İrəvan Qərbin təzyiqindən qurtula bilmir

 

Düşdüyü ağır sosial-iqtisadi böhrandan hələ xilas ola bilməyən Ermənistanda siyasi durum getdikcə daha gərgin xarakter almağa başlayır. Mövcud hakimiyyətə qarşı etiraz aksiyalarının çoxalması bunun ən real təsdiqidir.

Etiraza çıxanlar hakimiyyətin siyasətinin yanlış olduğunu ölkənin sürətlə uçuruma doğru yuvarlandığını bildirir bu səbəbdən Paşinyan hakimiyyətinin heç uzun olmayacağını bəyan edirlər.

Yaranmış durumdan istifadə etməyə çalışan müxalifət Paşinyan iqtidarına qarşı təzyiqləri artıracaqlarını bildirib. Xüsusilə Rusiyaya qarşı çıxaraq Qərbin verdiyi vədlərə güvəndiyini qeyd edən müxalifət Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasətlə konkret seçim etdiyini bildirir.

"4rd.am" nəşri yazıb ki,  hakim Vətəndaş Müqaviləsi Partiyasında baş nazir Nikol Paşinyanın anti-Rusiya siyasəti ilə bağlı dərin, lakin səssiz fikir ayrılığı var, bu da siyasi təşkilatda parçalanmaya yol aça bilər. Bildirilib ki, partiya üzvləri bir-biri ilə söhbətlərində Paşinyanı onun anti-Rusiya siyasətini tənqid edirlər, amma bu fikirləri qətiyyən ucadan səsləndirmirlər. Məlumata görə, Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının son iclasında üzvlərə fəal şəkildə anti-Rusiya arqumentini irəli sürməyi keçmiş idarəçilərin Rusiyanın köməyi ilə hakimiyyətə qayıtmaq istəyini ictimaiyyətə bildirməyi tapşırıb.

Qəzetdə qeyd olunub ki, anti-Rusiya əhvali-ruhiyyəsinin ardıcıl olaraq dərinləşməsi partiya içərisində parçalanmaya səbəb ola bilər, çünki siyasi təşkilatın üzvlərinin özləri bu istiqamətdə həyəcan təbili çalırlar.

Hakim partiyadan olan deputat Xaçatur Sukiasyan deyib ki, Rusiya-Ermənistan münasibətlərində gərginlik vaxtsa artıb, indi isə vəziyyəti həll etmək vaxtıdır. Onun fikrincə, Ermənistanın Avrasiya birliyindəki tərəfdaşları problemi çox böyütməməlidirlər, çünki gələcəkdə onlar da Avropa bazarına çıxmaq istəyəcəklər. Sukiasyanın bildirdiyinə görə, həm AB, həm AİS, əslində, iqtisadi bazarlardır dünyada hamı belə bazarlar uğrunda mübarizə aparır.

Erməni deputatın sözlərinə görə, indi dünyada üç mühüm amil fəaliyyət göstərəcək: birincisi, karbohidrogen ehtiyatları, ikincisi, logistik imkanlar, üçüncüsü, texnologiyaya yaxınlıq.

Erməni deputat Moskvanın Ermənistanın AB- inteqrasiyası prosesinə sərt reaksiyasını "İrəvanı batmaqda olan Titanik"ə bənzətməsini emosional adlandırıb: "Əgər münasibətlər korlanarsa, təkcə Ermənistan deyil, Rusiya da itirəcək. Rusiya tərəfdən sərt bəyanatlar gəlməsə, daha yaxşı olar".

 "Past" nəşri isə yazıb ki,  Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı ilə görüşündə Moskva ilə İrəvan arasında əlaqənin kəsilməsinin aradan qaldırıldığını elan edərkən, Ararat Mirzoyan bəyan edib ki, hakim Vətəndaş Müqaviləsi Partiyasının parlamentdə Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanmasına dair qanun layihəsinin lehinə səs verəcəyi gözlənilir.

Nəşrə görə, görünən odur ki, rəsmi İrəvan daha uzun müddət Qərbin təzyiqindən qurtula bilməyəcək: "Bu da bir məsələdir ki, bunu etmək istəyir, yoxsa yox? Amma Moskvada Rusiya xarici işlər nazirinin iştirakı ilə Rusiya tərəfi "Avropa referendumu"na istinadı "moveton" kimi qiymətləndirə bilər. Ola bilsin ki, Mirzoyan Moskvadan Brüsselə Vaşinqtona onlara sadiqliyini inandırmaq üçün Rusiyaya gedib. Xarici siyasət vektorunu dəyişən hökumətdən hər şeyi gözləmək olar".

İndi Ermənistanda belə hesab olunur ki, mövcud problemlərin meydana gəlməsi dərinləşməsində Paşinyan iqtidarının yarıtmaz siyasəti əsas rol oynayır. Bu isə o deməkdir ki, İrəvanı qarşıdakı dövr ərzində hələ ağır günlər gözləyir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2025.- 25 yanvar (№ 16).- S.12.