2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə
seçkilərində Mərkəzi
Seçki Komissiyasına
daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması
barədə Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 3/10
2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkilərində
45 saylı Sumqayıt
dördüncü seçki
dairəsindən Sumqayıt
bələdiyyəsi üzrə
namizədliyi Müasir
Musavat Partiyası tərəfindən irəli
sürülmüş İbrahimov
Elnur Fəxrəddin oğlu 12 yanvar 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət
edərək namizədliyinin
qeydə alınmasından
imtinaya dair dairə seçki komissiyasının 6 yanvar
2025-ci il tarixli 03/10 saylı qərarını
mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (bundan
sonra - Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinin tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
yaradılmış ekspert
qrupunun üzvü tərəfindən araşdırılmış,
bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə
bağlı şikayətçi
ilə əlaqə saxlanılmış, araşdırma
və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması
izah edilmiş, o komissiyanın
iclasında iştirak
etmişdir.
E.F.İbrahimov müraciətində
göstərmişdir ki,
2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkilərində
Sumqayıt bələdiyyəsi
üzrə namizədliyi
Müasir Musavat Partiyası tərəfindən
irəli sürülmüş,
imza vərəqələrini
və digər seçki sənədlərini
dairə seçki komissiyasına təqdim etmiş, lakin əmlakı barədə
təqdim etdiyi məlumat düzgün hesab edilmədiyinə görə dairə seçki komissiyasının
mübahisələndirdiyi qərarı
ilə onun namizəd kimi qeydə alınmasından
imtina edilmişdir. E.F.İbrahimov müraciətində
iddia etmişdir ki, namizədliyin qeydə alınması ilə bağlı sənədlər yoxlanılarkən
dairə seçki komissiyasına dəvət
olunmamış, seçki
sənədlərində aşkar
edilmiş çatışmazlıqların
aradan qaldırılması
üçün ona şərait yaradılmamış,
dairə seçki komissiyası iclasının
protokolu tərtib edilməmişdir. O şikayətində,
həmçinin namizədliyinin
qeydə alınmasından
imtinanın əsası
kimi göstərilən
bir minik avtomobilin etibarnamə ilə özgəninkiləşdirildiyini
də iddia etmişdir.
Dairə seçki
komissiyası E.F.İbrahimovu
namizəd kimi qeydə alınmasından
imtina edilməsi barədə 6 yanvar 2025-ci
il tarixli 03/10 saylı qərarını
onunla əsaslandırmışdır
ki, namizəd mülkiyyət hüququ əsasında ona məxsus olan minik avtomobilini komissiyaya
təqdim etdiyi əmlak barədə məlumatda göstərməmişdir.
Araşdırma prosesində
E.F.İbrahimovun seçki
sənədləri dairə
seçki komissiyasından
tələb edilərək
götürülmüş, mübahisələndirilən hissədə təkrar olaraq yoxlanılması üçün Mərkəzi
Seçki Komissiyası
nəzdində fəaliyyət
göstərən işçi
qrupuna təqdim edilmişdir. İşçi
qrupu tərəfindən
verilmiş 13 yanvar
2025-ci il tarixli rəy və rəyə əlavə edilmiş digər təsdiqedici sənədlərdən
görünür ki, namizəd E.F.İbrahimovun
mülkiyyətində bir
ədəd minik avtomobili mövcuddur. Bu hal həmçinin
ərizəçinin özü
tərəfindən müraciətə
əlavə edilmiş
digər təsdiqedici
sənədlə də
öz təsdiqini tapır. Bu səbəbdən dairə
seçki komissiyası
düzgün nəticəyə
gələrək qeyd
edilən əsasla E.F.İbrahimovun namizədliyinin
qeydə alınmasından
imtina edilməsinə
dair qərar qəbul etmişdir.
Namizədliyin qeydə
alınması ilə
bağlı seçki
sənədləri yoxlanılarkən
dairə seçki komissiyasına dəvət
olunmadığına dair
ərizəçinin iddiaları
araşdırılarkən dairə seçki komissiyasının sədrindən,
katiblərindən və
həmin dairə seçki komissiyası nəzdində yaradılmış
işçi qrupunun rəhbərindən alınan
izahatlardan müəyyən
edilir ki, imza vərəqələri
və digər zəruri seçki sənədləri yoxlanılarkən
maraqlı tərəfə,
E.F.İbrahimova məlumat
verilmiş, həmçinin
o dairə seçki komissiyasının iclasına
dəvət olunmuşdur.
O, araşdırmada iştirak
etmiş, Bakı şəhərində işinin
olmasını bildirərək
dəvət edildiyi dairə seçki komissiyasının iclasında
iştirak etməkdən
imtina etmişdir.
Beləliklə, namizəd
E.F.İbrahimov tərəfindən
dairə seçki komissiyasına təqdim edilən əmlak barədə məlumatda göstərilməyən bir
minik avtomobili hal-hazırda onun mülkiyyətində
olduğundan E.F.İbrahimovun
namizəd kimi qeydə alınmasından
imtinaya dair 45 saylı Sumqayıt dördüncü seçki
dairəsi dairə seçki komissiyasının
6 yanvar 2025-ci il tarixli 03/10 saylı Qərarının ləğv
edilməsi üçün
hüquqi əsaslar yaranmamışdır.
Araşdırma ilə
müəyyən edilmişdir
ki, 45 saylı Sumqayıt dördüncü
seçki dairəsi dairə seçki komissiyasının bütün
iclasları Seçki
Məcəlləsinin 19.13-cü maddəsinə uyğun olaraq protokollaşdırılır.
Göstərilənlərə əsasən namizəd E.F.İbrahimovun
12 yanvar 2025-ci il tarixli 4 saylı şikayəti əsassız
olduğundan təmin edilməməli,
45 saylı Sumqayıt
dördüncü seçki
dairəsi dairə seçki komissiyasının
mübahisələndirilən qərarı dəyişdirilmədən
saxlanılmalıdır.
Yuxarıda qeyd
olunanları əsas götürərək, Mərkəzi
Seçki Komissiyası
Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 216.1-ci maddələrinə
əsasən qərara
alır:
1. 2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkilərində
45 saylı Sumqayıt
dördüncü seçki
dairəsindən Sumqayıt
bələdiyyəsi üzrə
namizədliyi Müasir
Musavat Partiyası tərəfindən irəli
sürülmüş İbrahimov
Elnur Fəxrəddin oğlunun 12 yanvar 2025-ci il tarixli 4 saylı
müraciəti əsassız
olduğundan təmin edilməsin, həmin seçki dairəsi dairə seçki komissiyasının 6 yanvar
2025-ci il tarixli 03/10 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14.01.2025
Azərbaycan.-2025.-
15 yanvar (№ 8).- S.5.