Paşinyan
sülhsevər olduğunu
əməldə göstərməlidir
"Ermənistanın baş naziri Nikol Paşinyan və onun komanda
üzvləri üzdə
sülhdən danışsalar
da, realda yürütdükləri siyasətləri
ilə bunun əksini həyata keçirirlər. Müdafiə
sahəsində isə
biz Ermənistanın Qərbdəki havadarlarından
öldürücü silahlar
almasının şahidiyik".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, rəsmi
İrəvan maddi qarşılığını ödəmədən müasir
hücum silahları əldə edir və fərqli platformalarda özü barədə "məzlum"
obrazı yaratmağa çalışır. Daim
imperialist maraqların
alətinə çevrilmiş
Ermənistan sülhpərvər
kimi yox, aqressiv davranır. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi fikirlər
bu istiqamətdə konkret və aydın təsəvvür
formalaşdırmaqla yanaşı,
kifayət qədər
önəmli mesajları
da özündə ehtiva edir. Dövlət
başçısı Azərbaycanın
hərbi və təhlükəsizlik məsələlərinə
verdiyi önəmi bir daha vurğulayaraq
qeyd etdi ki, Ermənistanın silahlanması sadəcə
yeni gərginliyə gətirib çıxaracaq:
"Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi
bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları
bunu istəmirlər".
K.Bayramov qeyd edib ki, Qərb
regionda çox təhlükəli strategiyasını
həyata keçirmək
planını yenidən
işə salıb:
"Ermənistanın hücum
təyinatlı silahlar
əldə etməsi gələcəkdə regionda
münaqişənin yenidən
alovlanmasını şərtləndirə
bilər. Fransa və Hindistanın bu ölkəyə göndərdiyi pulsuz silahlar, Yunanıstanın
"S 300" raket komplekslərini
Ermənistana vermək
niyyəti, adını
"sülh fondu"
qoyub Hayastana silah-sursat, hərbi texnikaların alınması
üçün milyonlarla
dollar ayıran Avropa İttifaqının
"Avropa Sülh Fondu" Ermənistanı
yenidən revanşist
fikirlərə salıb.
Bir tərəfdən
Fransa, digər tərəfdən Aİ-nin
Ermənistanı silahlandırması
bu qüvvələrin,
əslində, Qafqazda
yeni münaqişə
ocağının yaranmasında
maraqlı olduqlarını
bir daha göstərir. Azərbaycan
bütün prosesləri
izləyir və Ermənistanın silahlandırılması
faktlarını görür.
Təsadüfi deyil ki, bu il
Azərbaycanın hərbi
büdcəsi rekord həddə çataraq
8.4 milyard manat olaraq müəyyən edilib. Silahlanma yarışına daxil olmaq Ermənistanın iqtisadi resurslarını daha çox hərbi xərclərə
yönəltməsinə səbəb
olur və bu da ölkənin
inkişafını əngəlləyir,
vətəndaşların gündəlik
həyatını çətinləşdirir".
Deputat diqqətə
çatdırıb ki,
revanşizmə meyillilik
birinci növbədə
Ermənistanın özünə
ciddi təhlükə
yaradır, çünki
bu siyasət ölkəni uzunmüddətli
gərginliklərə və
daxili münaqişələrə
sürükləyir. Revanşist
siyasət onsuz da bu ölkənin
zəif olan sosial vəziyyətini daha da ağırlaşdırır.
Belə ki, erməni xalqı iqtisadi və sosial tərəqqi arzulayır, amma müharibə təhlükəsi
narazılıqları artırır.
Digər tərəfdən,
həmin siyasət beynəlxalq aləmdə Ermənistanın təcrid
olunmasına və mövcud müttəfiqlərinin
dəstəyini itirməsinə
yol açacaq ki, bu da
ölkənin gələcəkdə
daha da çətin
vəziyyətə düşməsinə
səbəb olacaq. Bu meyillər yalnız Ermənistanın
daxilində deyil, həm də regiondakı digər dövlətlərin təhlükəsizlik
maraqlarını da təhdid edir.
Deputat vurğulayıb
ki, Azərbaycanın prinsipial və ədalətli mövqeyi həm də beynəlxalq aləmdə bu məsələnin ciddiyyətini açıq
şəkildə nümayiş
etdirir. Dövlətimizin
strateji hədəfləri
sülhün bərqərar
olması üçün
hər cür diplomatik təşəbbüsləri
dəstəkləməkdədir. Beləliklə, bu yanaşma eyni zamanda Azərbaycanın regionda ədalətli və davamlı sülhün təmin olunması yönündə
həyata keçirdiyi
ardıcıl siyasətin
ifadəsidir.
K.Bayramov bildirib
ki, Ermənistan rəhbərliyi Azərbaycanla
sülhdə maraqlıdırsa,
pozitiv addımlar atmalıdır: "Birinci
növbədə, Minsk
qrupunun ləğvini dəstəkləməli, konstitusiyasından
Azərbaycana ərazi
iddialarının yer aldığı müstəqillik
bəyannaməsinə istinadla
bağlı müddəanı
çıxarmalı, eyni
zamanda sürətlə
silahlanma prosesindən
əl çəkməlidir.
Yalnız belə olan halda regionda
dayanıqlı sülh
və təhlükəsizlikdən
söhbət gedə bilər. Doğrudur, Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan
ölkəsinin Minsk qrupunun ləğvi ilə bağlı
ATƏT-ə müraciət etmə ehtimalını nəzərdən keçirdiyini
bildirib. Eyni zamanda N.Baqdasaryan Ermənistanın Azərbaycanın
ərazi bütövlüyünü
tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə
hazır olduğunu bildirib. Xatırladaq ki, Prezident İlham
Əliyev dəfələrlə
Minsk qrupunun və onun bütün
institutlarının ləğv
edilməli olduğunu
bəyan edib. Bu qrupun ləğvi
Azərbaycanın Ermənistanla
sülh sazişi imzalaması üçün
şərtlərindən biridir.
Amma yenə də burada sözə yox, konkret əmələ ehtiyac var, çünki
rəsmi Bakının
mövqeyi aydındır".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2025.-
15 yanvar (№ 8).- S.8.