Azərbaycanın
zəfəri BMT kürsüsündən
dünyaya bəyan edildi
"Uzun illər
ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz,
işğal və ədalətsizlik faciələri
barədə danışmışam.
Bu gün isə qələbəyə
və sülhə aparan uzun yolumuzdan,
Azərbaycan tarixində
yeni dövrdən, Vətən müharibəsi
ilə işğala necə son qoyulduğundan,
sülhü siyasi vasitələrlə necə
təmin etməyimizdən
danışacağam".
Prezident İlham
Əliyevin sentyabrın
25-də Nyu Yorkda BMT Baş Assambleyasının
80-ci sessiyasında çıxışı
zamanı dünyaya bəyan etdiyi kimi, Azərbaycan lideri bu dəfə
Nyu Yorka Qarabağ məsələsini
məhz öz qətiyyəti və uzaqgörən siyasəti
sayəsində nizama salan qalib rəhbər
kimi yollandı. Dövlətimizin başçısının
BMT Baş Assambleyasının
80-ci sessiyasındakı çıxışının
gündəliyini başdan-başa
bölgədə ölkəmizin
yaratdığı yeni
reallıqlar, əməkdaşlıq
üçün formalaşdırılmış
mühüm tarixi fürsətlər və de-fakto təmin edilmiş sülh təşkil etdi.
Azərbaycan lideri
bu qlobal tribunadan ölkəmizin həqiqətlərini bir daha dünyaya bəyan etdi. Azərbaycanın ötən
üç onillik zaman kəsiyində qət etdiyi və keşməkeşlərdən,
haqq və ədalət uğrunda sarsılmaz mübarizədən
keçərək bugünkü
tarixi zirvəyə yetən qələbə yolundan qürurla bəhs etdi.
Milli maraqlarını
ölkəmiz özü
təmin etdi
Prezident İlham
Əliyevin yürütdüyü
məqsədyönlü siyasət
nəticəsində BMT Təhlükəsizlik
Şurasının onilliklər
boyu kağız üzərində qalan məlum qətnamələri
yerinə yetirilib. Azərbaycan özü döyüş meydanında
milli maraqlarını
təmin edib. Dövlətimiz ərazi bütövlüyünü və
suverenliyini tam bərpa edib və Cənubi Qafqazda yeni gerçəkliklər
yaradıb. O gerçəkliklər
ki, regionda münaqişə səhifəsini
bağlayıb, sülh
və inkişaf üçün yeni üfüqlər açıb.
Vaşinqtonda, Ağ Evdə Ermənistan-Azərbaycan
arasında sülh sazişi mətninin paraflanması isə yekun sənədin tezliklə imzalanacağını
göstərir. Bu baxımdan Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının sessiyasında
budəfəki iştirakı
və çıxışı
əlahiddə tarixi əhəmiyyətə malik
oldu. Dövlətimizi
BMT-də təmsil edən ali rəhbər
nüfuzlu qurumun 80-ci sessiyasında qalib və ədalətli sülh yaradan lider kimi iştirak
etdi.
Azərbaycan 30 ilə
yaxın zaman ərzində işğalla
üz-üzə qaldı,
bir milyon azərbaycanlı dədə-baba
torpağından didərgin
salındı. Birləşmiş
Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul
etdiyi dörd qətnamədə Ermənistan
silahlı qüvvələrinin
işğal olunmuş
ərazilərdən dərhal,
tam və qeyd-şərtsiz çıxarılması
tələb olundu. Lakin bu qətnamələr
üç onilliyə
yaxın zaman müddətində yerinə
yetirilməmiş halda
qaldı. Bununla da beynəlxalq cəzasızlıq mühitindən
yararlanan Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən
çıxmağı ağlının
ucundan belə keçirmədi.
"Təəssüf ki, bu qətnamələr
heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən
heç bir sanksiyaya məruz qalmadığı üçün
qətnamələrə nümayişkaranə
şəkildə məhəl
qoymadı", - deyə
BMT Baş Assambleyasının
sözügedən sessiyasında
Prezident İlham Əliyev bu məqamı qeyd etdi.
ATƏT-in Minsk
qrupunun 28 il ərzində münaqişənin
danışıqlar vasitəsilə
həlli üçün
həyata keçirdiyi
dırnaqarası fəaliyyəti
də heç bir işə yaramadı. Bu qurumun fəaliyyətsizliyinin
nəticəsində iki
ölkə arasında
sülhün əldə
olunması istiqamətində
irəliyə doğru
bir addım da atılmadı, əksinə, münaqişənin
olduğu kimi qalması, Azərbaycanın
torpaqlarının işğalı
ilə barışması
üçün həmsədr
ölkələr xeyli
çalışdılar. Ancaq
Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dünya güclərinə
qarşı milli maraqlarımızı qətiyyətlə
müdafiə etmələri
sayəsində ikili standart nümayiş etdirən ölkə və qurumların, o cümlədən Minsk qrupunun məkrli planları suya düşürüldü.
