Prezident İlham Əliyev “BakuBus” MMC-nin Gəncə Avtoparkının
açılışında iştirak edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 27-də
“BakuBus” MMC-nin Gəncə Avtoparkının
açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, rəqəmsal
inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına
avtoparkda yaradılan şərait barədə
məlumat verdi.
Üç yüz
yerlik avtobus parkının inşasına
bu ilin yanvarında
başlanılıb. Ümumi
sahəsi 10 hektar olan parkda texniki
baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı,
saatda 60 avtobusun yuyulması gücünə
malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə
675 nəfər işlə
təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri
isə inzibati və texniki heyətdir.
“BakuBus” MMC Gəncə
şəhərində 18 mövcud
və 2 yeni marşrut xətti üzrə fəaliyyət
göstərəcək. Şəhərə
yüksək ekoloji standarta - EURO6-ya cavab verən 280 avtobus gətirilib ki, onlardan da 45-i 54, 186-sı
63, 49-u isə 102 sərnişin
tutumuna malikdir.
Bu layihənin həyata keçirilməsi,
ilk növbədə,
paytaxt Bakıdan sonra respublikanın ən böyük şəhəri olan Gəncənin nəqliyyat-sərnişin
daşıma infrastrukturunun
müasirləşdirilməsi baxımından çox mühüm rol oynayır. Bu, eyni zamanda, sərnişinlərin
rahat, təhlükəsiz
şəkildə mənzilbaşına
çatmasına imkan
yaradır, şəhərin
nəqliyyat parkının
yenilənməsinə böyük
töhfə verir. Həmçinin yeni iş yerlərinin açılmasında da belə layihələrin rolu önəmlidir.
Gəncə şəhəri
üzrə aparılan
genişmiqyaslı təhlil
və araşdırmalar
nəticəsində marşrut
şəbəkəsi yenidən
formalaşdırılıb. Mövcud 32 marşrut xəttində optimallaşdırma
aparılıb, 22 marşrut
xəttinin fəaliyyət
göstərməsi müəyyən
olunub.
Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların
tətbiqidir. Gəncədə
fəaliyyət göstərən
bütün avtobuslarda
gedişhaqqını “CityCard”
nağdsız ödəniş
sistemi, istənilən
bank kartları, həmçinin mobil ödəniş vasitələri
ilə ödəmək
mümkündür.
Sərnişindaşıma sahəsinin optimallaşması
çərçivəsində Dəmiryol Vağzalının
qarşısında Nəqliyyat
Mübadilə Məntəqəsi
yaradılıb. Burada
dəmir yolu ilə avtomobil nəqliyyatının qarşılıqlı
əlaqəsi öz əksini tapıb.
Əhalinin gediş-gəlişi
və sıxlığın
çox olduğu ərazilərdə 34 müasir
dayanacaq pavilyonu quraşdırılıb.
Yol infrastrukturunun
yaxşılaşdırılması istiqamətində 97 küçədə
asfalt örtüyünün
yenilənmə işləri
aparılıb, 128 kilometr
xətlənmə işləri
icra olunub. Şəhərdə təhlillər
aparılaraq mikromobillik
zolaqlarının salınması
üçün uyğun
yerlər müəyyənləşdirilib.
Taksi nəqliyyat
vasitələri üçün
cəlbetmə məntəqələrinin
müəyyən edilməsi
istiqamətində də
işlər aparılıb
və 10 ünvanda taksi duracağı üçün yer təyin olunub.
Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarımızın müasirləşdirilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması və ümumilikdə, bölgələrimizin sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımların göstəricisidir.
Azərbaycan.-2025.- 28 sentyabr (¹208).- S.3.