Sənət
ocağının uğurlu
layihələri davam edir
115-ci mövsümünü yaşayan Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların ən
çox üz tutduğu mədəniyyət
ocaqlarından biridir. Həmişə olduğu
kimi, bu mövsümdə də teatrın yaradıcı kollektivi bir çox uğurlu layihələrə imza atdı.
Azərbaycan Dövlət
Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət
xadimi, fəlsəfə
doktoru Əliqismət
Lalayev söhbət zamanı yaradıcı kollektivin fəaliyyətindən,
həyata keçirilən
layihələr və
tamaşaya qoyulmuş
əsərlərdən ətraflı
söhbət açdı.
Dedi ki, 2024-cü il Dövlət Akademik Musiqili Teatrı üçün
olduqca uğurlu il kimi yadda
qaldı. Həm repertuarda yer alan tamaşaların nümayişləri, həm
də yeni səhnə əsərlərinin
təqdimatı baxımından
zəngin bir il yaşadıq. Həmişə olduğu
kimi, 2024-cü ildə
də teatrsevərlərin
zövqünü oxşamağa,
sənətimizə olan
maraq və diqqəti artırmağa çalışdıq. Məqsədimizə
də nail olduq. Teatrımızı bir-birindən maraqlı tamaşalarla həm ölkəmizdə, həm
də xarici səfərlərdə uğurla
təmsil etdik: "Ötən il repertuarımızda özünəməxsus
yeri olan tamaşaların nümayişi
ilə yanaşı, bir-birindən maraqlı yeni səhnə əsərləri də teatrsevərlərin ixtiyarına
verildi. Tamaşaçılara
təqdim olunan əsərlər "Adamın
adamı" (Vasif Adıgözəlov, Anar, quruluşçu rejissor Əsgər Əsgərov),
"Palata" (Anton Pavloviç Çexov, səhnələşdirən B.Osmanov,
quruluşçu rejissor
Ər-Toğrul), "Qadınım"
(Tuncər Çücənoğlu,
quruluşçu rejissor
İradə Gözəlova),
"Əliqulu bu gün evlənir" (O.Rəcəbov, Sabit Rəhman, libretto müəllifi və quruluşçu rejissor İlham Namiq Kamal) tamaşaları,
"Aysedora" (Zinovi
Saqalov, quruluşçu
rejissor Cavid İmamverdiyev), "Killerdən
teleqram" (Pərviz
Seyidli, quruluşçu
rejissor Zaur Əliyev), "İnanıram"
(Ülviyyə Heydərova,
rejissor Leonid Klets) monotamaşaları böyük alqışlarla
qarşılandı. Ötən
il ərsəyə gələn yeni səhnə əsərləri
sırasında uşaqlar
üçün "İki
küpəgirən qarı"
(Əli Əlizadə,
Tatyana Karelina, Roman Sef, quruluşçu
rejissor Əhəd Hacıyev) və "Evdə tək" (Kris Kolumbusun eyniadlı filmi əsasında, quruluşçu
rejissor Zaur Əliyev) tamaşaları
isə balacalar tərəfindən çox
sevildi".
Azərbaycan Dövlət
Akademik Musiqili Teatrı ilə dünyanın müxtəlif
mədəniyyət ocaqları
arasında yaradıcılıq
əlaqələri ildən-ilə
daha da genişlənir.
Teatrın direktoru bu barədə məlumat verərək bildirdi ki, ötən
ilin mayında Moskvanın "Pyotr Fomenkonun Emalatxanası"
teatrı qonağımız
oldu. Kollektiv səfər zamanı dünya şöhrətli
yazıçı-dramaturq Aleksandr
Ostrovskinin eyniadlı pyesi əsasında hazırlanan "Qurdlar və qoyunlar" (quruluşçu rejissoru Pyotr Fomenko) adlı iki hissəli
komediyasını nümayiş
etdirdi. Bundan başqa, teatrın yaradıcı heyəti ötən il ərzində həm ölkədaxili, həm də xarici ölkələrə qastrol
səfərlərinə gedib,
müxtəlif beynəlxalq
festivallara qatılıb
və böyük uğurlar qazanıb. Dostluq, qarşılıqlı
əməkdaşlıq, təcrübə
mübadiləsinə köklənmiş
belə ənənələr
hər il davam etdirilir və uğurlar qazanılır.
Söhbət zamanı
onu da öyrəndik
ki, 2024-cü ilin sentyabrında teatrın rəhbəri Beynəlxalq
Türk Mədəniyyəti
Təşkilatının (TÜRKSOY) XXV
Opera Günləri çərçivəsində
keçirdiyi tədbirlərdə
ölkəmizi layiqincə
təmsil edib. Onun Ankarada Beynəlxalq
Türk Mədəniyyəti
Təşkilatı (TÜRKSOY) baş katibliyinin binasında TÜRKSOY-a üzv
ölkələrin Opera və
Balet Teatrları Direktorlar Şurasının
üçüncü iclasındakı
çıxışı iştirakçılar
tərəfindən maraqla
dinlənilib.
