“Konstitusiya
və Suverenlik İli” ilə əlaqədar Milli Məclisin Bəyanatı
Azərbaycan Respublikasının
Milli Məclisi 2025-ci il mayın 8-də keçirilən xüsusi
iclasında “Konstitusiya
və Suverenlik İli” ilə bağlı bəyanat qəbul edib.
AZƏRTAC bəyanatı təqdim edir:
“Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm siyasi əhəmiyyət və rəmzi məna daşımaqla, dövlətin hüquqi əsasları ilə ərazi bütövlüyü
və suverenliyi arasında qırılmaz bağlar olduğunu göstərir. Bu sərəncam xalqımızın
və dövlətimizin
Konstitusiya və suverenlik prinsiplərinə
sadiqliyini bir daha təsdiq edir, ölkəmizin öz dəyərlərinə
və mirasına, keçmişin nailiyyətlərinə
əsaslanaraq qlobal çağırışlara cavab
vermək əzmini nümayiş etdirir.
Azərbaycan Respublikasının
Milli Məclisi son 32 ildə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının
həyata keçirilməsi
yolunda əldə edilmiş uğurların,
xüsusən, ilk Konstitusiyamızın qəbul
edilməsinin, ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasının tarixi əhəmiyyətini
qeyd edir.
1991-ci il oktyabrın
18-də Azərbaycan Respublikası
müstəqil inkişaf
yoluna qədəm qoyduqdan sonra dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində, milli
təhlükəsizliyin qorunmasında
yol verilən kobud səhvlər ölkəni dərin siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə
salmışdı. Ermənistanın
silahlı təcavüzünün
qarşısını almağa
qadir olan nizami ordunun qurulmaması Azərbaycan ərazilərinin işğalının
genişlənməsinə şərait yaradır, yüz minlərcə soydaşımızın yurd-yuvasından
didərgin düşməsinə
səbəb olurdu. Üstəlik, ölkənin
müxtəlif bölgələrində
separatizm meyilləri baş qaldırmış,
real vətəndaş
müharibəsi təhlükəsi
törənmişdi.
1993-cü il iyunun
15-də dünya miqyaslı
siyasi və dövlət xadimi, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali dövlət hakimiyyətinə qayıdışı
milli dövlətin varlığı üçün
təhdid yaradan problemlərin aradan qaldırılmasında, sabitliyin
və hüquq qaydasının təmin edilməsində, Azərbaycanın
davamlı inkişaf yoluna çıxarılmasında
həlledici rol oynamışdır. Xalqımız
müstəqil dövlətini
qorumaq və yaşatmaq üçün
tarixin verdiyi imkanı Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası sayəsində
reallaşdıra bilmişdir.
Ulu Öndərin
strateji təfəkkürü,
siyasi və dövlətçilik məharəti
milli birliyi və həmrəyliyi təmin etməyə, siyasi-hüquqi sistemin sarsılmaz təməlini
qurmağa, peşəkar
dövlət hakimiyyəti
institutlarını formalaşdırmağa
və genişmiqyaslı
siyasi, iqtisadi və hüquq islahatlarını həyata
keçirməyə imkan
verdi. Onun rəhbərlik etdiyi komissiya tərəfindən
müstəqil dövlətimizin
ilk Konstitusiyasının
hazırlanması və
1995-ci il noyabrın
12-də ümumxalq səsverməsi
yolu ilə qəbul edilməsi müasir Azərbaycanın
tarixində taleyüklü
hadisələrdən biridir.
Ulu Öndərin siyasi fəlsəfəsini
əks etdirən Konstitusiya hüquqi, demokratik və dünyəvi dövlət
quruculuğunun əsaslarını
müəyyən etmiş,
qanunun aliliyi, insan və vətəndaş
hüquqlarının və
azadlıqlarının üstünlüyü
prinsiplərini bərqərar
etmiş, dövlətin
müstəqilliyinin, ərazi
bütövlüyünün və suverenliyinin sarsılmazlığını bəyan etmişdir. Əsas qanunumuz Azərbaycanın modernləşdirilməsinə
yol açaraq milli tərəqqinin möhkəm bünövrəsini
yaratmışdır.
