Azərbaycan həqiqətləri
dünyaya tanıdılır
Hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi anılır. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılmasını, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 31-də Bakı kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar.
Bu soyqırımı əsl hüquqi-siyasi qiymətini Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra almışdır. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı fərman erməni millətçilərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından bir növ proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbitlənmişdir. Fərmanda deyilirdi: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir".
Ötən illər ərzində Azərbaycan dövləti bu tarixi gerçəklikləri, xalqın iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində xeyli iş görmüşdür. Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti dolğun əksini tapmışdır. Tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni işbirliyinin nəticəsi olmuşdur. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirmək, bu torpaqlarda erməni dövləti qurmaq məqsədi güdmüşlər.
XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmışdır. Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində "Böyük Ermənistan" dövləti qurmağı niyyətləyən ermənilər "Qnçaq" (1887-ci ildə Cenevrədə yaradılıb), "Daşnaksütyun" (1890, Tiflis), "Erməni vətənpərvərləri ittifaqı" (1895, Nyu-York) kimi siyasi-terror təşkilatlarını bu istiqamətə yönəltmişdilər. Sözügedən təşkilatların fəaliyyət proqramında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tuturdu. 1905-1907-ci illərin Rusiya inqilabı bu təşkilatların fəaliyyəti üçün "geniş imkanlar" açdı. Qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törətmiş, 75 azərbaycanlı kəndini talan etmişlər.
1905-1907-ci illər inqilabından sonra azərbaycanlıların deportasiyası və soyqırımı prosesi davam edirilmişdir. Bunu Rusiya imperiyasının o vaxtkı statistik məlumatları da təsdiqləyir. 1916-cı ildə nəşr olunan məlumatlara əsasən, İrəvan quberniyasının əhalisi 1830-1914-cü illər ərzində 40 dəfə artaraq 570 min nəfər təşkil etmişdi. Lakin bunun müqabilində bölgənin azərbaycanlı əhalisinin sayı cəmisi 4,6 dəfə artmışdı. Hətta bu qədər sıxışdırılma və deportasiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni 247 min nəfəri azərbaycanlılardan ibarət olmuşdur.
1914-cü ildə başlanan Birinci dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin "Böyük Ermənistan" iddiası üçün əlverişli şərait yaratmışdı. 1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başlamışdı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr vermişdi. Türkiyə ərazisindən erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda erməni əhalisi də köçüb gəlmişdi. Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutmuşlar.
1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhalisinə divan tutmuşlar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi tamamilə dağıdılmış və yandırılmışdı. Bu ərazidə yaşayan 135 min azərbaycanlı türkünün bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşlar.
Bu qırğınlara 1917-ci il dekabrın 16-da RSXSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. S.Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasətini həyata keçirmək və Türkiyədə rus ordusunun işğalı altında olan yerlərdə "Türkiyə Ermənistanı yaratmaq" səlahiyyəti verilmişdi. Birinci dünya müharibəsinin gedişində baş verən dəyişikliklər də ermənilərin azğın planlarına uyğun idi. Lakin Brest-Litovsk (mart, 1918-ci il) sülh müqaviləsinin bağlanması nəticəsində Rusiya qoşunları işğal etdikləri Qars, Ərdəhan və Batumini tərk etməli oldular, bu ərazilər Türkiyəyə qaytarıldı. Öz növbəsində Türkiyə dövləti həmin vilayətlərin boşaldılmasını tələb etdi. İran və Türkiyə cəbhəsindən geri dönən rus və erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirildi. Şaumyan onlardan azərbaycanlılara qarşı istifadə etmək qərarına gəldi. Həmin dövrdə isə Bakıda çox az sayda könüllü müsəlman əsgəri var idi. Bu vəziyyətin özü də Şaumyana mənfur siyasətini həyata keçirmək üçün əlverişli imkan verirdi. Böyük qırğınlara başlamağa yalnız bəhanə lazım idi: nəhayət, müsəlman əsgərlərin Lənkəranda olan könüllülərə silah göndərmək istəməsi Şaumyana bu bəhanəni verdi. O, Lənkərana silah göndərilməsinin qarşısını almaq əmrini verdi. Başlanan atışmada ölən və yaralananlar oldu. Şaumyan bu hadisəni bəhanə edərək ruslarla erməniləri azərbaycanlılara qarşı mübarizəyə qaldırdı və Bakıda azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar başladı.
Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil aldı. Üç gün ərzində Bakıda 17 min insan qətlə yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailiyyə"nin binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı (onlardan 2560-ı qadın, 1277-si uşaq idi) qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu.
Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törətmişdilər. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdular. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdü. Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər, o cümlədən 1653 qadın, 965 uşaq məhv edilmişdi. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş, əhali üzərində heç nəyə məhəl qoymadan qətliam həyata keçirilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində ("Əməkçi" qəzeti, ¹ 231, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər öldürülmüşdür.
70 illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi "vətəndaş müharibəsi", "əksinqilabi qiyam" kimi saxtalaşdırılan mart hadisələri əslində bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi növbəti soyqırımı siyasəti idi. Bu qırğının təşkilatçısı S.Şaumyan RSXSR XKS-ə 13 aprel 1918-ci il tarixli məktubunda yazırdı: "Bizim süvari dəstəyə edilən silahlı hücumdan bir bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi".
Göründüyü kimi, azərbaycanlılara qarşı aşkar soyqırımı həyata keçirən ermənilər Bakı daxil olmaqla, bütün Azərbaycanı özlərinin ərazisinə çevirmək niyyətində idilər. Xalqımız uzun illər bu gerçək tarixdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdir. Dəhşətli genosidin qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üzərində Kirovun heykəli ucaldılmış, ətrafda istirahət parkı salmışdılar. Bu mənada, ümummilli lider Heydər Əliyevin 9 il bundan əvvəl imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətinə qarşı çıxarılan tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlılığı baxımından da çox əhəmiyyətlidir. Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Bunun müqabilində ermənilər ötən illər ərzində özlərinin saxta iddialarını ictimailəşdirməyə, "erməni soyqırımı" adlı avantüranı geosiyasi amilə çevirməyə cidd-cəhdlə çalışmışlar.
Son illərdə respublikamız bu sahədə fəaliyyətini gücləndirmiş, ermənilərə qarşı effektiv əks-hücum təşkil etmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı bu işlərin vahid və sistemli surətdə aparılmasına imkan yaratmışdır. Bu sərəncam uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir.
Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qətiyyətlə davam etdirilir. Dövlət başçısının soyqırımı ilə bağlı xalqa müraciətində vurğulandığı kimi: "Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində biz qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, onilliklər boyu planlı olaraq əsl soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin ifşasına nail olacağıq".
"Biz hücumda olmalıyıq!" deyən Azərbaycan Prezidenti İlham Əliyev erməni terrorizminə qarşı bütün cəbhələrdə mübarizə aparmağın vacibliyini vurğulayır və hər bir vətəndaşı bu ümummilli məsələdə fəal olmağa çağırır. Son beş ildə Ermənistanın istər hüquqi, istərsə də siyasi cəhətdən ifşası istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər bu bəyanatın praktik və əməli fəaliyyətə söykəndiyini bir daha təsdiqləyir.
S.Elmanoğlu
Azərbaycan.-2009.-1
aprel.-S.1-2.