Tariximizin qanla yazılmış səhifələri

 

Birinci dünya müharibəsinin əvvəlindən bəri bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanların özlərinə və əmlakına qarşı törədilmiş zorakılıqları təhqiq etmək məqsədilə Azərbaycan hökumətinin 1918-ci il 15 iyul tarixli qərarı ilə Fövqəladə İstintaq Komissiyası (FİK) təşkil olunmuşdu.

Ələkbər bəy Xasməmmədov onun sədri, Gəncə dairə məhkəməsinin üzvləri İsmayıl bəy Şahmalıyev və Andrey Fomiç Novatski, Gəncə mahal məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə məskunlaşma idarəsinin üzvü Nikolay Mixayloviç Mixaylov, barışdırıcı hakimlər qurultayının keçmiş sədri, həqiqi mülki müşavir V.Qudvil və müəllim Mirzə Cavad Axundzadə komissiyanın üzvləri təyin edilmişdilər (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1001, siyahı 1s, iş 103, vərəq 2).

Komissiyaya cinayət məhkəmə icraatı nizamnaməsinə uyğun olaraq məhkəmə-istintaq hakimiyyətinə məxsus səlahiyyət və hüquqlar verilmişdi.

Ələkbər bəy Xasməmmədov mülkədar idi, Yelizavetpol mahal məhkəməsində andlı müvəkkil, AXC dövründə Gəncə şəhərinin başçısı olmuşdu, türk sosial-federalist inqilabçılarının "Qeyrət" partiyasını yaradanlardan (1905-ci il) biri Xəlil bəy Xasməmmədovun qardaşı idi.

Azərbaycanın müxtəlif regionlarında öz həyatını və sağlamlığını risk altında qoyaraq çalışan FİK üzvlərinin gərgin və vicdanlı əməyi sayəsində müxtəlif erməni silahlı təşkilatlarının azərbaycanlıları məhv etmək üçün məqsədyönlü şəkildə həyata keçirdikləri zorakılıqlara dair qiymətli materiallar toplanıb rəsmiləşdirildi. Bu materialların əhəmiyyəti və dəyəri bundadır ki, onlar ciddi peşəkar iş nəticəsində hazırlanmış rəsmi sənədlərdir.

1918-ci il noyabrın 22-də FİK-in sədri Ələkbər bəy Xasməmmədov respublikanın ədliyyə naziri F.X.Xoyskiyə "Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair" məruzə təqdim etmişdi. Ə.Xasməmmədov öz məruzəsində qeyd etmişdi ki, yaxşı silahlanmış və hərbi təlim keçmiş ermənilər şəhərin müsəlmanların sıx yaşadığı məhəllələrində kütləvi qırğınlar törətmişlər: "Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini öldürür, qılınc və xəncərlə onları kəsib-doğrayır, süngüyə keçirir, evlərə od vurub yandırır, uşaqları oda atıb yandırır, üç-dörd günlük uşaqları havaya tullayıb süngüyə keçirirdilər. Evdə qalan, demək olar, bütün südəmər uşaqları öldürür, onların valideynlərinin dalınca qaçıb küçədə qətlə yetirirdilər. Şəhərin elə bir məhəlləsi yoxdur ki, orada ermənilər müsəlmanları qırmasınlar, çox az sayda adam öz həyatını xilas edə bilmişdirE Ermənilər müsəlmanları öldürməklə yanaşı, onların əmlakını məhv edir, ən dəyərlilərini özləri ilə aparırdılar. Müsəlmanları öldürüb izi itirmək üçün basdırırdılar. Təkcə bir yerdə torpağın altından qulağı, burnu kəsilmiş, qarınları cırılmış 57 müsəlman meyiti tapılmışdıE" (Azərbaycan Respublikasının SPİH Dövlət Arxivi, fond 277, siyahı 2, iş 16, vərəq 16).

Komissiya üzvləri öz hesabatlarında şahidlərin və zərərçəkmişlərin ifadələri əsasında müəyyənləşdirmişdilər ki, Bakının müsəlman əhalisinə qarşı törədilmiş cinayətlərin başlıca qızışdırıcısı və iştirakçısı qismində S.Lalayevin istisnasız olaraq ermənilərdən ibarət dəstəsi çıxış etmişdir.

