Azərbaycanlıların
soyqırımı erməni terrorizminin tərkib hissəsidir
Qan yaddaşımızın
ən ağrılı-acılı səhifələrindən
olan soyqırımı, deportasiya və qaçqınlıq bəlaları
bizə son dərəcə ağır itkilər bahasına
başa gəlib. Xalqımız iki əsrdən artıq
dövrdə mərhələlərlə və planlı
şəkildə soyqırımı siyasətinə məruz
qalıb, öz tarixi-etnik torpaqlarından didərgin
salınıb. Təəssüf ki, uzun müddət bu
taleyüklü məsələlərə laqeyd münasibət
göstərilmişdir. Yalnız Azərbaycan müstəqillik
və suverenlik əldə etdikdən sonra xalqımıza
qarşı törədilən cinayətlərin öyrənilməsinə
geniş imkan və şərait yaradılmışdır. Bu
baxımdan ümummilli lider Heydər Əliyevin 18 dekabr 1997-ci
il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi
şəkildə deportasiyası haqqında" və 26 mart
1998-ci il tarixli "Azərbaycanlıların
soyqırımı haqqında" fərmanlarının
çox böyük əhəmiyyəti vardır.
Həmin sənədlərdə
göstərilir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə etnik təmizləmə
və soyqırımı siyasəti həyata
keçirilmişdir. Mərhələ-mərhələ
gerçəkləşdirilən belə qeyri-insani siyasət
nəticəsində azərbaycanlılar öz doğma
tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi
qətl və qırğınlara məruz qalmış,
xalqımıza məxsus tarixi-mədəni abidə və
yaşayış məskənləri dağıdılıb
viran edilmişdir.
Bu cinayət aksiyalarında
separatizm, terrorizm elementləri üstünlük təşkil
edirdi. "Separatizm" "separare" sözündən
olub ayırmaq, bölmək, özününküləşdirmək
mənasında hər hansı ölkədə kompakt
yaşayan milli azlığı dövlətdən ayırmaq
və ya geniş muxtar hüquqlar almaq üçün edilən
siyasi hərəkatdır.
Terrorizm isə qorxu, xof
yaradan, siyasi məqsədlərlə edilən, çoxlu insan
ölümünə, böyük dağıntılara səbəb
olan zorakı hərəkətlər, mübarizə
forması sayılır. Soyqırımı hadisəsi isə
hər hansı milləti, irqi, dini, etnik qrupu tam və ya qismən
məhv etmək məqsədilə gerçəkləşdirilən
hərəkətlərdir.
Sadalanan metod və vasitələrdən
istifadə edib cinayətlər törədən ermənilər
zaman-zaman azərbaycanlılara qarşı soyqırımı
törətmişlər. Bununla bağlı bəzi mənbələrə
nəzər yetirdikdə bəlli olur ki, ermənilər bu
qanlı hadisələri törədənə kimi separatizm,
terrorizm və soyqırımının nəzəri əsaslarını
hazırlamış və bütün bunların motivlərinin
formalaşması üçün bəzi təşkilatlar
yaratmışlar. Məsələn, "Sevan",
"Qnçak", ASALA təşkilatlarının,
"Daşnaksütyun", "Droşak"
partiyalarının bəşəriyyət əleyhinə
yönələn qanlı cinayətlərini misal çəkmək
olar. "Qnçak" (Nabat) təşkilatının
proqramının məğzini təşkil edən əsas məsələlərdən
biri Rusiya, Türkiyə və İranda məskunlaşan erməniləri
bir bayraq altında toplayaraq "böyük Ermənistan"
ideyasını gerçəkləşdirmək idi. Təbii
olaraq bu istəyin həyata keçirilməsi ermənilərin
terror təşkilatının birbaşa fəaliyyəti ilə
əlaqəli idi. Separatizmi və terrorizmi məqsəd kimi
qarşıya qoyan təşkilatın fəaliyyət istiqamətini
zərgər dəqiqliyi ilə təsvir edən alman jurnalisti
Vilhelm Libknext 1885-ci ildə "Forverst" qəzetində
yazırdı ki, Tiflisdə nəşr olunan ermənilərin
"Mşak" adlı qəzetində müsəlmanlara
yaşadıqları ərazini tərk etməyi və Ərəbistan
səhralarında məskun olmağı israrlı şəkildə
təkid edirdilər. 1890-1892-ci illərdə isə artıq
erməni terror təşkilatı "Qnçak"ın rəhbərliyi
ilə 65 000 silahsız dinc əhali, yəni türk vəhşicəsinə
qətlə yetirilmişdi.
Daha bir erməni terroruna
şərait yaradan, separatçı ideyaları müdafiə
edən, azərbaycanlıların soyqırımının təşkilatçısı
S.Şaumyan 1906-cı il iyunun 7-də çap etdirdiyi "Son
hadisələr" adlı yazısında 1905-ci il erməni-müsəlman
qırğınlarına istinadən Şuşanın, İrəvanın,
Qarsın və Sürməlinin adını çəkərək
guya bu yerlərin onun yurdu olduğunu söyləyir və
yazırdı: "Bədbəxt diyarımız cəhənnəmə
döndərilmişdir və hələ kim bilir bundan sonra onu
hansı fəlakətlər gözləyir".
