Xalq rəssamının yaradıcılıq
sehri
Ölkəmizin milli
rəngkarlıq məktəbinin
inkişafına layiqli
töhfələr bəxş
etmiş sənətkarlardan
biri də Xalq rəssamı Qəyyur Yunusdur. O, çağdaş rəssamlıq
sənətimizin ən
layiqli nümayəndələrindəndir.
Qəyyur Habil oğlu Yunusov Bakının Əmircan kəndində anadan olub. Böyük fırça ustası Səttar Bəhlulzadə ilə yaxın qohumluq əlaqəsi var.
O, peşəkar rəssamlıq
təhsilini əvvəlcə
Ə.Əzimzadə adına
Azərbaycan Dövlət
Rəssamlıq Texnikumunda,
daha sonra isə Tbilisi Rəssamlıq Akademiyasında
alıb. Rəssamın
bir sıra xarici ölkələrdə
fərdi sərgiləri
təşkil olunub. Q.Yunusun əsərləri
respublikamızın və
dünyanın nüfuzlu
muzeylərində, şəxsi
kolleksiyalarda saxlanılır.
İstedadlı rəssam
bir sıra mükafatlara və medallara layiq görülüb.
Bir rəssamın
yetişməsində, yetkinləşməsində
və püxtələşməsində
onun doğulduğu məkan, təhsil aldığı mühit əsas rol oynayır.
Q.Yunus Avropayönümlü
rəssamlıq təhsili
alıb. Amma onun yaradıcılığının
ana xətti və əsas qayəsi Şərq incəsənətindən, Azərbaycan
incəsənətinin ayrılmaz
qolu olan Qacar üslubundan qaynaqlanır və rəssamın yaratdığı
bədii sənət nümunələri bunu hər vəchlə özündə ehtiva edir. Təbii ki, bu, rəssamın
bədii dünyagörüşündən
və ömrü boyu apardığı müşahidələr əsasında
gəldiyi qənaətlərdən
yaranıb. Rəssamın
özü bu barədə deyir: "Mənim bu istiqamətdə
işləməyim Tbilisidə
təhsil aldığım
illərdə orada Qacarlar üslubunda yaradılmış sənət
əsərləri ilə
tanışlığımdan başladı və bunun yaradıcılığıma böyük
təsiri oldu". Rəngkarlıq ustası gördüklərini
bədii təxəyyülündən
keçirməklə və
islam incəsənətinin
əsas xüsusiyyətlərini
araşdırmaqla öz
yaradcılıq manerasını
zənginləşdirib və
sonda özünün
yaradıcılıq dəst-xəttini,
bədii üslubunu formalaşdırmağa başlayıb.
Q.Yunusun əsərlərinə
tamaşa edən zaman sanki ayrı
bir aləmə düşürsən. Sənətkarın
sirli tablolarında rəssamın bədii təxəyyülündən süzülüb
gələn obrazlar, nəsnələr, əsərin
ümumi ab-havası tamaşaçını öz
dünyasına çəkib
aparır. Onun tablolarında elə bil mistika var.
Tamaşaçı sanki
obrazların dolğun,
mənalı və müəmmalı nəzərləri
qarşısında qeyri-ixtiyari
olaraq fikirlərə dalır, düşüncələrə
qərq olur. Elə bil mənəvi
cəhətdən saflaşır,
durulur. Fikrimcə, bu rəssamın elə əsl istəyinin, yaradıcılıq
qüdrətinin nəticəsidir.
Q.Yunusun yaratmış
olduğu obrazlarda, əsasən də qadın obrazlarının
timsalında ümumiləşmiş
Azəbaycan qadınının
saf, ülvi simasını yaratmağı
qarşısına məqsəd
qoyub və öz istəyinə uğurla nail ola bilib. Rəssamın
yaratdığı kompozisiyalarda
məkan tutqun tonlardadır. Bu, istər açıq, istərsə də qapalı məkanda işlənilmiş tablolarda
olsun, eyni ilə belədir.
Rəssamla Əmircanda
yerləşən yaradıcılıq
emalatxanasında görüşümüzdə
apardığımız söhbətlər
adama ayrı bir estetik zövq
bəxş edir. Qəyyur müəllimin minilliklərə söykənən
islam incəsənəti,
mənəvi dini dəyərlərimiz, ölkəmizin
zəngin incəsənət
tarixi, rəssamlığın
hazırkı durumu, sənətkarın fərdi
yaradıcılıq xüsusiyyətləri,
onun missiyası və gələcək planları baradə söhbətlərini dinlədikcə
doğrudan da nə qədər kamil və zəngin
bədii təxəyyülə
və dünyagörüşə
malik müdrik bir insanla qarşı-qarşıya
qaldığının şahidi
olursan.
Rəssamın yaradıcılıq
nümunələri - təsvir
edilən məkanlar və qəhrəmanlar ilk
baxışda sadə,
cəlbedici, ovsunlayıcı,
tamaşaçıda xoş
hisslər, duyğular
yaratmasına baxmayaraq,
birdən adam özü də bilmədən bu məkanda və qəhrəmanların içində
- süjetin alt qatlarında gizlənmiş,
minilliklərdən süzülüb
gələn, dərin
məna-məzmun yükünə
malik hadisələrin axarına
düşüb gedir,
həmin aləmə qərq olur, tabloda kilidlənmiş ilahi gözəlliklə qovuşur.
Q.Yunus yaradıcılığı,
bədii dünyagörüşü
və sənət dünyası haqqında, onun düşündürən
və bədii zövq aşılayan çoxsaylı tabloları
haqqında bir sıra sənətşünaslar
yüksək fikirlər
söyləyib, məqalələr
yazıblar. Bu yerdə sənətşünas
Sara Nəzirovanın rəssamın yaradıcılığı
haqqında yazmış
olduğu: "Elə
tablolar var ki, onlardan insanlığın
bir anı, yaxud müəyyən bir zamanı baxır. Qəyyur Yunusun tablolarından isə xalqımızın
ən azı min illik mədəniyyəti
boylanır" - cümlələri
yada düşür.
Xalq rəssamı
Qəyyur Yunusun yaratmış olduğu tablolarda xalqımızın
keçmişindən süzülüb
gələn nur gələcək minilliklərə
də işıq salacaq. İnanırıq ki, Qəyyur Yunus gələcəkdə
də parlaq tablolar yaradacaqdır.
Əsəd QULİYEV,
sənətşünas, Azərbaycan Rəssamlar İttifaqının üzvü
Azərbaycan.-2025.-
15 yanvar (№ 8).- S.11.