Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi qüdrətindən
asılıdır. Bu
səbəbdən Azərbaycan
dövləti xalqın
və hər bir vətəndaşın
rifahının yüksəldilməsi,
onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına
qalır.
Prezident İlham
Əliyevin ölkəyə
rəhbərlik etdiyi bu illər Azərbaycan
tarixinə hərtərəfli
və sürətli inkişaf dövrü kimi daxil olub.
Ölkəmizin iqtisadi
gücü sosial proqramları icra etməyə imkan verir. Dövlət başçısı hələ
2003-cü ildə KİV nümayəndələrinə
müsahibəsində demişdir:
"Əlbəttə, sosial
məsələlər, ordu
quruculuğu, qaçqın-köçkünlərin
həyat səviyyəsinin
yaxşılaşdırılması, əziyyət içində
yaşayan insanların,
pensiyaçıların həyat
səviyyəsinin yaxşılaşdırılması,
onların taleyi ilə ciddi məşğul olacağam.
Mən bütün Azərbaycan xalqının,
hər bir Azərbaycan vətəndaşının
Prezidentiyəm. Mənim
borcumdur ki, imkan daxilində hər bir vətəndaş
inkişafa, yaxşılığa
doğru irəliləyişi
görsün və onu hiss eləsin".
Bu gün Azərbaycan dünyaya dayanıqlı iqtisadi inkişafla yanaşı, sosial rifah modelini
də təqdim edir. Dövlət başçısı dəfələrlə
bəyan edib ki, sosial siyasət
Azərbaycanın dövlət
siyasətinin ayrılmaz
hissəsidir. "Bizim
siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı
dayanır" deyən
Prezident əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl
addımlar atır.
Uğurlu sosial-iqtisadi
və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı
illərdə Şərqlə
Qərbin qovşağı
olan Azərbaycanın
qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə
respublikamızın iqtisadi
suverenliyinin möhkəmləndirilməsinə
və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə
malik qüdrətli dövlətə çevrilməsinə
zəmanət verir.
Bu gün Azərbaycanın dünyada
qəbul edilən yeni iqtisadi və
sosial inkişaf modeli qarşıdakı illərin aydın mənzərəsini yaradır.
Bu uğurlara yol açan əsas amil isə təkmil islahatlar, zamanın tələbinə uyğun
yeniləşmə, dünyanın
qabaqcıl ölkələrinin
təcrübəsinə istinad
etməkdir. Sistemli xarakter daşıyan islahatların nəticəsi
olaraq, Azərbaycan beynəlxalq aləmdə sosial dövlət kimi tanınır və nüfuz qazanır.
Ölkəmizdə əhalinin
sosial rifahının təmin olunması istiqamətində dövlət
siyasətinin əsas prioritetlərindən biri sosialyönümlü xərclərin
artırılmasıdır. Bu, özünü büdcə göstəricilərində
də aydın büruzə verir. Məsələn, 2021-ci ildə
dövlət büdcəsində
sosialyönümlü xərclər
10,3 milyard manat təşkil edirdisə,
2024-cü il üçün
bu məbləğ
15,5 milyard manata çatdırılıb. 2025-ci ilin büdcəsində isə sosial xərclər 16,9 milyard manat nəzərdə tutulub. Bu göstəricilər
qısa müddətdə
sosial xərclərin
6,6 milyard manat artdığını ortaya
qoyur. Ümumiyyətlə,
sosialyönlü xərclərin
dövlət büdcəsində
çəkisinin 41 faizə
çatması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir.
Bu artım həmçinin vətəndaşların
həyat keyfiyyətinin
yaxşılaşdırılması, sosial təminat sisteminin gücləndirilməsi
və əhalinin həssas təbəqələrinə
dəstək verilməsi
istiqamətində görülən
tədbirlərin əhəmiyyətini
göstərir.
Dövlət başçısı
İlham Əliyevin 23
dekabr 2024-cü il tarixli "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin
davam etdirilməsi haqqında" sərəncamı
vətəndaş rifahının
təminatı məqsədilə
aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir.
Sərəncama əsasən,
2025-ci il yanvarın
1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği
345 manatdan 16 faiz artımla 400, 2025-ci il fevralın 1-dən əmək
pensiyasının minimum
məbləği 280 manatdan
14,3 faiz artımla 320 manata çatdırılır.
Məlumdur ki, tarixi Zəfərimizdən
sonra "Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər" təsdiqlənmişdir.
Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək,
dayanıqlı, inklüziv
və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi,
azad edilmiş ərazilərə əhalinin
qayıdışının təmini Azərbaycanın
yeni inkişaf istiqamətinin ideoloji nüvəsini təşkil
edir. Ölkəmizin uzunmüddətli davamlı
və sürətli inkişafı üçün
cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu
əlaqəsi dövlətin
iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə səmərəli
idarə olunmasına və özəl mülkiyyət institutlarının
gücləndirilməsinə yol açır.
Azad edilmiş ərazilərimizdə aparılan
bərpa-quruculuq işlərində
də vətəndaş
məmnunluğunun qorunması
dövlətimizin əsas
prioritetidir. İşğaldan
azad olunmuş ərazilərdə insanların
özünüməşğulluğunun
təmin edilməsi istiqamətində çox
ciddi addımlar
atılır. İş
yerlərinin yaranması
üçün təxirəsalınmaz
tədbirlər görülür.
Heç şübhəsiz
ki, Azərbaycanın gündən-günə artan
iqtisadi qüdrəti,
güclü siyasi mövqeyi və iradəsi düşmənlərimizi
ciddi narahat edir. Hər vasitə ilə Azərbaycana mane olmağa çalışan
qüvvələr Ermənistanı
silahlandırmaqla bölgədə
sabitliyi pozurlar. Yerli telekanallara müsahibəsində hərbi
və təhlükəsizlik
məsələlərinə ayrılan xərclərə
toxunan Prezident İlham Əliyev fikirlərini belə izah etmişdir: "Qarabağın və Şərqi Zəngəzurun
bərpasına 4 milyard,
hərbi və təhlükəsizlik məsələlərinin
həlli üçün
8,4 milyard manat vəsait xərcləyirik.
Bu, tam fərqli
ola bilərdi. Çünki Ermənistanın
silahlanma yarışı
bizim də maliyyə resurslarımızı
əsas məsələlərdən
başqa hərbi məsələlərə cəlb
etməyə məcbur
edir".
Elşən QƏNİYEV,
Azərbaycan.-
2025.- 15 yanvar (№ 8).- S.7.