Burada separatizm elementləri
aydın şəkildə görünür. Lakin həmin illərdə
mətbuatda nəşr olunan yazılarda tez-tez vurğulanan
"erməni xalqı heç zaman öz səltənətini
yaratmaq arzusunda olmamışdır" fikri çoxunda
arxayınlıq yaratmışdır və bunun da sonu azərbaycanlıların
soyqırımı fəlakəti ilə nəticələnmişdir.
1918-ci ilin mart ayında
Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda,
Naxçıvanda, Lənkəranda və ölkənin
başqa bölgələrində soyqırımı siyasəti
qəddarlıqla həyata keçirilmişdir. Bu barədə
M.Ə.Rəsulzadə "Unudulmaz faciə" məqaləsində
yazır ki, həmin günlərdə daşnaklar canlı
insanları divara mıxlayırdılar, müsəlman əhaliyə
qələmə almaq belə çətin olan işgəncələr
verirdilər.
Görkəmli dövlət
xadimi Nəriman Nərimanov azərbaycanlılara qarşı
törədilən soyqırımı aksiyaları haqqında
yazırdı: "Müsəlman hətta bolşevik
olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər:
"Biz heç bir bolşevik tanımırıq, təkcə
elə müsəlman olmağı kifayətdir". Onlar istədikləri
adamı öldürür, evləri dağıdır, xaraba
qoyurdular... Bolşevizm bayrağı altında daşnaklar
müsəlmanlara qarşı hər cür vəhşiliyə
yol verirdilər, nəinki kişilərə, hətta hamilə
qadınlara, uşaqlara da rəhm etmirdilər".
Bakıda terrorçuluq yolu
ilə törədilən mart soyqırımı Lenin tərəfindən
də təqdir olunmuş və o, məsələyə
münasibət bildirərək S.Şaumyana yazmışdı:
"Sizin möhkəm və qəti siyasətinizə məftunuq.
Bacarıb həmin siyasəti indiki çox çətin vəziyyətin
şəksiz tələb etdiyi çox ehtiyatlı bir
diplomatiya ilə birləşdirin". Məhz bunun nəticəsidir
ki, hər zaman özlərinə arxa-dayaq hiss etdikləri
havadarlarına güvənərək təkcə 1918-ci ilin
mart-aprel aylarında 50 mindən artıq azərbaycanlı vəhşicəsinə
qətlə yetirilmişdir.
Tarixi mənbələrə
istinadən qeyd etmək lazımdır ki, çoxdankı
xülyalarının reallaşmasında xarici dövlətlərin
dəstəyinə nail olmaq istəyən ermənilər hər
vasitə ilə onlara qulluq göstərməyə
çalışırdılar. Bu ölkələr içərisində
Rusiya imperiyası istisna təşkil edirdi. Özlərinin
çirkin niyyətlərini həyata keçirmək
üçün bu mənfur millət havadarları
qarşısında etibar qazanmaq üçün xüsusi
metodlardan istifadə edirdilər. Məsələn, katolikos
Nerses altmış minlik erməni qüvvəsi toplayaraq
1826-1828-ci illər Rusiya-İran müharibəsində
iştirak etmiş və ruslar tərəfində
vuruşmuşdu. J.Malevil yazır ki, sonrakı 90 il ərzində
bu ssenari dəyişilmədən oynanılırdı,
yalnız zaman keçdikcə təbliğat metodları təkmilləşdirilirdi.
Mənbələri araşdırarkən məlum olur ki, Rusiya
imperiyası əslində ermənilərə istiqlaliyyət
vermək məqsədi güdmürdü, çox zaman
"müstəqillik", "qurtuluş" və s. saxta vədlərlə
onları aldadaraq düşmənlərinə qarşı
istifadə etməyə və ermənilərin məskunlaşdıqları
torpaqları özlərinə ilhaq etməyə
çalışırdı.
Erməni terrorizmi təkcə
Azərbaycan türklərinə, türksoylu xalqlara deyil, eyni
zamanda dinindən, etiqadından, milliyyətindən
asılı olmayaraq digərlərinə qarşı da
yönəlmişdi. Məsələn, 5 sentyabr 1972-ci ildə
Münhendə ermənilər tərəfindən İsrail
idmançıları terrora məruz qalmış və
öldürülmüşdür. Burada istər-istəməz
erməni riyakarlığının daha bir siyasi gedişi
özünü büruzə vermişdir. Bəllidir ki,
Almaniya ilə İsrail arasında genosid problemi mövcuddur. Təbii
olaraq belə bir hadisənin törədilməsi
İsrail-Almaniya qarşıdurmasına təhrik idi.