Bakıda baş vermiş faciəli hadisələrin istintaqını bilavasitə aparmış komissiya üzvlərindən biri A.Y.Kluqe öz protokollarında göstərirdi ki, "Bakı hadisələri zamanı 11.000-dək müsəlman qətlə yetirilmişdir" (Azərbaycan Respublikasının SPİH Dövlət Arxivi, fond 277, siyahı 2, iş 27, vərəq 18).

Bakıda törədilmiş vəhşiliklərdən sonra heç bir müqavimətə rast gəlməyən və bu uğurlarından ruhlanan ermənilər öz çirkin niyyətlərini və vəhşi planlarını Azərbaycanın qəzalarında daha arxayınlıq və həyasızlıqla həyata keçirməyə başlamışdılar. Erməni millətçilərinin qanlı cinayətləri sırasında Şamaxı hadisələri xüsusi yer tutur. S.Şaumyanın əmri ilə guya sovet hakimiyyətinin rəsmiləşdirilməsi üçün oraya göndərilmiş və əksəriyyəti ermənilərdən ibarət olan silahlı quldur dəstələri Şamaxını bütünlüklə talan və darmadağın etmişdilər.

Bu hadisələri təhqiq etmiş Gəncə dairə məhkəməsinin, həmçinin Fövqəladə İstintaq Komissiyasının üzvü A.F.Novatski öz hesabatlarında təəccüblə yazırdı: "...Ermənilər 1918-ci ilin 18 (31) martında səhər erkən Şamaxı şəhərinə hücum çəkmişlər. Şamaxı cənubdan ermənilər, şimal-şərq tərəfdən malakanlar tərəfindən mühasirəyə alınmışdır. Bu dəstələr Şamaxının müsəlmanlar yaşayan aşağı hissəsini bombardman etmişlər. Bu zaman şəhərin yuxarı hissəsində yaşayan ermənilər odlu silahlardan müsəlmanları atəşə tutmuşlar. Şəhərə girməyə nail olmuş erməni və malakanlar müsəlmanları məhv etməyə başlamışlar. Onlar irəlilədikcə evləri yandırmış, qarət etmiş, dinc əhalini qırmışlar" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1s, iş 99, vərəq 6).

A.Novatskinin məlumatına əsasən, yanğın şəhərin bütün müsəlman hissəsinə yayılmış və ertəsi gün bunun yerində yalnız xarabazarlıq qalmışdır. Kişi, qadın, uşaq olmasına baxmayaraq, sakinlər küçələrdə gülləbaran edilmiş, onlara olmazın əzab-əziyyətlər və işgəncələr verilmişdir: "Küçələr zorlanmış, döşləri kəsilmiş, qarınları yarılmış, təhqirlərə məruz qalmış qadın cəsədləri ilə dolu idi, hətta nizələrlə torpağa saplanmış uşaq meyitlərinə də rast gəlmək olurdu" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1s, iş 106, vərəq 6).

FİK üzvünün hesabatında belə bir fikir əsas götürülür ki, ermənilər insanları yalnız onların müsəlman olduqlarına görə qırmışlar. Onlar müsəlmanların dini hisslərinə toxunmuş, məscidləri, müqəddəs yerləri təhqir etmişlər. "Küçələr, həyətlər, məscidlər insan cəsədləri ilə dolu idi. Bütün əmlak qarət edilərək erməni və malakan kəndlərinə aparılmışdı. Bütün məscidlər, o cümlədən 13 məhəllə məscidi və "Cümə məscidi", buradakı müqəddəs ziyarətgahlar yandırılmışdı" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1s, iş 108, vərəq 6).

