Dostluq
üçün məsafə
şərt deyil
Yüksəksəviyyəli
səfərlər Azərbaycan
və Vyetnam arasında faydalı tərəfdaşlıq üçün
dayanıqlı zəmin
yaradır
İkinci Dünya
müharibəsi dövründə
Yaponiyanın Cənub-Şərqi
Asiyada, Hind-Çin yarımadasının şərq
ucqarında yerləşən
və XIX əsrə qədər Fransanın hakimiyyəti altında olmuş Vyetnama qoşun yeritməsi ilə başlayan müharibə nə az, nə çox
- 30 il çəkdi.
1945-ci ildə başlayıb
və 1975-ci ildə başa çatan 30 illik müharibədə
20 il Fransa işğalçılarına qarşı ölüm-dirim
savaşı aparan vyetnamlılar müharibənin
son 10 ilini də dünyanın supergüclərindən olan
ABŞ ilə döyüşməli
oldular. Şimali Vyetnamın ilk prezidenti Ho Şi
Min müharibənin dəhşətlərini belə
təsvir edirdi: "Tüfəngi olanlar tüfəngləri ilə,
qılıncı olanlar
qılıncları ilə,
qılıncı olmayanlar
isə ağac və daşlarla müharibə aparırdı.
Hər küçə
bir səngər, hər bir insan
bir döyüşçü,
hər bir partiya binası bir qərargah rolunu oynayırdı. Qələbə bizə çox böyük - 13 milyon itki və
yüz minlərlə
yaralı hesabına başa gəldi". Beləliklə, 1973-cü il
yanvarın 27-də Parisdə
atəşkəs sazişi
imzalandı və
ABŞ məğlubiyyəti qəbul edib Vyetnamdan geri çəkildi. Sonra 2 il Cənubi Vyetnamla davam edən müharibə
1975-ci aprelin 30-da xalq ordusunun Sayqonu ələ keçirməsi
ilə sona çatdı.
Azərbaycanla Vyetnamın
dostluq əlaqələri
uzun illəri əhatə edir. Vyetnamın 1959-cu il iyulun 23-də Bakıya gələn Prezidenti Ho Şi Min
Xəzər dənizində
böyük neft-qaz platformalarını görüb
demişdi: "Vyetnamda da dəniz
var, inanıram ki, bizim də
mütləq neftimiz olacaq. Amma ölkəmiz
müharibə şəraitindədir
və biz neft çıxarılmasını
hələ gerçəkləşdirə
bilmərik. Ümid edirəm və inanıram ki, Vyetnamın müqavimət
müharibəsi uğurla
başa çatdıqdan
sonra siz bizə neft tapmaqda kömək edəcək, sonra neftin istismarına və emalına yardım göstərəcək,
Bakıdakı kimi neft-qaz sənayesi parkı tikəcəksiniz".
Belə də oldu. Vyetnam tam
azad olandan və birləşəndən
sonra burada neft-qaz sənayesinin qurulmasında Azərbaycan
neftçiləri tarixi
xidmətlər göstərdilər.
Vyetnamın neft yataqlarının kəşfiyyatı
və işlənilməsi
məqsədi ilə
1981-ci ildə "Vietsovpetro"
Sovet-Vyetnam birgə müəssisəsi yaradıldı
və Vyetnamın neft yataqlarının kəşfiyyatı, hasilatı
üçün Azərbaycanın
qabaqcıl neft mühəndisləri, geoloqları,
ixtisaslaşmış işçiləri
Vyetnama ezam olundular. Bundan başqa, Azərbaycandan bu ölkəyə neft sənayesinə aid xeyli sayda
texnika və avadanlıq göndərildi.
"Vietsovpetro" şirkətinin
yaradılmasından bir
müddət sonra -
1983-cü ildə SSRİ Nazirlər
Soveti Sədrinin birinci müavini, Vyetnamın böyük dostu Heydər Əliyevin başçılıq
etdiyi sovet nümayəndə heyəti
bu ölkəyə səfər etdi. Həmin səfərin keçmiş SSRİ-Vyetnam
münasibətlərinin inkişafı
baxımından xüsusi
əhəmiyyəti oldu.
Onu da bildirək
ki, Heydər Əliyev Vyetnamın birləşməsindən sonra
bu ölkəyə səfər edən ilk yüksəkvəzifəli
xarici dövlət rəsmisi idi. Bu səfər Vyetnam dövləti və xalqı üçün müstəqilliyin,
suverenliyin qorunması
naminə böyük
bir ümid idi.
Səfər zamanı
Heydər Əliyev sovet rəhbərliyini Vyetnama iqtisadi və elmi-texniki kömək göstərmək
barədə inandıra
bildi. Səfər çərçivəsində Heydər Əliyev Vyetnam və sovet, o cümlədən Azərbaycan neft mütəxəssisləri ilə
görüşmək üçün
bu ölkənin neft sənayesinin mərkəzi olan Vunq Tau şəhərinə
baş çəkdi.
