Azərbaycanın
ekoloji siyasətinin əsasında təmiz dünya qurmaq dayanır
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) böyük
uğurlarla başa çatdı. Azərbaycan
qlobal iqlim problemlərinin müzakirəsinə
həsr olunmuş tədbirin ən yüksək səviyyədə
təşkili üçün
üzərinə düşən
bütün öhdəlikləri
layiqincə həyata keçirdi. Noyabrın
11-dən 23-dək Azərbaycanda keçirilən bu mötəbər tədbir
ilk gündən uğurlu təşkili ilə diqqətləri özünə cəlb etdi. Dünyamız üçün olduqca zəruri olan bu qlobal tədbirin
ölkəmizdə keçirilməsinə
üstünlük verən
beynəlxalq birlik əvvəlcədən konfransın
uğurla baş tutacağına əmin idi. Çünki indiyə qədər ölkəmizin paytaxtı
Bakı şəhərində
neçə-neçə beynəlxalq
əhəmiyyətli idman
yarışları, həmçinin
müxtəlif təşkilatların
zirvə görüşləri
yüksək səviyyədə
keçirilmişdi.
Dünyamız üçün
vacib olan COP29-un Azərbaycanda reallaşdırılması
hər şeydən əvvəl Prezident İlham Əliyevin yürütdüyü uğurlu
siyasətin və dövlət başçımızın
dünyada daim artan nüfuzunun nəticəsidir. Çünki
Azərbaycan öhdəlik
götürdüyü, imzasını
atdığı bütün
beynəlxalq müqavilələrə
sadiq qalır. Bunlar isə ölkəmizin beynəlxalq
imicini dünyada artırır, onu etibarlı bir tərəfdaş kimi tanıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında
ölkəmizin beynəlxalq
aləmdə qazandığı
uğurlar Azərbaycan
xalqını sevindirir.
Təəssüflər olsun ki, Azərbaycanın
uğurlarına sevinməyənlər
də var. Başda Fransa olmaqla xarici dövlətlərdə fəaliyyət
göstərən erməni
lobbisinin pul kisəsindən asılı
olan Qərb dairələri məqam yaranan kimi ölkəmizə
qarşı qarayaxma kampaniyası aparırlar. Çirkin məqsədlərinə
çatmaq üçün
min oyundan çıxıb bütün
vasitə və yollara əl atırlar. Azərbaycanın
bir-birindən böyük
uğurları, daim inkişaf etməsi, dünyada söz sahibinə çevrilməsi,
COP29 kimi mötəbər
tədbirə evsahibliyi
etməsi bir sıra Qərb ölkələrini narahat
edir, yuxularını ərşə çəkdirir.
Bu işdə Fransa və erməni lobbisinin təsirindən çıxa
bilməyən Avropa Parlamenti bütün vasitələrlə çalışırdı
ki, bu mötəbər
tədbir Azərbaycanda
baş tutmasın. Çünki COP29-un ölkəmizdə
keçirilməsi Azərbaycanın
nüfuzunu dünyada daha da artıracaqdı.
Anti-Azərbaycan qüvvələrinin
bu istiqamətdəki bütün səyləri
iflasa uğradı. Dünya ictimaiyyəti bu mənasız və məntiqsiz çağırışlara, yalandan
yoğrulmuş boş
hay-küylərə əhəmiyyət
vermədi.
Prezident İlham
Əliyev 7 yanvar
2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibəsində
COP29-un ölkəmizdə keçirilməsinə
əngəl törədən
qüvvələrdən də
bəhs etmişdir. Dövlət başçısı
demişdir ki, daha bir gözləmədiyimiz
problem COP29-u siyasi motivlər səbəbindən
boykot etmək cəhdləri idi. Bu, olduqca gözlənilməz
idi. Hesab edirəm ki, bu tədbirə evsahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə
rast gəlməmişdir.
Lakin biz bunun da öhdəsindən
gələ bildik. Boykot uğursuz oldu. Baxmayaraq ki, siz də
qeyd etdiyiniz kimi, bəzi ölkələr, xüsusilə
də Fransa əlindən gələni
edirdi ki, tədbiri gözdən salsın: "Həmkarlarımdan
aldığım məlumata
görə, Fransa Prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə
edirmiş. Yəni liderlərin buraya səfər etmələrinin
qarşısını almaq
üçün hətta
belə vasitəyə
də əl atılmışdır. Lakin
bu da uğursuz
oldu. 80 dövlət və hökumət başçısı Bakıya
səfərə gəldi
və bu, bir daha Azərbaycanın
etibarlı tərəfdaş
olduğunu nümayiş
etdirdi".
