Azərbaycanın
AQEM-də sədrliyinin
prioritet istiqamətləri
müzakirə edilib
Yanvarın 15-də Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
Asiyada Qarşılıqlı
Fəaliyyət və
Etimad Tədbirləri
üzrə Müşavirənin
(AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
görüş zamanı
tərəflər Azərbaycanın
AQEM-də 2024-2026-cı illər
üzrə sədrliyinin
prioritet istiqamətlərini,
təşkilat çərçivəsində
mövcud işləri
və perspektivləri
müzakirə ediblər.
Görüşdə ölkəmizin çoxtərəfli
diplomatiyada zəngin təcrübəsi və uğurlu sədrlikləri
xüsusi vurğulanaraq,
Azərbaycan tərəfindən
AQEM sədrliyi üzrə
təqdim olunmuş konseptual sənədin təşkilatın gələcək
inkişafı ilə
bağlı, həmçinin
ölkələr arasında
əməkdaşlığın və etimadın möhkəmlənməsi üçün
geniş istiqamətləri
əhatə etdiyi məmnunluqla qeyd olunub.
Ceyhun Bayramov ideya müəllifi kimi Qazaxıstanın təşkilatın inkişafında
əhəmiyyətli rol
oynadığını diqqətə
çatdırıb. Sədrliyimiz
dövründə təşkilatın
beynəlxalq rolunun və səmərəliliyinin
daha da artırılması,
üzv ölkələr
üçün praktiki
faydanın genişləndirilməsi,
institusional inkişafın
təmin edilməsinin
vacibliyini qeyd edib. Təhsil, iqlim dəyişmələri,
gənclər, media, nəqliyyat bağlantıları
və bir çox digər istiqamətlərdə əməkdaşlığın
inkişafının önəmi
vurğulanıb. Nazir
COP29 sədrliyimiz çərçivəsində
qlobal iqlim gündəliyi ilə bağlı çox əhəmiyyətli qərarların
qəbul edildiyini nəzərə alaraq, iqlim dəyişmələri
ilə mübarizə
sahəsində AQEM çərçivəsində
layihələr üçün
potensialın olduğunu
bildirib.
Baş katib Kayrat Sarıbay Azərbaycana səfər proqramının kifayət
qədər geniş olduğunu, o cümlədən
aidiyyəti qurumlarla keçiriləcək görüşlərinin
AQEM üçün əhəmiyyət
kəsb edən mövzular üzrə ətraflı məlumatın
əldə edilməsi
və Azərbaycanın
sədrliyinin prioritetlərinin
müzakirəsi baxımından
faydalı olacağını
ifadə edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan.-2025.- 16 yanvar (№ 9).- S.6.