Bu il mart Boz aya bənzəmir

 

Belə bir vaxtda tərtərli əkinçini harada axtarsan, çöldə taparsan

 

44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə 24 saatdan az davam edən antiterror tədbirlərindən sonra Tərtər rayonunun da tarixində yeni dövr başladı. İllərdir düşmənlə üz-üzə dayanan, nankor qonşuların hər cür əməllərinə mərdliklə sinə gərən tərtərlilər nəhayət ki, rahat nəfəs aldılar.

Əlbəttə, bu rahatlıqla bərabər, qəlblərdə şəhid yarası, ömrünün bahar çağında gözünün nurunu, sağlamlığını itirən oğulların dərdi var idi. Amma bu dərd Tərtər camaatını əymədi, əksinə, onları Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşdirdi, ölkəmizin, dövlətimizin xoş gələcəyi naminə səfərbər etdi. Nəticələr göz qabağındadır. Prezident İlham Əliyevin tapşırıq tövsiyələri ilə ilk növbədə müharibənin rayonun infrastrukturuna, yaşayış evlərinə vurduğu ziyanlar aradan qaldırıldı.

Ötən il bu istiqamətdə Tərtər şəhərində tikinti abadlıq-quruculuq işləri davam etmişdir. Bu gün şəhərin küçələri müasir memarlığın tələblərinə uyğun yenidən qurulur. Bir sıra işlər, o cümlədən Tərtər Peşə Məktəbinin əsaslı təmiri, bir sıra küçələrin abadlaşdırılması yekunlaşmış, yeni yaşıllıq zolaqları salınmış, işıq, qaz, telekommunikasiya xətləri təmir edilmiş, ehtiyac olan ərazilərdə  divarlar aqlay bəzək daşları ilə üzlənmişdir. Bunlardan əlavə, respublika yerli əhəmiyyətli avtomobil yollarında cari təmir işləri görülmüşdür.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən tədbirlərdə hər bir tərtərli böyük həvəslə iştirak etmişdir. Bu çərçivədə rayon üzrə iməciliklərlə yanaşı, maarifləndirmə işləri önə çəkilmiş, xüsusən məktəblilərdə ekologiyanın qorunmasına maraq oyatmaq üçün tədbirlər həyata keçirilmişdir. Konkret faktlara gəldikdə "Yaşıl dünya naminə həmrəylik ili"ndə ekoloji tarazlığın qorunması məqsədi ilə Bərdə-Ağdam magistral yolunun kənarlarına 11,2 min, Tərtər-Goranboy, Tərtər-Bərdə yolları istiqamətində yol kənarlarına rayonun digər yaşayış məntəqələrinə 21 min olmaqla ümumilikdə 32 min ağac gül kolu əkilmişdir. Onu da qeyd edək ki, Tərtər təbiətinə, iqliminə görə həmişə seçilən rayonlardan olub. Bu yaşıllığı, səliqə-sahmanı qorumaq üçün rayonda keçirilən tədbirlər kampaniya xarakteri daşımır, davamlıdır hər kəs yaşadığı kəndin, küçənin, həyətin özünəməxsusluğunu qorumaq üçün ümumi işə töhfə verir.

Rayonda görülən abadlıq, tikinti-quruculuq işləri ilə yanaşı, iqtisadiyyatın, o sıradan  aqrar sektorun inkişafı da diqqətdə saxlanılır. Konkret rəqəmlərə keçək: 2024-cü il ərzində rayon üzrə istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 112,3 milyon manatdan çox olmuşdur ki, onun da 61,1 milyon manatlığı bitkiçilik, 51,2 milyon manatlığı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. Ötən il kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 23136,2 hektar olmuşdur. Onun 7978 hektarını (34,5 faizini) dənli dənli paxlalı, 4611,7 hektarını (20 faizini) texniki bitkilər, 1466 hektarını (6,3 faizini) kartof, bostan tərəvəz, 9080,5 hektarını (39,2 faizini) yem bitkiləri təşkil etmişdir. 2024-cü ildə sahələrdən qarğıdalı da nəzərə alınmaqla ilkin çəkidə 24752,9 ton dənli dənli paxlalı bitkilər  toplanmışdır. Həmin dövr ərzində 7797 hektar taxıl sahəsindən 23676 ton məhsul biçilmiş, orta məhsuldarlıq 30,4 sentner olmuşdur. 3712 hektardan 11628,7 ton buğda, 4085 hektardan 12047,3 ton arpa götürülmüşdür ki, bu da buğda üzrə 31,3, arpa üzrə 29,5 sentner məhsuldarlıq deməkdir. Məhsuldarlığa görə buğda üzrə ən yüksək nəticə Mamırlı (49 sentner), Borsunlu (43 sentner), Seydimli (40 sentner), arpa üzrə Mamırlı (50 sentner), Borsunlu (41 sentner), Sarov (40 sentner) kəndlərində olmuşdur.

