Elimizə bahar gəlir...
Yurdumuza bahar gəlir... Gəlişi ilə təbiətə gözəllik, insanlara xoş əhvali- ruhiyyə, sevinc, sevgi, xoşbəxtlik gətirir... Bahar fəsillərin şahı,
onun gəlişini müjdələyən Novruz
bayramı isə tacıdır. İlıq
nəfəsi ilə ana torpağı oyadan Novruzun gəlişi ilə eldə, obada toy-büsat qurulur.
Novruz - yeni gün, yeni arzu, yeni istək
deməkdir. Əsrlərin
sınağından çıxmış
mənəvi dəyərlərimizi,
adət-ənənələrimizi özündə yaşadan
bu bayram insanlar arasında birliyin və mehribanlığın, barışın
rəmzi kimi qəbul edilir. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu,
torpağa, insana məhəbbət bayramıdır.
Yurdumuzda hər
il bu bayrama
40 gün qalmış
hazırlıq işlərinə
başlanır. Hər
il xalqımız Novruzun Su, Od,
Yel və Torpaq çərşənbələrini
tonqal ətrafında bayram əhvali-ruhiyyəsi
ilə qeyd edir. Bayram ərəfəsində
Azərbaycanın hansı
guşəsinə ayaq
bassan, orada yüksək ovqatla qarşılanarsan. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.
Novruz həm də bərabərlikdir. Yalnız insanların yox, həm də
təbiətin bərabərliyi...
Günəş dünyanın
cənub yarımkürəsindən
şimal yarımkürəsinə
keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir.
Bu vaxt qış
qurtarır, yaz başlayır. İnsanlar
yazın gəlişini,
baharın ilk gününü, təbiətin
canlanmasını, torpağın
oyanmasını bayram
edirlər... Novruz bolluq, xeyirxahlıq, gözəllik bayramıdır.
Bu bayramda Novruz süfrəsi,
Novruz xonçası qurulur. Bu süfrəni
hazırlamağa İlaxır
çərşənbədən başlanılır. Süfrəyə
düzmək üçün
müxtəlif şirniyyatlar
bişirilir. Bunlara şəkərbura, paxlava,
şəkərçörəyi və sair aiddir.
Novruz gecəsi
insanlar ürəklərində
yeni arzu, yeni dilək tutarlar. Onu da
qeyd edək ki, illərlə dilimizdə bir dua, ürəyimizdə bir istək var idi. Yurdumuz
düşmən işğalından
azad edilsin! Şuşada, Laçında,
Qubadlıda, Zəngilanda,
Xocalıda dağların
başında bayram tonqalları alovlansın! Yurdundan məcburi didərgin düşmüş
insanlarımız öz
torpaqlarına qayıtsınlar...
Şükürlər olsun ki, bu
duamız da qəbul edildi. Tanrıya uzanan əllərimiz naümid yanımıza düşmədi.
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə
torpaqlarımız işğaldan
azad edildi. Qarabağımızın və
Şərqi Zəngəzurun
başı üzərindən
qara buludlar çəkildi. Elə bu torpaqlarda ilk Novruz tonqallarını
da Qarabağın xilaskarı, o torpaqlara yenidən həyat verən, cənnətə
döndərən Prezident
İlham Əliyev və xalqımızın
sevimli qızı, kimsəsizin, maddi və mənəvi dəstəyə ehtiyacı
olanların mənəvi
anası Mehriban xanım Əliyeva alovlandırdılar.
İndi yurdumuzun
hər yerində bayram tonqalları, sevgi, xoşbəxtlik, mərhəmət alovları
işıq saçır.
Ürəklərdən od
götürən bu tonqallar yalnız insanların qəlbinə
yox, illərdir sahibini gözləyən torpaqlara da nur
səpir. Yurdumuzun hər yerində bayram əhvali-ruhiyyəsi
yaşanır.
Elimizdə bir adətdir, evlərdən başlayan səliqə-sahman
işləri idarə
və müəssisələrdə,
əmək kollektivlərində
davam etdirilir. Novruz həm də gözəllik deməkdir. Elimizin hər yerində abadlıq, quruculuq, səliqə-sahman işləri
aparılır. Hər
şey təzələnir,
fasadlar boyanır, həyət-bacada gül çiçəklər əkilir...
Bu bayram ərəfəsində insanların
üzləri kimi, ürəkləri də gülür. Bu günlərdə insan hara baxırsa, gözü gözəllik
görür. Gülən
ürəkləri, sevinən
gözləri görəndə
adam gücü çatdıqca, səsi yetdikcə ucadan, lap ucadan "Nə gözəl yaraşır bizlərə
bayram" demək istəyir.
Elşən QƏNİYEV,
Azərbaycan.-2025.-14 mart (№56).- S.15.