Ombudsman
Anım Günü ilə əlaqədar bəyanat yayıb
Azərbaycan Respublikasının
İnsan Hüquqları
üzrə Müvəkkili
(Ombudsman) Anım Günü ilə əlaqədar bəyanat yayıb.
Ombudsman Aparatının
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
bəyanatda deyilir:
“2020-ci ilin sentyabrın
27-də Ermənistan silahlı
qüvvələrinin beynəlxalq
hüququn ümumtanınmış
norma və prinsiplərini pozaraq mülki əhalinin sıx məskunlaşdığı
yaşayış məntəqələrini
intensiv və ağır silahlardan atəşə tutmaqla çoxsaylı dinc insanların tələfatı
ilə nəticələnən
genişmiqyaslı hərbi
əməliyyatlara başlamasından
beş il ötür.
Həmin dövrdə
Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə
əsasən özünümüdafiə
hüququndan istifadə
edərək, mülki
əhalinin yaşamaq hüququnun təmini, otuz ilə yaxın
müddətdə işğal
altında qalmış
torpaqlarımızın azad
edilməsi məqsədilə
əks-hücum əməliyyatlarına
başlamış, nəticədə
mötəbər beynəlxalq
təşkilatların uzun
illər kağız üzərində qalmış
qərar və qətnamələrinin icrası
təmin olunmaqla bərabər, bir milyondan artıq qaçqın və məcburi köçkün
soydaşlarımızın pozulmuş hüquqları
bərpa edilmişdir.
44 günlük Vətən
müharibəsi dövründə
Ermənistan silahlı
qüvvələri beynəlxalq
hüququn, o cümlədən
beynəlxalq humanitar hüququn normalarını
kobud şəkildə
pozaraq mülki əhalinin sıx məskunlaşdığı və
döyüş əməliyyatları
aparılan ərazidən
kifayət qədər
uzaqlıqda yerləşən
ölkənin ən böyük şəhərlərindən
birini, rayon mərkəzlərini və
digər yaşayış
məntəqələrini uzaqmənzilli
əməliyyat-taktiki və
ballistik raket qurğularından atəşə
tutmuşdur.
Ermənistan tərəfindən
beynəlxalq hüquq normalarının, o cümlədən
“Müharibə qurbanlarının
müdafiəsi haqqında”
1949-cu il tarixli Cenevrə Konvensiyalarının
və onun Əlavə Protokollarının
tələblərinə zidd
olaraq qəsdən törədilmiş müharibə
cinayətləri nəticəsində
100-ə yaxın dinc mülki sakin, o cümlədən 12 uşaq
qətlə yetirilmiş,
450-dən çox mülki
şəxs yaralanmışdır.
Bundan əlavə, Azərbaycan ərazisində
12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox
ev, 120 çoxmənzilli
yaşayış binası
və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası ağır
artilleriya atəşinə
məruz qalaraq dağıdılmış və
ya qəzalı vəziyyətə düşmüşdür.
Postmüharibə dövründə
regionda sülh və əmin-amanlıq üçün təhlükə
yaradan separatçı
qüvvələrin təxribat
əməllərinin qarşısının
alınması, insan hüquq və azadlıqlarının qorunması
məqsədilə 2023-cü il sentyabrında lokal xarakterli antiterror tədbirləri həyata keçirilmişdir.
Vətən müharibəsi
və antiterror tədbirləri nəticəsində
dövlətimizin suverenliyi
və ərazi bütövlüyü tam
təmin edilmiş və bölgədə insan hüquqlarının
qorunması istiqamətində
yeni imkanlar açılmışdır.
Bir müddət
əvvəl isə Amerika Birləşmiş Ştatlarında Azərbaycan
və Ermənistan liderlərinin görüşü
zamanı “Azərbaycan
Respublikası və Ermənistan Respublikası
arasında sülhün
və dövlətlərarası
münasibətlərin təsis
olunması haqqında
Saziş” paraflanmışdır.
Bu tarixi hadisə ilə təkcə iki ölkə arasında deyil, bütövlükdə
regionda davamlı sülhün və sabitliyin təmin edilməsi istiqamətində
əhəmiyyətli irəliləyiş
əldə olunmuşdur.
Azərbaycan Respublikasının
İnsan Hüquqları
üzrə Müvəkkili
(Ombudsman) olaraq bir daha vurğulamaq
istərdim ki, işğal və müharibə dövrlərində
pozulmuş insan hüquq və azadlıqlarının bərpası,
itkin düşmüş
şəxslərin taleyinin
aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərimizin
minalardan təmizlənmə
prosesinin sürətləndirilməsi
məqsədilə dəqiq
mina xəritələrinin
təqdim olunması, habelə keçmiş məcburi köçkünlərin
öz doğma torpaqlarına təhlükəsiz
və ləyaqətlə
geri qayıdışı
kimi beynəlxalq hüquqa əsaslanan fundamental məsələlərin
təmin edilməsi olduqca vacibdir.
Bu baxımdan beynəlxalq təşkilatların,
dünya dövlətlərinin,
xarici ölkələrin
ombudsman və milli insan hüquqları
təsisatlarının beynəlxalq
hüquq normalarının
təmini, müharibə
cinayətləri törədənlərin
cəzalandırılması, pozulmuş insan hüquqlarının bərpası,
dayanıqlı inkişafın
və daimi sülhün bərqərar
edilməsi istiqamətində
birgə təşəbbüs
göstərmələri xüsusi
önəm kəsb edir.
Azərbaycanın ərazi
bütövlüyünün və suverenliyinin tam təmin olunması, mülki əhalinin yaşamaq hüququnun müdafiəsi
və keçmiş məcburi köçkünlərin
uzun illər ərzində kobud şəkildə pozulmuş
hüquq və azadlıqlarının bərpası
uğrunda həyatlarını
itirmiş şəhidlərimizin
əziz xatirəsini ehtiramla yad edir,
ölkəmizə, regiona
və dünyaya sülh arzu edirəm”.
Bəyanat BMT-nin Baş Katibinə, Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasına, UNISEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir.
Azərbaycan.-2025.- 28 sentyabr (¹208).- S.5.