Azərbaycan Fransanın
neokolonial siyasətini
ifşa edir
"Azərbaycan dünyada müstəmləkəçiliyə qarşı mübarizə
aparan əsas dövlətlərdən biridir.
Artıq bir neçə ildir ki, ölkəmiz neokolonializmə
qarşı mübarizəni
prioritetlərdən biri
elan edib. Ölkəmiz
beynəlxalq müstəvidə
atdığı hər
bir addımla sübut edib ki, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır
və dünyanın harasında baş verməsindən asılı
olmayaraq, bu cür neqativ halların aradan qaldırılmasına çalışır".
Bu sözləri "Azərbaycan"
qəzetinə Milli Məclisin
deputatı Kamran Bayramov deyib.
O bildirib ki, Fransanın
neokolonial siyasətinə
qarşı Azərbaycanın
liderliyi ilə başlanan mübarizə Parisdə ağrılı
bir şəkildə qəbul olunur. Buna qarşı çıxmaq
məqsədilə Fransanın
atdığı bütün
addımları fiasko ilə nəticələnib.
Azərbaycan isə Fransanın müstəmləkə
ərazilərində törətdiyi
cinayətlərin müvafiq
hüquqi qiymətini alması, koloniya zülmü altında yaşayanların öz azadlığına qovuşması
istiqamətində fəaliyyətini
davam etdirməkdə qətiyyətlidir. Prezident
İlham Əliyev yerli
televiziya kanallarına
müsahibəsində bununla
bağlı qeyd edib: "Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və
Bakı Təşəbbüs
Qrupunun fəaliyyəti
ildən-ilə genişlənir,
böyüyür. Yenə
də deyirəm, əgər bu proses müəyyən səbəblər
üzündən başlamışdırsa,
bu gün bu, artıq həyatımızın bir
parçasıdır və
xüsusilə bu ərazilərin nümayəndələri
ilə görüşmək,
onların dilindən problemlərini eşitmək,
onların gözündə
bu həsrəti, bu tükənmiş ümidləri görmək
həm ağırdır,
həm də ki, çox tanışdır.
Çünki biz də
uzun illər təxminən eyni vəziyyətdə idik.
Biz müstəqil olmayan
dövrdə müstəqillik
eşqi ilə yaşamışıq, hər
halda cəmiyyətimizin
böyük qismi. Biz müstəqillik əldə
etdik və dərhal işğala məruz qaldıq, hətta ondan qabaq. Bu ədalətsizlik elə həyatımızın
bir parçası idi və biz bu ədalətsizlikdən
canımızı xalqımızın
iradəsi ilə qurtardıq. Amma bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə
çıxış əldə
edə bilmirlər..."
K.Bayramov diqqətə
çatdırıb ki, hazırda
Bakıdan başlayan beynəlxalq təşəbbüs,
daha dəqiq desək, neokolonializmə qarşı "Bakı Təşəbbüsü" öz bəhrəsini verməkdədir.
Yanvarın 21-də Azərbaycan
növbəti dəfə
mötəbər beynəlxalq
tədbirə sahiblik etdi. Bakıda Fransanın müstəmləkəçiliyi
altında olan Reyunyon adasına həsr edilmiş "Reyunyonun müstəqilliyi:
Fransanın müstəmləkə
mirasına və suverenlik yoluna baxış" mövzusunda
beynəlxalq konfrans keçirildi. Bakı Təşəbbüs Qrupunun
təşkilatçılığı ilə keçirilən tədbirdə müstəqillik
uğrunda mübarizə
aparan Reyunyon xalqının təmsilçiləri,
habelə müstəmləkəçilik
əleyhinə fəaliyyət
göstərən təşkilatların
rəhbərləri, hüquq
müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının
rəhbərləri, dekolonizasiya
üzrə ekspertlər
və tədqiqatçılar
iştirak etdilər. Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərində
portuqaliyalı səyyahlar
tərəfindən kəşf
edilib. Ada 1642-ci ildə
XIV Lüdovikin dövründə
fransızlar tərəfindən
ələ keçirilib
və Burbon adası adlandırılıb.
Üç il sonra isə burada ilk daimi koloniya qurulub.
Deputat qeyd edib ki, Reyunyon adasında müstəmləkəçilik
irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə
hiss etdirir: "Fransanın
adadakı dominant mövqeyi
və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə
nail olmaq uğrunda göstərdiyi səylərə
ciddi maneələr yaradır. İqtisadi sahədə bu təsir adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə
asılı olması,
yerli istehsalın zəifləməsi və
işsizlik səviyyəsinin
artması kimi məsələlərdə özünü
göstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri
və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyinetmə
hüququnu məhdudlaşdırmaqla
yanaşı, onların
qərarvermə prosesində
iştirakını da minimuma
endirir".
K.Bayramov xatırladıb
ki, konfransda "Ka Ubuntu" Müstəqillik hərəkatının
Reyunyon bölməsinin
koordinatoru Benjamin Klement bildirib ki, reyunyonlular ada torpaqlarının öz sahiblərinə - xalqa qaytarılmasını tələb
edirlər. Qeyd edilənlər fonunda Azərbaycanın Reyunyon xalqına da öz azadlığına qovuşması
üçün bütün
lazımi dəstəyi
bundan sonra da verəcəyini indi Fransada da yaxşı bilirlər. Bu hal həm də Fransanın müstəmləkə
siyasətinə vurulan
növbəti zərbə
hesab olunur. Hesab edirik ki, bu tədbir Reyunyon xalqının öz gələcəyini
müstəqil şəkildə
müəyyən etməsi
üçün beynəlxalq
dəstəyin vacibliyinə
dair çağırış
platforması rolunu oynayacaq.
Yanvarın 23-24-də Kanakidə
(Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan
əraziləri özündə
birləşdirən Beynəlxalq
Dekolonizasiya Cəbhəsinin
bu ilin ilk konqresi keçirildiyini diqqətə çatdıran
deputat deyib ki, tədbirdə Yeni Kaledoniya,
Fransız Polineziyası,
Martinik, Qvadelupa, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda
mübarizə aparan parlamentarilər, siyasi partiyaların liderləri,
qeyri-hökumət təşkilatlarının
rəhbərləri, ictimai
hərəkatların başçıları
və digərləri
iştirak ediblər. Konqres iştirakçıları
Yeni Kaledoniyanın Adət-Ənənə
Senatını, Yeni Kaledoniyanın
müstəqilliyi uğrunda
mübarizə aparan əsas siyasi qüvvə - Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) iqamətgahını
və yeni kaledoniyalı
siyasi məhbuslara dəstək kollektivini ziyarət edib, müzakirələr aparıblar.
Bakı Təşəbbüs
Qrupunun nümayəndəsinə
isə viza verilməməsi səbəbindən
təşkilat sözügedən
konqresdə iştirak
edə bilməyib. Xatırladaq ki, Beynəlxalq
Dekolonizasiya Cəbhəsi
2024-cü ilin iyulunda Bakı Təşəbbüs
Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının
nümayəndələri tərəfindən
yaradılıb.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2025.- 25 yanvar
(№ 16).- S.7.