Texnologiya Məktəbinin professoru Sanni Josef Kalayathankalanın
məruzələri dinləniləcək.
Martın 15-də başa çatacaq konfransın materialları “Scopus” və “Web of Science”ə daxil olan ABŞ Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun bazasında indeksləşəcək.
Azərbaycan.-2025.-14 mart (¹56).- S.9.