"Azərbaycan Respublikasında Rəqəmsal
İnkişaf Konsepsiyası"nın
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 3-cü və
32-ci bəndlərini rəhbər
tutaraq, "Rəqəmsal
inkişaf sahəsində
idarəetmənin təkmilləşdirilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2021-ci il 27 aprel tarixli 1325 nömrəli Fərmanının icrası
ilə əlaqədar
qərara alıram:
1. "Azərbaycan Respublikasında
Rəqəmsal İnkişaf
Konsepsiyası" (bundan sonra - Konsepsiya) təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki:
2.1. bu Fərmanın
1-ci hissəsi ilə təsdiq edilən Konsepsiyada nəzərdə
tutulan tədbirlərin
əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan
Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
2.2. Konsepsiyada nəzərdə
tutulmuş Rəqəmsal
İnkişaf Operatorunun
funksiyalarını Azərbaycan
Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;
2.3. ali kateqoriya
dövlət orqanları,
habelə mühafizə
olunan şəxslərin,
qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin
edən dövlət orqanları, kəşfiyyat
və əks-kəşfiyyat
fəaliyyətinin subyektləri
istisna olmaqla, digər dövlət orqanları (qurumları) tərəfindən dövlət
informasiya sistemlərinin
və ehtiyatlarının
formalaşdırılması və təkmilləşdirilməsi,
eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə
layihələrin (büdcədənkənar
dövlət fondlarının
vəsaitləri hesabına
həyata keçirilən
layihələr istisna
olmaqla) maliyyələşdirilməsi
Azərbaycan Respublikası
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin rəyi (Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi ilə razılaşdırmaqla)
əsasında təmin
edilir.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
3.1. dövlət orqanları
(qurumları) tərəfindən
tətbiq olunan rəqəmsal həllərin
sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi,
habelə dövlət
orqanları (qurumları)
tərəfindən təşkil
olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun
müəyyən edilməsi
üçün tənzimləyici
pilot layihələrin
həyata keçirilməsi
ilə bağlı təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
3.2. Konsepsiyanın həyata
keçirilməsi ilə
bağlı görülən
işlər, o cümlədən
Konsepsiyada nəzərdə
tutulmuş tədbirlərin
icrası barədə
ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə
məlumat təqdim etsin;
3.3. dövlət orqanları
(qurumları) tərəfindən
(ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin
edən dövlət orqanları, kəşfiyyat
və əks-kəşfiyyat
fəaliyyətinin subyektləri,
eləcə də Müşahidə Şurası
Azərbaycan Respublikasının
Prezidenti tərəfindən
formalaşdırılan dövlət
müəssisələri istisna
olmaqla) bu Fərmanın 5.3-cü bəndində
nəzərdə tutulmuş
illik planın icrasına nəzarəti həyata keçirsin;
3.4. rəqəmsal inkişaf
və elektron hökumətlə bağlı
görülən işlərin
və həyata keçirilən tədbirlərin
icrasına məsul vəzifəli şəxslərin
(ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin
edən dövlət orqanları, kəşfiyyat
və əks-kəşfiyyat
fəaliyyətinin subyektləri
istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi
meyarlarını beş
ay müddətində
müəyyən edib
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.5. ölkə səviyyəsində
informasiya infrastrukturunun
rəqəmsallaşma səviyyəsinin
diaqnostikasının həyata
keçirilməsi qaydalarını,
o cümlədən meyarlarını
beş ay müddətində müəyyən
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
3.6. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
4. Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi:
4.1. bu Fərmanın
5.2-ci bəndinə uyğun
olaraq əldə etdiyi rüblük statistik məlumatların,
fərdi məlumatların
mühafizəsi ilə
bağlı tələblər
nəzərə alınmaqla,
hər rübdən sonrakı ayın 20-dək
Azərbaycan Respublikasının
Dövlət Statistika
Komitəsinə və
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə
təqdim olunmasını
təmin etsin;
4.2. Azərbaycan Respublikası
Prezidentinin və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarında nəzərdə
tutulan hallarda data əsaslı qərarların qəbul edilməsi və süni intellekt həllərinin tətbiqi
istiqamətində aidiyyəti
dövlət orqanları
(qurumları) ilə qarşılıqlı əlaqədə
tədbirlər görsün;
4.3. Konsepsiyanın həyata
keçirilməsi ilə
bağlı görülən
işlər, o cümlədən
rəqəmsallaşdırmanın əlaqələndirilməsi istiqamətində
həyata keçirilən
tədbirlər barədə
rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat
təqdim etsin.
5. Dövlət orqanlarına
(qurumlarına) tapşırılsın,
Azərbaycan Respublikasının
Mərkəzi Bankına
tövsiyə edilsin ki:
5.1. Konsepsiyadan irəli
gələn vəzifələrin
icrası ilə bağlı görülən
işlər barədə
rübdə bir dəfə Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat təqdim etsinlər;
5.2. elektron xidmətlərdən
istifadə ilə bağlı rüblük statistik məlumatların hər rübdən sonrakı ayın 10-dək
Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər;
5.3. ali kateqoriya
dövlət orqanları,
habelə mühafizə
olunan şəxslərin,
qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin
edən dövlət orqanları, kəşfiyyat
və əks-kəşfiyyat
fəaliyyətinin subyektləri
istisna olmaqla, digər dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və
təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə
layihələrin icrasına
dair illik planın hazırlanmasını,
Azərbaycan Respublikası
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin texniki və səmərəlilik
baxımından məqsədəuyğunluq
barədə rəyi alınmaqla təsdiq olunmasını və yenilənməsini təmin
etsinlər;
5.4. informasiya təhlükəsizliyinin
gücləndirilməsi məqsədilə
son istifadəçi kompüterlərini Azərbaycan
Respublikasının Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti
tərəfindən qurulmuş,
mərkəzləşdirilmiş antivirus mühafizə vasitəsi ilə, habelə Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim
olunan lisenziyalı əməliyyat sistemləri
və ofis proqramları ilə təmin etsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 yanvar 2025-ci il
Azərbaycan.-2025.-
17 yanvar (№ 10).- S.2.