Dövlətçilik,
dəyərlər və
gənclik
Azərbaycan tarixində
elə şəxsiyyətlər
var ki, onların
adı və fəaliyyəti xalqın taleyində dönüş
nöqtəsi olmuş,
dövlətçilik və
milli şüurun formalaşmasında həlledici
rol oynamışdır.
Belə şəxsiyyətlərin
ən öncülü
müasir və müstəqil Azərbaycanın
banisi Ümummilli Lider Heydər Əliyevdir.
1991-ci ildə Sovet
İttifaqının süqutu
ilə Azərbaycan formal müstəqillik əldə etsə də, bu illər,
əslində, xalq üçün həm ümidi, həm də dərin narahatlıqları bir araya gətirən dönəm idi. Siyasi qeyri-sabitlik, idarəetmədə xaos, ordu quruculuğunun yoxluğu, iqtisadi tənəzzül və Ermənistanın təcavüzü
nəticəsində torpaqlarımızın
işğalı ölkəni
fəlakət astanasına
gətirmişdi. Bu dönəmdə xalqın
içində ümidsizlik,
rəhbərlikdə isə
acizlik hökm sürürdü.
Belə ağır
vəziyyətdə xalqın
gözü və ümidləri yalnız bir şəxsə - Heydər Əliyevə yönəlmişdi. 1993-cü ilin
iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış təkcə
bir liderin geri dönməsi deyil, bir dövlətin
yenidən doğulması
idi. Ulu Öndər dərhal ciddi və prinsipial
islahatlara başladı,
daxili sabitliyi bərpa etdi və dövlətçiliyin
əsaslarını möhkəmləndirdi.
Heydər Əliyevin müdrikliyi və siyasi təcrübəsi sayəsində Azərbaycan
daxili qarşıdurmalardan
qurtuldu. O, qətiyyətli
qərarları ilə
vətəndaş müharibəsinin
qarşısını aldı,
separatçı meyilləri
boğdu və vahid idarəçilik sistemini bərqərar etdi.
Heydər Əliyev
müstəqil dövlət
quruculuğunun ilk və önəmli şərtlərindən biri
kimi hüquqi əsasların yaradılmasına
olduqca önəm verirdi. Siyasi sabitliyin, iqtisadi inkişafın və cəmiyyətin rifahının
təməli üçün
hüquqi sistemin tamamilə yenidən qurulması olduqca vacib idi. Bunun
nəticəsi idi ki, Ulu Öndərin
rəhbərliyi ilə
Azərbaycan Respublikasının
ilk Konstitusiyası qəbul edildi. Bu Konstitusiya ölkədə hakimiyyət
bölgüsünü - qanunverici,
icraedici və məhkəmə hakimiyyəti
arasında tarazlığı
təmin edən, insan hüquq və azadlıqlarının
təminatçısı olan
əsas hüquqi sənəd idi. Heydər Əliyev Konstitusiyanın qəbulu ilə dövlətin hüquqi, siyasi və sosial təməllərini möhkəmləndirməklə
yanaşı, beynəlxalq
hüquq normalarına
uyğun bir dövlət idarəetmə
modeli yaratdı.
Ulu Öndər
üçün dövlət
quruculuğu təkcə
dövlətin hüquqi
və iqtisadi əsaslarının təşkili
ilə məhdudlaşmırdı.
Onun rəhbərlik fəlsəfəsində dövlətçiliyin
əsas sütunlarından
biri də milli dəyərlərin qorunması idi. Ulu Öndərin şəxsiyyətində təcəssüm
edən liderlik modeli - intizam, məsuliyyət, xalqla səmimi ünsiyyət və şəffaflıq prinsipləri yeni dövrün rəhbərlik
üslubunu formalaşdırdı.
Onun çıxışları,
qərarları və
davranışı hər
zaman xalqına və ölkəsinə olan böyük sevgini əks etdirirdi.
Heydər Əliyev
Azərbaycan xalqının
tarixinin, mədəniyyətinin
və milli adət-ənənələrinin təbliğini daim vacib sayır və yüksək qiymətləndirirdi. Ümummilli
Liderin təşəbbüsü
və himayəsi ilə milli-mənəvi dəyərlərin qorunması,
Azərbaycan dilinin inkişafı, tariximizin obyektiv və milli maraqlar prizmasından təbliği
istiqamətində əhəmiyyətli
addımlar atıldı.
O, mədəni irsi dövlətin möhkəm
dayaqlarından biri kimi qəbul edir, milli ruhun
gücləndirilməsinin dövlətin
suverenliyinin qorunmasında
əhəmiyyətli rol
oynadığına inanırdı.
O, yaradıcı insanlara,
ziyalılara, elm və mədəniyyət
xadimlərinə yüksək
dəyər verir, onların cəmiyyətin
formalaşmasındakı rolunu
xüsusilə vurğulayırdı.
Heydər Əliyev
Azərbaycanın gələcəyinin
gənclərlə bağlı
olduğunu daim vurğulamış, bu istiqamətdə məqsədyönlü,
ardıcıl və sistemli dövlət siyasəti formalaşdırmışdı.
Onun baxışında
gənclər təkcə
sosial proseslərin iştirakçıları deyil,
həm də dövlətin tərəqqisinin,
ictimai həyatın hər bir sahəsində
yeniliyin və dinamik inkişafın əsas daşıyıcıları
idi. Ulu Öndər gənclər
siyasətinin fundamental
əsaslarını qoyaraq
gənclərin fiziki,
intellektual, mənəvi
və vətənpərvər
inkişafını prioritet
sahələrdən biri
elan etmişdi. O, vətənpərvərlik, milli
şüur və mədəniyyətə hörmət
prinsiplərinin gənc
nəslə aşılanmasını
zəruri sayırdı.
