Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, gənclər idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes trenajor zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək.

Azərbaycanın ev sahibliyi etdiyi Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Son illərdə idman sahəsində görülmüş məqsədyönlü işlər nəticəsində Azərbaycan beynəlxalq yarışların keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Müxtəlif idman yarışları üzrə Dünya Avropa çempionatları, həmçinin Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər tədbirlərin uğurla təşkili Azərbaycanın bu sahədə yüksək təşkilatçılıq bacarığını nümayiş etdirib. Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə beynəlxalq idman ictimaiyyəti tərəfindən olan etimadın təzahürüdür.

Şübhəsiz ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması, mötəbər idman tədbirlərinin keçirilməsi üçün ölkəmizin seçilməsi həm paytaxt Bakı ilə yanaşı, regionlarımızda müasir idman infrastrukturunun yaradılması ilə bağlıdır.

 

Azərbaycan.-2025.- 28 sentyabr (№208).- S.3.