Yaddaşlarda
cəsur zabit kimi qalır
Ərazi bütövlüyümüz
və suverenliyimiz uğrunda canlarından keçmiş şəhidlərin
xatirəsi xalqımız
tərəfindən həmişə
əziz tutulur, ehtiramla yad edilir.
44 günlük Vətən
müharibəsində işğal
altında olan torpaqlarımızın azadlığı
uğrunda gedən döyüşlərdə böyük
igidlik göstərərək
şəhid olmuş cəsur oğullarımızdan
biri də rəşadətli Azərbaycan
Ordusunun zabiti Fərid Tahir oğlu Ələkbərovdur.
Fərid Tahir oğlu Ələkbərov
18 iyul 1980-ci ildə Bakı şəhərində
dünyaya göz açıb. Kiçik yaşlarından hərbi sahəyə maraq göstərib. 1996-cı ildə
İstanbul Kuleli Hərbi Liseyində oxumağa başlayıb.
2000-ci ildə təhsilini
uğurla başa vuraraq doğmalarını
sevindirib. Ömrünü
hərbi sahəyə
bağlamaq arzusunda olan Fərid elə həmin il Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə
qəbul olub. Dörd il ərzində
bu təhsil ocağında hərbi biliklərə dərindən
yiyələnib. Gələcəyin
zabiti Fərid Ələkbərov 2004-cü ildə
ali hərbi təhsilini yüksək
göstəricilərlə bitirib. Aldığı hərbi təhsillə kifayətlənməyən Fərid
İsparta şəhərindəki
Dağ Komando Məktəbinə qəbul
olub. Başqa təhsil ocaqları kimi Fərid bu məktəbdə də uğurlar qazanıb.
Fərid Ələkbərov
şanlı Azərbaycan
Ordusunun müxtəlif
hərbi hissə və birləşmələrində
xidmət edib. Zabit kimi üzərinə
düşən bütün
tapşırıqların öhdəsindən
bacarıqla gəlib. Fərid Ələkbərov
2014-cü ildən pedoqoji
fəaliyyətə başlayıb.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki
Heydər Əliyev adına Hərbi İnstitut) artilleriya bölməsində müəllim
vəzifəsində xidmət
edib. Bu ali təhsil ocağında gələcəyin
zabitlərinə dərs
deyib. Ali Hərbi Məktəbdə
mayor rütbəsinədək
yüksəlib. Bacarığını
və peşəkarlığını
nəzərə alan komandanlıq 2018-ci ildə
onu baş zabit vəzifəsinə təyin edib. Həm peşəkar hərbçi, həm də əsl pedaqoq kimi kursantları
tərəfindən həmişə
sevilib, kollektivin dərin hörmətini qazanıb.
2020-ci il sentyabrın
27-də erməni təxribatı
nəticəsində İkinci
Qarabağ müharibəsi
başlayanda Fərid Ələkbərov da ilk döyüşə gedənlərdən biri olub. Onun şərəf
dolu döyüş yolu Murovdağdan başlayıb. Sonra Cəbrayıl və Füzuli rayonlarının
erməni qəsbkarlarından
azad olunmasında iştirak edib. Qarabağın tacı olan Şuşanın düşmənlərdən təmizlənməsində
böyük şücaət
və qəhrəmanlıq
göstərib. Zabit Fərid Ələkbərov
noyabrın 8-də Xankəndi
istiqamətində gedən
döyüşlərdə ayağından qəlpə
yarası almasına baxmayaraq, ilkin tibbi yardımdan sonra döyüşünü
davam etdirib. Onun rəhbərlik etdiyi döyüşçülər
düşmənin canlı
qüvvəsini məhv
edərək başqa
əsgərlərimizin mühasirədən
çıxmasında müstəsna
rol oynayıblar. Təəssüflər olsun
ki, müharibənin
dayandırılmasına bir
gün qalmış cəsur zabit Fərid Ələkbərov
Şuşa ətrafında
gedən döyüşlərdə
ağır yaralanıb.
Həkimlər nə qədər çalışsalar
da, onun həyatını xilas edə bilməyiblər. Fərid canından da çox sevdiyi
Vətən torpaqlarının
azadlığı uğrunda
gedən döyüşdə
qəhrəmancasına şəhid
olub. Yaxınları, doğmaları acı göz yaşları içində onu İkinci Şəhidlər
xiyabanında torpağa
tapşırıblar.
Döyüşlərdə göstərdiyi qəhrəmanlığa,
igidliyə görə
görə Fərid Tahir oğlu Ələkbərov ölümündən
sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə
"Azərbaycan bayrağı"
ordeninə, "Vətən
uğrunda", "İgidliyə
görə" və
"Şuşanın azad
olunmasına görə"
medallarına layiq görülüb.
Döyüş və
xidmət yoldaşları
həmişə onu xoş təəssüratlarla
xatırlayırlar. Zabit
yoldaşı Aydın
Osmanov dedi ki, Fərid çox cəsur, təcrübəli və peşəkar hərbçi
idi. Bir qayda olaraq qarşısına
qoyulan tapşırıqları
bacarıqla yerinə yetirirdi. Onun ürəyi həmişə
erməni işğalçılarına
qarşı qisas və intiqam hissi ilə döyünürdü. Qarabağı,
eləcə də erməni işğalında
qalmış torpaqlarımızı
azad görmək istəyirdi. İşğalda
qalmış ərazilərimizin
azadlığı uğrunda
döyüşməyə həmişə hazır idi. Müharibəyə də düşmənlərdən
şəhidlərimizin qisasını
almaq, torpaqlarımızı
azad etmək üçün yollandı.