Heydər Əliyevin
təməlini qoyduğu
gənclər siyasəti
bu gün Azərbaycanın bütün
uğurlarında öz
rolunu oynayır. Azərbaycan gəncliyi Heydər Əliyevin ideyalarına sadiq qalaraq, dövlətçiliyin,
müstəqilliyin və
milli birliyin keşiyində durur.
Ulu Öndərin
əsasını qoyduğu
dövlətçilik məktəbinin
və siyasi irsin davam etdirilməsi
müasir Azərbaycanın
inkişafında həlledici
rol oynamışdır.
Bu böyük mirasın layiqli davamçısı Prezident
İlham Əliyev milli maraqlara əsaslanan, müstəqilliyi
və suverenliyi daim qoruyan, praqmatik
və uzaqgörən
siyasəti ilə Azərbaycanı müasir,
güclü və nüfuzlu bir dövlətə çevirmişdir.
Onun liderliyi təkcə daxili siyasətdə deyil, həm də qlobal miqyasda Azərbaycanın nüfuzunu
möhkəmləndirmiş, ölkəni regional və beynəlxalq arenada etibarlı tərəfdaşa çevirmişdir.
Prezident İlham
Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasi fəaliyyət sabitlik, davamlı inkişaf və milli maraqların
qorunması prinsipinə
söykənir. Enerji təhlükəsizliyi, iqtisadi
inkişaf, ordu quruculuğu və bir çox sahədə əldə olunan uğurlar bu uzaqgörən liderliyin bariz nəticələridir. Ölkəmizdə
həyata keçirilən
strateji layihələr
Azərbaycanın geosiyasi
və geoiqtisadi əhəmiyyətini ən
yüksək səviyyəyə
qaldırmışdır. Xalqımızın
və ölkəmizin
tarixində ən mühüm məqam isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük
Vətən müharibəsində
əldə etdiyi möhtəşəm qələbədir.
Bu qələbə təkcə hərbi və siyasi deyil, həm də mənəvi qələbədir - Azərbaycan
xalqının gücünün,
birliyinin və haqq işinin təntənəsidir. Müzəffər
Ali Baş Komandan həm diplomatik cəbhədə,
həm də cəbhə xəttində
nümunəvi liderlik
göstərmiş, xalqla
ordu arasında sarsılmaz birliyi təmin etmişdir.
Prezident İlham
Əliyevin liderliyi milli maraqları və dövlət suverenliyini uca və üstün tutan, xalqın iradəsinə dayanan güclü və qətiyyətli idarəçilik
modelinə əsaslanır.
Onun çıxışlarında
və siyasi qərarlarında daim bir prinsip ön
plandadır: "Güclü
dövlət - güclü
xalq". Bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrik liderliyi nəticəsində həm
siyasi, həm iqtisadi, həm də hərbi baxımdan özünün
ən qüdrətli dövrünü yaşayır.
Bu, yalnız texniki və maddi göstəricilərlə
ölçülə biləcək
bir inkişaf deyil - bu eyni
zamanda xalqın dövlətinə olan inamının və Liderinə olan etibarının təntənəsidir.
Heydər Əliyev
siyasi irsi təkcə bir dövrün deyil, bütöv bir gələcəyin ideoloji
və strateji xəritəsini müəyyənləşdirən
milli xəzinədir. Bu irs müasir
Azərbaycanın siyasi,
hüquqi, iqtisadi və mədəni bünövrəsinin sütunlarını
təşkil etməklə
yanaşı, gələcək
nəsillər üçün
də əvəzolunmaz
dəyərlər sisteminə
çevrilmişdir. Ulu
Öndərin hər bir fikri, uzaqgörən
qərarları və
milli maraqlara əsaslanan fəaliyyət
xətti gələcəyin
yol xəritəsini müəyyən edən ideoloji əsas rolunu oynayır.
Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarının qorunması
və gələcək
nəsillərə çatdırılması
istiqamətində mühüm
işlər görür.
Fondun həyata keçirdiyi humanitar, mədəni və təhsil layihələri Azərbaycan cəmiyyətində
milli-mənəvi dəyərlərin
möhkəmlənməsinə, sosial rifahın yüksəlməsinə və
vətəndaş həmrəyliyinin
güclənməsinə xidmət
edir. Mehriban xanım Əliyevanın yüksək humanist dəyərlərə əsaslanan
fəaliyyəti Ulu Öndərin mirasının
yaşadılmasında və
beynəlxalq səviyyədə
tanıdılmasında mühüm
rol oynayır.
Heydər Əliyev
irsi yalnız xatirələrdə deyil,
əməllərdə yaşayır.
Bu fəaliyyət gənclərin təşəbbüskarlığında,
dövlətin davamlı
inkişaf strategiyalarında,
cəmiyyətin birlik
və həmrəylik
ruhunda öz əksini tapır. Bugünkü Azərbaycan
güclü iqtisadiyyatı,
nüfuzlu xarici siyasəti, qalib ordusu və dayanıqlı idarəçilik
sistemi ilə bu mirasın canlı təcəssümüdür.
Bəxtiyar İSLAMOV,
YAP Gənclər Birliyinin
sədri
Azərbaycan.-2025.-
9 may (№94).- S.10.