Ötən 22 ilə
yaxın dövrdə
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu XXI əsrin çağırışlarına
uyğunlaşdıraraq, yaradıcı
surətdə davam etdirən Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
ilə ölkəmiz siyasi və hərbi cəhətdən
güclü, iqtisadi cəhətdən dayanıqlı
bir dövlətə çevrilmişdir. Həyata
keçirilən dövlət
siyasətinin mərkəzində
ölkənin dinamik inkişafının təmin
olunması, müstəqilliyin
möhkəmləndirilməsi, ərazi bütövlüyünün
və suverenliyin bərpa edilməsi amalı dayanmışdır.
Ardıcıl siyasi-hüquqi
islahatlar yolu ilə daxili sabitlik, qanunun aliliyi və demokratik təsisatların
inkişafı təmin
edilmişdir. Dövlət
idarəçiliyi modernləşdirilmiş,
hakimiyyət orqanlarının
fəaliyyəti təkmilləşdirilmiş,
rəqəmsal platformalar
və hesabatlılıq
mexanizmləri tətbiq
edilmişdir.
Azərbaycan Respublikası
beynəlxalq aləmdə
etibarlı tərəfdaş
və sözünün
sahibi olan bir dövlət kimi tanınır. Dünyanın qüdrətli
dövlətləri və
təşkilatları ilə
münasibətlərimiz daha
da möhkəmlənmişdir.
Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən
birini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində və
antiterror əməliyyatında
əldə edilən möhtəşəm qələbələr
milli tariximizin ən şanlı səhifələrini təşkil
edir. Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğalına son qoyulması, dövlətimizin
ərazi bütövlüyünün
və suverenliyinin bərpa olunması Cənubi Qafqaz bölgəsinin geosiyasi vəziyyətini həmişəlik
dəyişdirmiş, Azərbaycanın
qarşısında yeni
perspektivlər açmışdır.
İki əsrə
yaxın dövrdə
xalqımıza qarşı
düşmənçilik siyasəti
yeridən erməni şovinizminə və ekspansionizminə endirilən
“dəmir yumruq” Azərbaycanın sarsılmaz
milli birliyini və həmrəyliyini nümayiş etdirmişdir.
Tarixi ədalətin bərqərar edilməsi və ölkə ərazisinin vahidliyi, toxunulmazlığı və
bölünməzliyi haqqında
Konstitusiya müddəasının
həyata keçirilməsi
dövlətçilik tariximizin
ən mühüm dövrlərindən birinə
yekun vurmuşdur.
Bu gün Azərbaycan öz inkişafının yeni quruculuq dövrünə qədəm qoymuşdur. Məcburi köçkünlərin
ata-baba yurdlarına dönməsini nəzərdə
tutan azad edilmiş ərazilərə
böyük qayıdış
ölkəmizin 2030-cu ilədək
beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu məqsədlə ərazilərin
minalardan və partlamamış hərbi sursatdan təmizlənməsinə,
işğal dövründə
dağıdılmış şəhər və kəndlərin yenidən inşa edilməsinə, müasir yaşayış,
istehsal, nəqliyyat və xidmət infrastrukturunun qurulmasına,
iqtisadi fəallığın
canlandırılmasına dair
genişmiqyaslı layihələr
həyata keçirilir.
İnamla söyləmək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin dinamik iqtisadi inkişafının təmin edilməsinə, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə, milli maraqların qorunmasına, milli təhlükəsizliyin, müdafiə qabiliyyətinin artırılmasına yönələn strategiyası sayəsində Azərbaycan dövləti qarşıdakı illərdə yeni böyük uğurlara imza atacaqdır. Konstitusiya, dövlət müstəqilliyi və suverenlik prinsiplərinə həmişə sadiq olan Milli Məclis Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən tarixi missiyanı qanunvericilik səviyyəsində bundan sonra da fəal surətdə dəstəkləyəcəyini bəyan edir. Parlament yeni çağırışlar və imkanlar şəraitində ölkənin bütün vətəndaşlarını ümumi dəyərlər və gələcəyə birgə baxış əsasında daha sıx birləşməyə səsləyir”.
Azərbaycan.-2025.- 9 may (¹94).- S.5.