Pambıqçılıq Tərtərdə kənd təsərüfatının ənənəvi sahələrindən sayılır. Hələ sovet dönəmində tərtərlilər bu sahədə zəngin təcrübə toplamışlar. Yaşlı insanlar Ulu Öndər Heydər Əliyevin pambıqçılarla görüşlərini, onlara verdiyi tövsiyələri bu gün minnətdarlıq hissi ilə xatırlayırlar. Ötən mövsüm rayon üzrə 2306,5 hektarda pambıq əkilmişdir ki, bu da 2023-cü ilə nisbətən 2,9 faiz çox idi. Tarlalardan 6696,8 ton pambıq toplanmış, orta məhsuldarlıq inişilki göstəriciyə nisbətən 4,6 faiz artaraq 29,5 sentnerə çatmışdır. Pambıqçılıqla yanaşı, rayonda çuğundur, günəbaxan, tərəvəz, meyvə istehsalı da yeni texnologiyaların tətbiqi hesabına artır.

Son illər Tərtərdə tingçilik sürətlə inkişaf edir. 2024-cü ildə rayonun təsərrüfatlarında 2468 min meyvə 844 min dekorativ bitki tingləri yetişdirilmişdir. Paralel olaraq baramaçılıq sahəsində irəliləyiş var. Keçən il kümçülər 370 qutu baramaqurdu saxlamış 9271 kiloqram barama tədarük etmişlər. Hər qutudan orta hesabla 39,4 kiloqram barama istehsal olunmuşdur ki, bu da 2023-cü ildəkindən 8,6 kiloqram ya 27,9 faiz çoxdur.

Müstəqilliyimizin ilk illərində baramaçılıq unudulmuşdu. Amma son illər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər insanlarda bu xeyirli vacib sahəyə marağı artırmışdır. İlk növbədə kəndlərdə ipəkçiliyin yem bazası yaradılmışdır ki, bu da kənd əməkçilərinə az müddət ərzində yüksək gəlir əldə etməyə kömək edir. Söz düşmüşkən qeyd edək ki, ötən il baramaçılara 54,3 min manat subsidiya verilmişdir.

Ölkəmizdə ət məhsullarına artan tələbat təsərrüfatlarda mal-qara qoyun-keçilərin baş sayının artırılması üçün yeni üsullar axtarılmasını tələb edir. Tərtər rayonunda bu məqsədlə süni mayalanmaya diqqət artırılmışdır. 2024-cü il ərzində rayonda süni mayalanma yolu ilə 1161 baş buzov doğulmuşdur. Bu cür üsulla doğulmuş 1311 baş buzova görə 131,1 min manat subsidiya verilmişdir. Həmçinin baytarlıq xidmətinin daha yüksək, müasir səviyyəyə qaldırılması üçün tədbirlər görülmüşdür.

Bol kənd təsərrüfatı məhsulları istehsalında suvarmanın düzgün təşkili həmişə vacib məsələlərdən olub. Bu sahədə tərtərlilər uzun müddət ciddi çətinliklərlə üzləşmişlər. Sərsəng Suqovuşan su anbarları işğaldan azad edildikdən sonra isə əkinçilərin üzü gülür. Prezident İlham Əliyevin sərəncamları ilə yeni subartezian quyularının vurulması, mövcud quyuların təmir edilərək istismara verilməsi fermerlərin su sarıdan  problemlərini həll edib.

Tərtər Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin müdiri Murad Zeynalov deyir ki, rayonda mövcud olan 599 subartezian quyusundan 37-si içməli, 562-si kommunal, məişət suvarma məqsədi ilə istismar olunur: "591 subartezian quyusu saz işlək vəziyyətdədir. Qalan 8 quyu təmir olunur. Keçən il 274 subartezian quyusunun nasosları əsaslı təmir olunmuş, 27 subartezian quyusunun yararsız nasosları yenisi ilə əvəz edilmişdir. Ötən il həmçinin kəndlərdə 8 yeni subartezian quyusu qazılmışdır. Yaxın günlərdə onların istismara verilməsi nəzərdə tutulur". Fermerlər suvarma işçilərinin onların problemlərinə operativ həssas yanaşdıqlarını deyirlər.

Bu bahar günlərində tərtərliləri harada axtarsan, sahələrdə taparsan. Həmişə Boz ay kimi gördüyümüz mart da bu il sanki həmin ay deyil, özünün istisi ilə kəndlini çölə çağırır. Belə bir vaxtda Tərtər əkinçisi evdə otura bilərmi?!

 

Lazım QULİYEV,

Azərbaycan.-2025.-14 mart (№56).- S.14.