Ermənilər tərəfindən törədilmiş, kütləvi və məqsədyönlü xarakter daşıyan çirkin əməllərə Şamaxı qəzasının bütün kəndlərində də yol verilmişdi. A.Novatskinin əldə etdiyi məlumatlara əsasən, Navahı kəndində "ermənilər kəndə soxularaq əhalini vəhşicəsinə döymüş, qaçanları güllələmiş, əllərinə keçənləri süngüdən keçirmiş, xəncərlə doğramış, uşaqları valideynlərinin gözləri qarşısında süngülərə taxmış, qadınları zorlamış, döşlərini kəsmiş və nəticədə 555 kişini, 260 qadını, 140 uşağı məhv etmişlər" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1s, iş 110, vərəq 14).

Tarixi mənbələrdən gətirilmiş misallardan da göründüyü kimi, Şamaxıda və qəzanın müsəlman kəndlərində müsəlmanlara kütləvi şəkildə divan tutulması, S.Şaumyanın həyasızcasına bildirdiyi kimi sovet hakimiyyətinin qurulması məqsədi deyil, millətçilik və dini qisasçılıq məqsədi daşıyırdı.

Şamaxı hadisələrinə dair ədliyyə nazirinin adına hazırladığı məruzəsində komissiyanın sədri Ə.Xasməmmədov yazırdı: "Stepan Lalayevin Samson Əmirov və Saatsazbekovla birlikdə erməni əsgərlərindən təşkil olunmuş böyük bir silahlı dəstənin başında Şamaxıya gəlişindən az sonra şəhərin bütün müsəlman hissəsi məhv edildi. Lalayevin əmri ilə əsgərlər gənc müsəlman qızlarını tutur, onları Şamaxıdakı evlərinə aparır, soyundurur, güclə içirir, zurnada çalınan musiqi altında rəqs etməyə məcbur edir, zorlayır, sonra isə bəzilərini yerindəcə öldürür, bəzilərini isə hündür eyvanlardan küçəyə atırdılar" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1s, iş 99, vərəq 6).

Müsəlman əhalisinə Şamaxıda ermənilər tərəfindən divan tutulması 1918-ci ilin sentyabrına qədər davam etmişdi. Yalnız türk qoşun hissələrinin köməyə gəlməsi erməniləri insanlığa zidd olan bu vəhşi əməllərdən əl çəkməyə məcbur etmişdi.

O günlərdə "Azərbaycan" qəzeti yazırdı: "S.Lalayevin Şamaxı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur" ("Azərbaycan" qəzeti, 21 (8) oktyabr, 1918, ¹ 19, vərəq 2). Ermənilərin vəhşilikləri o qədər dəhşətli idi ki, bunları xalqdan gizli saxlamaq mümkün deyildi. Şamaxı dəhşətləri bütün ölkədə əks-səda vermişdi. Bolşeviklər də öz mətbu orqanlarında Şamaxı faciəsinə dair hesabat dərc etməyə məcbur olmuşdular, lakin burada Lalayevin törətdiyi vəhşiliyə yalnız bir ifadə ilə toxunulurdu: "... və dinc əhaliyə münasibətdə ədalətsizliyə yol verilmişdir" (Azərbaycan SSR EA-nın xəbərləri, ¹ 2, 1989, səh. 123). İctimai rəyi sakitləşdirmək məqsədilə bolşeviklər Kojemyakonun başçılığı altında Fövqəladə Hərbi-İstintaq Komissiyası yaratmışdılar. Komissiyanın fəaliyyəti nəticəsində S.Lalayevə qarşı dinc əhalinin məhv edilməsi və şəhərin yandırılması ittihamı irəli sürülmüşdü. Bu cinayətkarı həbs etmək lazım gəlirdi. Kojemyako S.Lalayevi komissiyaya dəvət edib onun həbs edildiyini bildirəndə Lalayev ona əhəmiyyət vermədən Şaumyana zəng vurmuşdu. Şaumyan isə Kojemyakonu aparata çağıraraq bunları bildirmişdi: "Bu nə şıltaqlıqdır?! Lalayevi həbs etmək düzgün deyil". Beləliklə, "demokratiyanın ideya rəhbəri" bütün bu qətl və soyqırımının əsas günahkarı olan cinayətkarı himayə etmiş, Lalayev isə heç nə olmayıbmış kimi "Daşnaksütyun" bürosu tərəfindən ona ayrılmış cangüdənlərinin əhatəsində Velikoknyajevsk küçəsi ilə sərbəst gəzməyə başlamışdı. 3-4 gündən sonra isə qəzetlərdə Fövqəladə Hərbi-İstintaq Komissiyasının buraxılması haqqında xəbər dərc olunmuşdu (Azərbaycan tarixi sənədlər və mətbuat materiallarında. Bakı, 1990, səh. 278-279).

