İtaliya
saytı Azərbaycandakı
Alban-Udi xristian icmasından yazıb
İtaliyanın “Med-Or” Fondunun
saytında Azərbaycanda
yaşayan Alban-Udi xristian
dini icması haqqında məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetinin
jurnalisti Rossella Fabianinin müəllifi olduğu “Udi icmasının
yaşadığı Azərbaycan
dağlarında” sərlövhəli
məqalədə Alban-Udi xristian
dini icmasının Azərbaycanın dağlıq
regionunda – paytaxt Bakıdan təxminən
240 kilometr uzaqlıqda
yerləşən Qəbələ
rayonunun Nic qəsəbəsində
yaşadığı bildirilir.
Məqalədə diqqətə
çatdırılır ki, udilər eramızın IV
əsrində xristianlığı
qəbul etmiş Qafqazın qədim alban əhalisinin törəmələridir.
Jurnalist Bakıdan
Şamaxıyadək olan
yolboyu Qafqaz ərazisini görmək imkanı əldə etdiyini, avtomobilin pəncərəsindən müxtəlif
mənzərələrin -ən
səhra ərazilərdən
üzüm tinglərinin
olduğu yaşıllıqlara,
portağal, şabalıd
ağaclarına qədər-
şahidi olduğunu bildirir. Bildirir ki, Nic yolu
Şamaxıya, oradan da Gürcüstana gedən yoldur. Vaxtilə Azərbaycanın
paytaxtı olan Şamaxı çoxlu zəlzələlərin baş
verdiyi ərazidədir:
“1902-ci ildəki zəlzələdə
şəhər tamamilə
dağılıb. Gözəl
təbiəti olan Şamaxı Qafqazın ən qədim şəhərlərindən biridir”.
Rossella Fabiani səfər müddətində Alban-Udi xristian dini icmasının sədri Robert Mobilinin onu müşayiət etdiyini deyir: “Səfər zamanı Robertin bizə göstərdiyi Böyük Qafqaz dağlarını görürük. O deyir: Kiçik Qafqaz dağları Qarabağdadır. Böyük Qafqaz dağları isə Qubadan başlayıb, Qara dənizdə bitir”.
Məqalədə qeyd
olunur ki, Nic qəsəbəsində
5 məktəb var. Burada dərslər Azərbaycan və rus dillərində, dördüncü sinfə
qədər isə udi dilində tədris olunur. Nic qəsəbəsindəki
5 nömrəli tam orta məktəbin direktoru Venera Antonova qədim udi dilini öyrətmək
üçün iki kitab yazıb. Robert Mobili də udi dilinin qorunub
saxlanması üçün
böyük işlər
görüb. O, Azərbaycan
dili-udi dili lüğətini tərtib
edib.
Yazıda Robert Mobilinin
digər fikirlərinə
yer verilir: “Bizim kilsəmiz 1836-cı ilədək, daha dəqiq desək, həmin il martın
11-nə, rus çarı
I Nikolayın Alban kilsəsini Erməni Qriqorian kilsəsinə tabe etmək qərarına gəldiyi vaxtadək mövcud ola bildi. Həmin
vaxtdan etibarən alban mənbələrinin
erməni dilinə tərcüməsi başlandı.
Udilər bu qərarı rədd edərək evdə ibadət etməyə başladılar. Onlar qriqorianlaşmaq istəmirdilər
və dillərini, kimliklərini qoruyub saxladılar. Çar Rusiyası Qafqazda “parçala, idarə et” prinsipini dəhşətli şəkildə
tətbiq etdi: xalqları parçaladı,
dindən istifadə edərək nifrət hissi yaydı”.
“Biz apostol kilsəsiyik, çünki
12 həvaridən biri
olan Varfolomey eramızın 71-ci ilində
Bakıya gəlib. Həvari Bakının tarixi hissəsi olan İçərişəhərdə
şəhid olub, burada ona həsr
olunmuş kilsə də var idi.
Kilsə sovet dövründə dağıdıldığı
üçün bu gün artıq mövcud deyil. Varfolomeydən əvvəl
Qüdsün ilk patriarxı Müqəddəs
Yaqubun adından Qafqaza göndərilmiş
Müqəddəs Yelişanın
bu torpaqlarda xristianlığı və
Qafqazın ən qədim kilsəsi olan Kişi təbliğ edib. Üçillik bərpa prosesindən sonra Kiş kilsəsi bu gün əvvəlki
quruluşuna qayıdıb.