2020-ci il Vətən
müharibəsində ölkəmizin
əldə etdiyi qələbə ilə həm də ATƏT-in Minsk qrupunun
28 il ərzində həll edə bilmədiyi münaqişə
44 gündə həll
edildi.
Azərbaycanın ədaləti
güc yolu ilə təmin etməsi, suverenliyini bərpa etməsi həmçinin 30 ilə yaxın müddətdə
iki ölkə arasında nail oluna bilinməyən normallaşmaya, sülhə
də yollar açdı. Bununla da sadalananlarla bağlı üzərinə
götürdüyü missiyanı
28 il ərzində yerinə yetirməyən
ATƏT-in Minsk qrupunun da fəaliyyətinə
faktiki olaraq son qoyuldu.
Azərbaycan və
Ermənistan sülh prosesinə aidiyyəti olmayan ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması
üçün birgə
müraciət ünvanladılar.
Bu il sentyabrın
1-də ATƏT bu strukturların
birdəfəlik bağlanması
barədə qərar
qəbul etdi.
Sülh və əməkdaşlıq dövrü
Ötən 5 il
Cənubi Qafqazda məhz Azərbaycanın səyləri və əməli addımları
sayəsində sülh
və normallaşma istiqamətində mühüm
irəliləyişlərin əldə olunduğu dövr kimi xarakterizə olunur.
BMT Baş Assambleyasının
80-ci sessiyasındakı çıxışında
dövlətimizin başçısı
bununla əlaqədar vurğuladı: "Azərbaycan
Zəfər müharibəsindən
dərhal sonra ərazi bütövlüyünün
və suverenliyin qarşılıqlı şəkildə
tanınması əsasında
Ermənistanla münasibətlərdə
yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq
hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini
təqdim etdik".
Prezident İlham
Əliyev onu da qeyd etdi
ki, daha sonra layihə mətni üzrə 2022-ci
ilin oktyabrından
2025-ci ilin yayına qədər davam edən danışıqlar
prosesi bizim təşəbbüsümüzlə başladı: "Müxtəlif
təxribatlara baxmayaraq,
danışıqlar yalnız
ikitərəfli əsasda
aparıldığına, hər
hansı bir kənar müdaxilə olmadığına görə
müsbət nəticələr
verdi".
Cari il avqustun 8-də Vaşinqtonda
ABŞ, Azərbaycan və
Ermənistan liderlərinin
iştirakı ilə
Azərbaycanın və
Ermənistanın xarici
işlər nazirləri
sülh müqaviləsinin
mətnini paraflayıblar.
Həmçinin Azərbaycan
Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzalayıblar,
ABŞ Prezidenti Donald Tramp isə bu sənədə şahid qismində imza atıb.
Ağ Evdə əldə olunan mühüm nəticələrdən
biri də Zəngəzur dəhlizindən
maneəsiz keçidi
təmin edəcək
və regional bağlantıları möhkəmləndirəcək
"Beynəlxalq Sülh
və Rifah naminə Tramp Marşrutu"dur (TRIPP). Bu
layihə regional əməkdaşlıq baxımından
mühüm əhəmiyyət
kəsb edir.
"Azərbaycan yeni
bir dövrə qədəm qoyub. Biz həm müharibəni
udduq, həm də sülhü qazandıq. İşğala
son qoyduq və bərpa işlərinə başladıq.
Ədalət zəfər
çaldı, suverenlik
möhkəmləndi və
sülh de-fakto təmin olundu. Biz bu müsbət
təcrübəmizi paylaşmağa
hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın
qələbəsi və
uğuru deyil. Bu, həm də
beynəlxalq hüququn
sonda mütləq üstünlük təşkil
etməsinin sübutudur",
- deyə ölkəmizin
rəhbəri adıçəkilən
sessiyada qazanılan tarixi nailiyyətləri dünyaya bəyan etdi.
Ölkəmizin lideri
onu da xüsusi
vurğuladı ki, bizim baxışlarımız
aydındır: "Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin
daxili işlərinə
qarışmamaq, qarşılıqlı
hörmət və əməkdaşlıqdır.
Gəlin, birlikdə
ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə
deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq".
Göründüyü kimi, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının
80-ci yubiley sessiyasında
etdiyi tarixi çıxışını həm də Azərbaycanın yaratdığı
mükəmməl model
əsasında yeni və daha ədalətli
dünya nizamına necə nail olmaqla bağlı yol xəritəsi də adlandırmaq olar.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2025.- 28 sentyabr
(№208).- S.7.