Ulu Öndərin səyləri, Bakıdan gətirilən əlavə
azərbaycanlı mütəxəssislərin
və texnikanın cəlb edilməsi nəticəsində Vyetnamda
ilk neft proqnozlaşdırıldığından xeyli əvvəl -
1986-cı ilin iyununda hasil edildi.
Ulu Öndərin
sovet nümayəndə
heyətinin rəhbəri
kimi Vyetnama səfəri bu xalqın Azərbaycana isti münasibətinin formalaşmasında xüsusi
rol oynadı. Azərbaycan 1991-ci ildə
müstəqilliyini elan
etdikdən sonra iki ölkə arasında əlaqələr
daha da genişləndi.
2013-cü ildən Vyetnam
Milli Assambleyasında
(Parlament) Vyetnam-Azərbaycan
Parlamentlərarası Dostluq
Qrupu, Milli Məclisdə Azərbaycan-Vyetnam
Parlamentlərarası Əlaqələr
üzrə İşçi
Qrupu yaradılmış,
İqtisadi, ticarət,
elmi və texniki əməkdaşlıq
üzrə Azərbaycan-Vyetnam
Hökumətlərarası Komissiyası təsis edilmişdir. Həmçinin
Hanoyda Vyetnam-Azərbaycan
Dostluq Assosiasiyası və Azərbaycan Mədəniyyəti və
Tarixi Araşdırmaları
Mərkəzi yaradılmışdır.
Təməli
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan
Vyetnam-Azərbaycan dostluq
münasibətləri Prezident
İlham Əliyevin
2014-cü ildə Vyetnama
dövlət səfəri
ilə yeni mərhələyə qədəm
qoydu. Dövlətimizin
başçısının Vyetnama həmin səfəri həm Ulu Öndərin vyetnamlılarla dostluğunun
davam etdirilməsi, həm də müasir dövrdə iki ölkə arasında münasibətlərin
genişləndirilməsi baxımından
mühüm rol oynadı. Bu səfərdən sonra
2015-ci ildə Vyetnam Sosialist Respublikasının
Prezidenti Çıonq
Tan Şanq Azərbaycana rəsmi səfərə gəldi.
Bununla yüksəksəviyyəli
qarşılıqlı səfərlər
ənənəsi yarandı.
Azərbaycanın Vyetnamla
əlaqələri həm
tarixi, həm də müasir dövr baxımından çox önəmlidir. Bu əlaqələr yalnız dövlət səviyyəsində deyil,
həm də ədəbiyyat və mədəniyyət sahələrində
iki xalq arasında möhkəm dostluq körpüsünü
yaradıb. Vyetnamda Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin 100 illiyinin və Vyetnama tarixi səfərinin 40 illiyinin, habelə Ho Şi Minin
ölkəmizə səfərinin
65 illiyinin qeyd edilməsi xalqlarımız
arasında dostluğun
möhkəmlənməsindən soraq verir. Bu
dostluğun nəticəsidir
ki, Azərbaycan ilə Vyetnam beynəlxalq və regional təşkilatlarda,
o cümlədən BMT-də,
Qoşulmama Hərəkatında,
Asiyada Qarşılıqlı
Fəaliyyət və
Etimad Tədbirləri
üzrə Müşavirədə
bir-birinə dəstək
verirlər. Ölkələrimiz
arasında münasibətlərin
inkişafında iqtisadi-ticari
və elmi-texniki əməkdaşlıq üzrə
Azərbaycan-Vyetnam Hökumətlərarası
Komissiyasının fəaliyyəti
əhəmiyyətli rol
oynayır. Həmçinin
2023-cü ilin noyabrında
Hanoyda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq
sazişinin imzalanması
da münasibətlərin
inkişafına əlavə
təkan verir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının
"Vietnam News Agency" agentliyinə
verdiyi müsahibədə
iki ölkə arasında əlaqələrdən
bəhs edərkən
demişdir: "Hesab edirəm ki, ölkələrimiz ən
müxtəlif sahələrdə
əməkdaşlıq potensialını
bundan sonra da inkişaf etdirmək üçün
bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərdən danışarkən
qeyd etmək lazımdır ki, bu gün təkcə
iqtisadi artımı stimullaşdıracaq deyil,
həm də qarşılıqlı faydalı
tərəfdaşlıq üçün
dayanıqlı zəmin
yaradacaq, bununla da öz növbəsində
iqtisadiyyatlarımızın gələcəkdə də
şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq
imkanları mövcuddur".
Elşən QƏNİYEV,
Azərbaycan.-2025.-
9 may (№94).- S.6.