Başda S.Şaumyan olmaqla qaniçən niyyətlərindən əl çəkməyən ermənilər sovet hakimiyyətinin qurulması bayrağı altında öz səlib yürüşlərini Quba qəzasında davam etdirmişdilər. 1918-ci il mayın 1-də daşnak Amazaspın rəhbərlik etdiyi ermənilərdən təşkil olunmuş quldur dəstəsi Quba şəhərini mühasirəyə alaraq toplardan, pulemyotlardan və başqa silahlardan atəşə tutmuşdular. Az sonra şəhərə daxil olan ermənilər qarşılarına keçən hər kəsi, kişiyə-qadına, qocaya-uşağa baxmadan amansızcasına qırmış, evlərə soxularaq yerlə yeksan etmiş, bütöv ailələri - hətta südəmər uşaqları belə güllədən keçirmişdilər.

Bolşeviklərin nümayəndəsi, Quba qəzasının komissarı David Qelovani sonradan verdiyi ifadəsində bildirmişdi ki, "Amazaspın dəstəsi Quba şəhərinə cəza məqsədilə, yalnız komissar Şaumyanın arzusu ilə - o biri komissarların xəbəri olmadan göndərilmişdi. Bu dəstəyə əsgərlərin seçilməsi o vaxtkı hərbi komissar Korqanov tərəfindən həyata keçirilmişdi. Dəstə "Daşnaksütyun" partiyasına mənsub olan təqribən 2 min nəfər ermənidən ibarət idi, dəstəyə rəhbərlik məşhur daşnak Amazaspa, komissarlıq isə Venunu adlı bir erməniyə tapşırılmışdı, buna "cəza dəstəsi" adı verilmişdi və onun qarşısında heç bir siyasi məqsəd qoyulmamışdı" (Azərbaycan SSR EA-nın xəbərləri, 1989, ¹ 4, səh. 134-135).

Quba sakinləri qarşısında çıxışlarından birində Amazasp demişdi: "Mən erməni xalqının qəhrəmanıyam və onun maraqlarını qoruyuram. Mən bura iki həftə əvvəl öldürülmüş ermənilərin qanını almaq üçün cəza dəstəsi ilə göndərilmişəm. Mən qayda-qanun yaratmaq, sovet hakimiyyətini qurmaqdan ötrü gəlməmişəm, gəlmişəm ki, sizdən öldürülmüş ermənilərin qisasını alım. Mənə əmr edilib ki, Xəzər dənizindən Şahdağa qədər bütün müsəlmanları qırım, evlərinizi yerlə yeksan edim" (Balayev A. 1917-1918-ci illər Azərbaycan milli hərəkatı. Bakı, 1998, səh. 174-175). Amazaspın Qubada keçirdiyi cəza aksiyası nəticəsində 2000 dinc azərbaycanlı qətlə yetirilmiş, 122 müsəlman kəndi yandırılmışdı.

Komissiyanın üzvləri N.Mixaylovun və V.Klossovskinin sənədlərində ermənilərin Naxçıvan və Ərəş qəzalarının müsəlman əhalisinə qarşı ağlasığmaz (vəhşi) cinayətlərinə dair məlumat vardır. Ağdamdan Qutqaşenə (Qəbələ) gedən yolun üstündə yerləşən Axtala ərazisində ermənilər tərəfindən diri-diri dərisi soyulmuş bir neçə müsəlman meyiti tapılmışdı. Bağır dərəsində bədənləri süngü ilə tamamilə deşik-deşik edilmiş 5 müsəlman tapılmışdı. Çomaxlı stansiyasının yaxınlığındakı yolun üstündə ermənilər tərəfindən gözləri çıxarılmış 21 arabaçı qətlə yetirilmişdi (Azərbaycan Respublikasının SPİH Dövlət Arxivi, f.277, s.2, i.16, v.6).