Bütün maneələrə,
qarayaxma kampaniyalarına
baxmayaraq, ölkəmizin
paytaxtı Bakı şəhərində keçirilən
COP29 yüksək səviyyədə
təşkil olundu. Bütün iştirakçılar
təşkilatçılıq işlərindən razı
qaldılar. Buna görə də bu mötəbər tədbir beynəlxalq aləmdə böyük əks-səda doğurdu, Azərbaycanın daim dünyada artan nüfuzunu daha da yüksəltdi. Tədbirdə iştirak edən rəsmi şəxslər, media mənsubları, tanınmış
ekspertlər və dünya liderləri Azərbaycanın bu tədbirdəki möhtəşəm
təşkilatçılığına
yüksək dəyər
verdilər. Ən əsası isə Bakı qlobal iqlim dəyişmələri
ilə bağlı müzakirələr üçün
beynəlxalq platformaya
çevrildi. Amma hələ bu uğur da son
deyildi. Bakı iqlim problemlərinin müzakirə olunduğu platformaya çevrilməklə
yanaşı, həm də qlobal həmrəyliyin gücləndiyi,
bəşəriyyətin gələcəyi
üçün önəmli
addımların atıldığı
tarixi məkan kimi yaddaşlara yazıldı.
COP29-da bir sıra
mühüm təşəbbüslər
də oldu. Prezident İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibəsində
bu təşəbbüslərə
də toxunaraq demişdir: "...Azərbaycanın
irəli sürdüyü
təşəbbüslərin sayı 14 idi. Onların hamısını
sadalamaq istəmirəm.
Lakin bu, bizim bu məsələyə
nə qədər ciddi yanaşdığımızı
göstərir. Əlbəttə
ki, digər COP tədbirlərində istifadə
olunacaq daha bir miras hazırkı,
keçmiş və gələcək COP-a evsahibliyi
edən ölkələr
arasında "Troyka"
mexanizmidir. Bu, bir sinerji yaradır,
çünki biz
BƏƏ-də əldə
edilmiş uğur üzərində uğur
qazandıq - mən
COP28 BƏƏ Konsensusunu nəzərdə
tuturam. Biz onların təcrübəsindən
istifadə etdik və bu il
Braziliyada keçiriləcək
COP zamanı orada
BƏƏ və Azərbaycanın
əldə etdiyi uğura uğur əlavə olunacaq".
COP29-un başa çatdığı
vaxtdan xeyli zaman ötsə də, bu mötəbər
tədbir haqqında yenə də ən yüksək səviyyələrdə danışılır,
edilən səfərlər,
keçirilən görüşlər
tez-tez xatırlanır.
Yanvarın 13-də Prezident
İlham Əliyev Birləşmiş Ərəb
Əmirliklərinə işgüzar
səfəri çərçivəsində
Əbu-Dabidə Birləşmiş
Ərəb Əmirliklərinin
Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.
Görüşdə başqa
məsələlərlə yanaşı, COP29-un keçirildiyi
günlərdə səfərlər
də xatırlanıb.
Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti
2024-cü ildə Azərbaycana
rəsmi və COP29 ilə bağlı səfərlərini, bu səfərlər çərçivəsində
dövlətimizin başçısı
ilə keçirdiyi görüşləri və
aparılmış müzakirələri
məmnunluqla yada salıb.
Birləşmiş Ərəb
Əmirliklərinin Prezidentinin
COP29-da iştirakını bir daha yüksək
qiymətləndirən Prezident
İlham Əliyev qeyd edib ki,
bu mühüm beynəlxalq tədbirin uğurla başa çatdırılmasında Azərbaycanın
Birləşmiş Ərəb
Əmirlikləri ilə
əməkdaşlığı və bu ölkənin
konsepsiyası da öz rolunu oynayıb.
Hazırda Azərbaycan
COP29-la bağlı üzərinə
düşən bütün
öhdəliklərə yüksək
həssaslıqla yanaşır,
həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çoxlarına
nümunə olacaq inamlı addımlar atır. Bu istiqamətdə
həyata keçirilən
layihələrdən, aparılan
mühüm işlərdən
aydın görünən
odur ki, ölkəmizin "yaşıl
enerji" təşəbbüsləri
və ekoloji siyasətinın əsasında
insan amili və gələcək nəsillər üçün
sağlam bir dünya qurmaq dayanıb.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2025.-
15 yanvar (№ 8).- S.7.