Milli Qəhrəman Hökumə
Əliyevanın həyatından
bəhs edən film çəkiləcək
Azərbaycan Kinematoqrafçılar
İttifaqının katibi,
Əməkdar incəsənət
xadimi, rejissor, ssenarist Ziya Şıxlinski yeni filmin çəkilişlərinə
hazırlaşır.
İttifaqdan AZƏRTAC-a bildirilib
ki, qısametrajlı sənədli film
2024-cü il dekabrın
25-də Aktau şəhərində
qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer
190” təyyarəsinin stüardessası
Hökumə Əliyevanın
həyatından bəhs
edəcək.
H.Əliyevaya həsr
olunmuş qısametrajlı
sənədli filmin çəkilişlərinin yaxın
zamanlarda baş tutması planlaşdırılır.
Filmin bədii rəhbəri Azərbaycan
Kinematoqrafçılar İttifaqının
sədri, Xalq artisti Rasim Balayev,
ssenari müəllifi,
rejissor Ziya Şıxlinski, operatoru ittifaqın İdarə Heyətinin üzvü, Əməkdar incəsənət
xadimi Adil Abbasovdur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Azərbaycan.-2025.- 15 yanvar (¹ 8).- S.9.