Sənədlərdə qeyd olunur ki, ermənilər Naxçıvan və Ərəş mahallarının müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirərək onların bütün evlərini, tikililərini və təsərrüfatlarını dağıdaraq qarət etmişlər.

1918-ci ilin iyul ayında erməni başkəsənləri Göyçay qəzasının Kürdəmir kəndinə basqın etmişlər. "Bolşeviklər kəndə daxil olmağa başladılar. Ermənilər qabaqda gedirdilər və kəndə birinci soxuldular. Onlar müsəlmanları, kişiləri, qadınları və uşaqları rəhmsizcəsinə qırmağa başladılar" (Azərbaycan Respublikasının SPİH Dövlət Arxivi, f.277, s.2, i.16, v.1).

Ermənilərin ağlasığmaz vəhşilikləri hətta bolşevik rus əsgərlərini dəhşətə saldığından onları ermənilərə qarşı çıxış etməyə məcbur etmişdi. "Rus bolşevikləri ermənilərin ən millətçi məqsədlərini güdmələrinin əyani şahidi oldular. Bu zorakılıqlara qarşı etiraz etməyə başladılar. Buna görə onlarla ermənilər arasında silahlı toqquşma da oldu. Nəhayət, onlar erməniləri burada qoyub bir çox müsəlmanları özləri ilə Bakıya apararaq xilas etdilər" (Azərbaycan Respublikasının SPİH Dövlət Arxivi, f.277, s.2, i.16, v.2).

Gəncə quberniyasının Zəngəzur mahalında ermənilərin müsəlmanlara qarşı özbaşınalığının həddi-hüdudu yox idi. Bu da əsasən erməni-daşnak generalı Andranikin rəhbərlik etdiyi çoxsaylı hərbi hissələrin orada yerləşməsi ilə bağlı idi. Bu ərazidə 115 müsəlman kəndi dağıdılmışdı. "Erməni dəstələrinin əsgərlərinə paylanmış Bahud kəndinin 15 qızı fiziki və mənəvi iztirablara, namuslarının tapdalanmasına tab gətirməyib intihar etmiş, elə həmin kəndin 400 müsəlmanı həyatlarını xilas etmək üçün məsciddə sığınacaq tapdıqda binanın bütün çıxışları ermənilər tərəfindən qapadılaraq məscid yandırılmış, bir doğranmış müsəlman qadınının döşünü kəsib onun ölmüş körpəsinin ağzına salmışdılar". Ahud kəndində bir müsəlman kişinin qol-qıçını diri ikən baltaladıqdan sonra tüfənglərin süngüləri ilə və qamçılarla onu ölənə qədər getməyə məcbur etmişlər (Azərbaycan Respublikasının Dövlət Arxivi, f.970, s.1, i.161, v.8).

"Beləliklə, ancaq Zəngəzur mahalında 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, müvafiq olaraq 1061 kişi, 797 qadın və 485 uşaq isə yaralanmışdı. Öldürülmüş və şikəst olmuş müsəlmanların ümumi sayı 10.068 nəfərə çatmışdı" (Azərbaycan Respublikasının Dövlət Arxivi, f.970, s.1, i.161, v.17).

Müsəlman əhaliyə qarşı soyqırımı Naxçıvanda, Lənkəranda və Azərbaycanın digər ərazilərində davam etdirilmişdi.

Qeyd olunan faktlar tam aydınlığı ilə göstərir ki, bu hadisələr sinfi deyil, millətçi mübarizənin təzahürü idi. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti də hərəkatını sinfi deyil, milli zəmində quraraq öz mübarizəsində əsas zərbəsini dinc azərbaycanlı əhaliyə qarşı yönəltmişdi.

 

 

Rauf Rzayev

tarix elmləri namizədi

vvəli qəzetin 31 mart tarixli nömrəsində)

 

Azərbaycan.-2009.-1 aprel.-S.2.