Arzusuna çatdı,
həm torpaqlarımızın
erməni işğalçılarından
azad olunması uğrunda vuruşdu, həm də şəhidlərimizin qisasını
aldı. Təəssüflər
olsun ki, özü də qəhrəmancasına şəhid
oldu. Biz onun özünü də, döyüşlərdə
göstərdiyi qəhrəmanlığı
da heç vaxt unutmayacağıq.
- İkinci Qarabağ
müharibəsində demək
olar ki, bütün hərbçilərimiz
böyük cəsarətlə
vuruşdular, qeyri-adi hünər göstərdilər,
- deyə zabit Mobil Əhmədzadə söhbətimizə
qoşuldu. - Döyüşlərdə
qəhrəmanlıq göstərən
zabitlərimizdən biri
də neçə illərdən bəri yaxından tanıdığım
Fərid Ələkbərov
idi. Fərid çox vətənpərvər
zabit idi. Dərs dediyi kursantlara da həmişə vətənpərvərlik
hissləri aşılayırdı.
Şanlı Azərbaycan
Ordusunun zabiti kimi torpaqlarımızın
uzun illərdən bəri erməni işğalında qalması
onu çox narahat edirdi. Torpaqlarımızın azadlığı
uğrunda vuruşmağı
özünə böyük
şərəf bilirdi.
Fərid bu şərəfə nail oldu, qəhrəmancasına
döyüşdü. Şəhər
və kəndlərimizin
qəsbkarlardan azad olunmasında böyük cəsarət göstərdi.
Gələcək nəsillərə
nümunə olacaq bir igid idi.
Müqəddəs amallar
uğrunda şəhadətə
yüksəldi.
Zabit Fərid Ələkbərovun anası
Şükufə xanım
söhbət zamanı
oğlunun uşaqlıq
və gənclik illərindən söz açdı. Dedi ki, Fərid sakit təbiətli uşaq olub. Kiçik yaşlarından
hərbi sahəyə
maraq göstərdi, zabit olmaq istədi.
İstəyinə çatmaq
üçün hərbi məktəblərə
qəbul olub oxudu. Zabit rütbəsi
alandan sonra doğma ordumuzun sıralarında xidmət
etməyə başladı.
Həmişə xidmətindən
razılıq edirdi. Hərbçi olmaq onun həyatının mənası idi. Müharibəyə yola düşəndə zəng
vurub dedi ki, ana, biz
döyüşlərə gedirik. Gedirik ki, uzun illərdən
bəri işğalda
qalmış torpaqlarımızı
ermənilərdən azad
edək, məndən
nigaran qalmayın. Ara-sıra zəng vurub böyük sevinc içində bizə Zəfər xəbərləri verirdi,
düşmənlərdən azad etdikləri kəndlərin adlarını
çəkirdi. Şuşa
azad olunan günü də zəng vurmuşdu. Bu xəbəri bizə sevinə-sevinə
çatdırdı. Dedi
ki, Şuşanın azadlığı uğrunda
vuruşduğuma görə
özümü çox
xoşbəxt hiss edirəm. Onun bu sözləri bizi də çox
sevindirdi. Azərbaycanın
musiqi beşiyi olan Şuşa düşmənlərdən azad
olunmuşdu. Bizim üçün bundan böyük sevinc yox idi. Təəssüflər
olsun ki, ertəsi gün qapımızı onun şəhid xəbəri döydü. Bu acı xəbərdən çox sarsıldıq, sanki dünya başımıza uçdu.
Övlad itirmək ağır, dözülməz
dərddir. Yeganə təskinliyimiz odur ki, Fərid yurdumuzun azadlığı
uğrunda gedən döyüşlərdə şəhid
olub. Bir ana kimi oğlumun
igidliyi və qəhrəmanlığı ilə
həmişə fəxr
edəcəyəm.
İkinci Qarabağ
müharibəsində ordumuzun
zabit və əsgərləri böyük
igidlik və qəhrəmanlıq göstərdilər.
Elə bu qəhrəmanlıq sayəsində
də otuz ilə yaxın davam edən erməni işğalına
son qoyuldu. Ermənistan silahlı qüvvələri darmadağın
olundu. Şəhər
və kəndlərimiz
erməni qəsbindən
azad edildi. Həm xalqımız, həm də bütün dünya Azərbaycan Ordusunun gücünü, qüdrətini
bir daha gördü. Vətən müharibəsində iştirak
edən Fərid Ələkbərov kimi cəsur oğullarımız
hərbi əməliyyatlarda
böyük uğurlar
qazandılar. Göstərdikləri
qəhrəmanlıqları ilə adlarını tariximizin səhifələrinə
böyük hərflərlə
yazdılar. Gələcək
nəsillər zaman-zaman
zabit Fərid kimi cəsur oğulların qəhrəmanlığı
ilə həmişə
fəxr edəcək,
qürur duyacaq. Cəsarətdə, hünərdə
həmişə onlara
oxşamağa çalışacaqlar.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2025.-
28 sentyabr (№208).- S.12.