Gürcü və erməni kilsələri də onu Qafqaz
kilsələrinin “anası”
hesab edirlər. Bu kilsələrin öz kanonik əraziləri var idi ki, bu
da indiki Azərbaycanın ərazisinə
uyğundur. 313-cü ildə
Milan fərmanı ilə xristianlıq dövlət dini oldu. O dövrdə Azərbaycanda da monastırların, kilsələrin
və ibadətgahların
tikintisinə yeni təkan verildi. Lakin ölkədə xristianlığın əsl
çiçəklənməsi Qafqaz Albaniyasının hökmdarlarından biri olan Cavanşir sayəsində baş verdi və onun
dövründə çoxlu
kilsələr tikildi.
Onun at belində
kiçik heykəli Kiş kilsəsində nümayiş etdirilir”, - deyə yazıda qeyd olunur.
Robert Mobili deyir: “Mən İordan çayında vəftiz edildim və Atos dağını ziyarət edən ilk azərbaycanlı oldum. Burada Ksenofont monastırının arximandriti Aleksi öz xaçını mənə verdi. Biz Qüds kilsəsinə, eləcə də Efiopiya və Suriya kilsələrinə yaxınıq. Şərqli qardaşlarımızla əlaqə saxlaya bilməyərək keçirdiyimiz uzun illər liturgiyamız haqqında biliklərimizin çoxunu itirdik. Bu səbəbdən keşişlərimiz liturgiyamızı yenidən öyrənmək üçün qədim Suriya kilsəsinin olduğu Türkiyənin Mardin şəhərinə gedirlər. Mardində türkcə danışırlar və bunu başa düşmək bizim üçün çətin deyil. Bizi iki həftə qarşılayır və qədim kilsələrinin ayinlərini öyrədirlər”.
Yazıda qeyd olunur ki, 1996-cı ildə Sinay Palimpsestinin kəşfi eramızın V və VI əsrlərində udi dilinin mövcudluğunu sənədləşdirir. Alimlər
palimpsestdə bütün
oxunaqlı səhifələri
şərh edib və qədim albanların liturgik dili ilə udi
dili arasında davamlılıq tapıblar.
“Xristian reallığımız
bizim üçün
o qədər canlıdır
ki, bütün cəmiyyət tariximizi dirçəltməyə və
tanıtmağa sadiqdir.
2002-ci ildə Roma Papası II İoann Pavel Bakıya gələndə biz ona alban xaçımızı
təqdim etdik və o anın fotosu kəndimizdə, hər kəsin görə biləcəyi
xüsusi yerdə - Nic qəsəbəsindəki
“Cotari” alban kilsəsindədir”, - deyə
Robert Mobili qeyd edir.
Məqalədə vurğulanır
ki, bu gün
dünyada təxminən
10 min udi var. Nic qəsəbəsində
4 min, Oğuz rayonunda isə 100-ə yaxın üdi var və bəziləri
də Bakıda yaşayır. Qalanları
isə Rusiyada, Gürcüstanda, Qazaxıstanda
və Ukraynadadır. Özbəkistan, Türkmənistan,
Tacikistan, Moldova, Belarus, Litva
və Qırğızıstanda
kiçik icmalar da var.
Robert Mobili deyir
ki, onların hamısı Sovet İttifaqının dağılmasından
sonra iqtisadi səbəblərdən buradan
köçüblər. Bu
gün biz yaşayan xristian icmasıyıq və əsasən kənd təsərrüfatı ilə
məşğul oluruq:
“Ötən il Bakıda keçirilən
ilahiyyat kursunun ikinci hissəsi Nicdə keçiriləcək.
Gələcək ilahiyyatçılar,
sonradan keşiş təyin olunacaq insanlar burada təhsil alacaqlar. Həmçinin onlar təcrübə mübadiləsi
və liturgiya öyrənmək üçün
Türkiyənin Mardin
şəhərinə gedəcəklər”.
Qeyd edək ki, Rossella Fabiani daha əvvəl Azərbaycana səfəri ilə bağlı silsilə məqalələr dərc edib, Qafqaz Albaniyası xristian memarlığından, o cümlədən Xudavəng, Gəncəsər və Xatirəvəng kilsələri haqqında yazıb.
Azərbaycan.-2025.- 26 yanvar (¹ 17).- S.9.