Soydaşlarımızın
deportasiyasına nail olmaq üçün tətbiq olunan
metodlardan biri dünyanın müxtəlif regionlarına səpələnmiş
ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması
olmuşdur. Köçürülən ermənilər həmin
ərazilərdə bir qədər möhkəmləndikdən
sonra qabaqcadan hazırlanmış plana uyğun olaraq növbəti
mərhələnin həyata keçirilməsinə
başlanmışdı. Bu prosesdə də azərbaycanlıların
əvvəl soyqırımına, sonra isə deportasiyasına
nail olunmuş, müxtəlif üsul və vasitələrdən
istifadə edilmişdi. Əhali arasında real vahimə
yaratmaq, insanların gözləri qarşısında vəhşiliklər
törədərək soydaşlarımıza görk olsun deyə
onları dədə-baba torpaqlarından köçürmək
məqsədilə qeyri-insani vasitələr tətbiq
etmişlər. Təbii olaraq bu cür vəhşilikləri
görən yerli sakinlər istər-istəməz psixoloji
sarsıntı keçirmiş, şok vəziyyətinə
düşmüş və doğma yurdlarını tərk
etmək məcburiyyətində qalmışdılar.
Ermənilərin törətdikləri vəhşiliklərdən dəhşətə gələn yunanların yazdıqlarını xatırlamaq da yerinə düşər. Onlar yazırlar: "Türk ordusu qarşısında geri çəkilən silahlı ermənilər ətrafdakı müsəlman kəndlərini yer üzündən silərək hər bir şeyi atəş və qılıncdan keçirir, təsəvvürəgəlməz bir dəhşət və fəlakət törədirdilər. "Qalib" erməni ordusu "qənimətləri", yəni süngü ucuna taxılmış uşaqları, çılpaq soyundurulmuş müsəlman qadınları keçdikləri yolların ətrafına düzürdülər. Bu cəhənnəm əzabında ağlını itirmiş qadın və uşaqların ürəkparçalayan iniltilərini, qocaların ümidsiz nalələrini dinləmək üçün adamın qəlbi olmalıdır. 82 kənddən ibarət bir sancaq bu təsvir edilən fəlakətə düçar olmuşdur". Yaxud da ingilis mayoru Masson bu barədə qeyd edirdi ki, rus qoşunları arasında olan erməni dəstələri və vilayətdə 5000 kürd kişiləri, qadınları və uşaqları qırdılar; süngü ilə onları sürü kimi yüksək qayaların zirvəsindən uçuruma itələdilər. Buna bənzər daha dəhşətli hadisələrdən birinin də şahidi fransızlar olmuşlar. 70 azərbaycanlı uşaq Gümrünün uşaq evindən Qazaxa gətirilərkən Spitakda onları diri-diri böyük borulara doldurub ağzını qaynaqlamışdılar. 7 dekabr 1988-ci il zəlzələsində Fransadan gələn xilasedici komanda itinin izi ilə borunun qaynağı açılmış, onlar bu dəhşətli mənzərəni gözləri ilə görmüş və heç bir söz demədən geri, Parisə dönmüşdülər.
Sovet dövründə isə azərbaycanlıların deportasiya kampaniyası riyakar erməni siyasətinin təsiri ilə qanuniləşdirilmişdir. Daha doğrusu, əvvəlcə Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılmış, sonra isə soydaşlarımızın deportasiyası başqa ad altında reallaşdırılmağa başlanmışdır.
Keçmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan ərazisindəki dədə-baba torpaqlarından kütləvi surətdə zorakılıqla sürgün edilmişlər. Bu da azərbaycanlıların soyqırımının və deportasiyasının son mərhələsi olmamışdı. Yəni, son hadisələr zamanı bu proses ermənilər tərəfindən daha amansızlıq və qəddarlıqla aparılmışdı.
Təəssüf ki, əvvəllər azərbaycanlıların soyqırımı məsələləri araşdırma obyekti kimi ziyalılıq və vətəndaşlıq borcu yönümündə alimlər qarşısında problem formasında qoyulmamışdı. Nəticədə ötən illər ərzində soyqırımı faktları lazımınca araşdırılmamış, beynəlxalq ictimaiyyətə sübutlar və dəlillərlə təqdim olunmamış, ona hüquqi qiymət vermək mümkün olmamışdır. Yalnız Azərbaycanın müstəqilliyinin bərpasından sonra ermənilərin soydaşlarımıza qarşı törətdikləri bəşəriyyət əleyhinə cinayətlər fundamental şəkildə araşdırılmağa başlanmışdır.
Bu imkandan istifadə edərək tarixən azərbaycanlıların erməni terroru nəticəsində soyqırımına məruz qalmaları, öz dədə-baba torpaqlarından deportasiya olunmaları, çoxəsrlik qaçqınlıq tariximizin ən ağrılı səhifələri daha dərindən öyrənilməli, faciələrimizin tarixi kökləri, ictimai-siyasi amilləri üzə çıxarılıb dünya ictimaiyyətinə çatdırılmalıdır.
Habil Həmidov,
AMEA-nın Fəlsəfə,
Sosiologiya
və Hüquq İnstitutunun aparıcı elmi
işçisi,
pedaqoji elmlər namizədi
Azərbaycan.-2009.-1 aprel.-S.3.