Ötən il yaradıcı kollektivin qastrol səfərləri də çox uğurlu olub. Sentyabrın 13-də Azərbaycan
Dövlət Akademik Musiqili Teatrının
"Aysedora" (Z.Saqalov)
monotamaşası Belarusun
Brest şəhərində
keçirilən 28-ci "Belaya
Veja" Beynəlxalq Teatr Festivalında uğurla nümayiş etdirilib. Münsiflərin diqqətini cəlb etdiyinə görə tamaşa festivalın mükafatına layiq görülüb. Onu da bildirək ki, dünyanın 7 ölkəsindən 22 teatr
kollektivinin qatıldığı
bu festivalda ölkəmizi teatrın aktrisası Olqa Georgiyeva təmsil edib.
Həmçinin 2024-cü ilin sentyabrında teatrın solisti Rauf Babayev Qazaxıstanın
Karaqanda şəhərində
keçirilən "DosStar"
XIII Açıq Operetta
və Müzikl Festivalında iştirak edib, böyük uğur qazanıb. Aktyor Qazaxıstan,
Rusiya, Özbəkistan
və Macarıstanın
tanınmış opera
ulduzlarının iştirak
etdiyi festivalda həm məşhur macar bəstəkarı İmre Kalmanın "Sirk Şahzadəsi" əsərində Toni Bonvil obrazını canlandırıb, həm də qala-konsertdə çıxış edib.
Oktyabrın 4-də isə
teatrın yaradıcı
heyəti Cəbrayıl
Şəhər Günü
münasibətilə keçirilən
təntənəli bayram
tədbirində dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin ölməz əsəri olan "Arşın mal alan" (quruluşçu rejissor E.Mirzəyev, bərpaçı
rejissor Ə.Hacıyev)
operettasını təqdim
edib.
Ötən ilin
noyabrında BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
(COP29) paytaxtımızda keçirildiyi
günlərdə yaradıcı
kollektiv tamaşaçıların
qarşısına xüsusi
seçilmiş repertuarla
çıxmış, tanınmış
aktyorların ifasında
3 dildə (Azərbaycan,
rus, ingilis) nümayiş etdirilən səhnə əsərləri
rəğbətlə qarşılanmışdı.
COP29-un ölkəmizin paytaxtında davam etdiyi günlərdə Qırğızıstanın incəsənət
ustaları da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı
oldular. Onlar ekoloji problemlərin mövcudluğuna diqqət
çəkmək üçün
"Adəm" adlı
balet tamaşası ilə çıxış
etdilər. Nümayiş
olunan səhnə işi təbiətin harmoniyasının bərpası
və "yaşıl
dünya"nın qələbəsi
ilə bitdi və tamaşaçılar
tərəfindən alqışlarla
qarşılandı. Elə
bu ərəfədə
beynəlxalq tədbir
çərçivəsində Bakıya gələn Esvatini Krallığının
Kralı III Msvatinin xanımı Philile Thulile Dlamini teatrımızda qonaq oldu və buradan
xoş təəssüratlarla
ayrıldı.
Noyabr ayında
teatrın direktor müavini, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Vəfa Mühacirovanın rəhbərliyi
altında teatrın yaradıcı heyəti Qazaxıstanın Şimkənd
şəhərində keçirilən
Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq
Teatr Festivalında iştirak edib. Əməkdar artist Şövqi Hüseynovun təqdimatında "Killerdən
teleqram" (Pərviz
Seyidli, quruluşçu
rejissor Zaur Əliyev) monotamaşası
festival iştirakçılarının
böyük marağına
səbəb olub və bu beynəlxalq
tədbirin təşkilatçıları
tərəfindən müxtəlif
nominasiyalar üzrə
mükafatlara layiq görülüb.
Kollektiv dekabrın
əvvəllərində Şəkidə
keçirilən IV Beynəlxalq
Teatr Festivalında da alqışlarla qarşılanıb. Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
və maliyyə dəstəyi ilə regionlarda təşkil olunan qastrol səfərləri proqramına
uyğun olaraq bu festivala qatılan
teatr "Molla Nəsrəddinin beş arvadı" (İbrahim Sadıqov, quruluşçu
rejissor Əsgər Əsgərov) komediyasını
təqdim edib.
Sənət ocağının
yaradıcı kollektivi
ötən il daha bir uğura
imza ataraq "Qadınım" tamaşasını
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının
səhnəsində nümayiş
etdirib. Xatırladaq ki, kollektiv bu
tamaşa ilə may ayında Türkiyənin Konya şəhərində 16-cı dəfə keçirilən
"Min nəfəs, bir səs" Teatr Festivalında da uğurla iştirak edib.
Aparılan işlərdən,
tamaşaya qoyulan əsərlərdən, qazanılan
mükafatlardan aydın
görünən odur
ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi 2024-cü ili böyük uğurlarla yola salıb. İnanırıq ki, yaradıcı kollektiv belə bir fəaliyyəti
2025-ci ildə də davam etdirəcək. Yaradıcı heyət yeni layihələrlə, bir-birindən maraqlı səhnə əsərləri
ilə tamaşaçılarını
sevindirəcək, onların
zövqünü oxşayacaq.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2025.-
15 yanvar (№ 8).- S.11.