Humanizm ənənələrinin
davamı
Heydər Əliyevin zəngin irsinin öyrənilməsində və geniş təbliğ olunaraq gündəlik həyatımızda tətbiqində və gələcək nəsillərə çatdırılmasında Heydər Əliyev Fondu çox böyük işlər aparır. 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan fond ümummilli lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsi istiqamətində uğurlu fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun ümdə məqsədlərindən biri də ulu öndərimizin vətən qarşısında misilsiz xidmətlərinin, milli dövlətçilik ideyalarının dərindən öyrənilməsi, təbliği, yeni nəsillərə çatdırılmasıdır. Bu məqsədlə fondda Heydər Əliyevə həsr edilmiş ekspozisiya yeni eksponatlarla zənginləşdirilmiş, fonda daxil olmuş 200-dən artıq müxtəlif çeşidli hədiyyə, 600-dən artıq kitab, 200-dən artıq jurnal və qəzet, çoxsaylı fotolar, disk və kasetlər elmi əsaslar üzrə işlənmişdir. Belə bir davamlı iş gələcəkdə Heydər Əliyev Fondunda ulu öndərin fəaliyyətinin bütün istiqamətlərini əks etdirən materialların toplanıb mərkəzləşdirilməsinə imkan verəcəkdir.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, azərbaycançılıq məfkurəsinin təbliğ edilməsi istiqamətində Heydər Əliyev Fondu lazımi nəşrlərin çap etdirilməsini də zəruri sayır. Ərazi bütövlüyünə qəsd olunan və bir milyon qaçqın-köçkünü olan ölkə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına ilk dəfə ulu öndərimiz Heydər Əliyevin gərgin səyi nəticəsində nail olunmuşdur. Bu vətənpərvər işi Heydər Əliyev Fondu da layiqincə davam etdirir.
Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Proqram çərçivəsində inşa edilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan bu məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunmuşdur. Beləliklə, ölkənin ən müxtəlif bölgələrində şagirdlər müasir tələblərə cavab verən yeni məktəblərdə tədrislərini davam etdirmişlər.
Əhalinin sağlamlığının təmin olunması, səhiyyə sahəsində problemlərin həllinə diqqət də Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutur. Bu sahədə ilk tədbirlərdən biri "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsidir. Səhiyyə sahəsində Heydər Əliyev Fondunun həyata keçirdiyi digər layihə isə ölkədə talassemiyanın qarşısının alınmasına yönəlmişdir. Respublikanın bəzi rayonlarında bu xəstəliyin yayılması xüsusi təşviş doğurduğundan Heydər Əliyev Fondu buna diqqət yetirməyi zəruri sayaraq müvafiq tədbirlər həyata keçirmişdir.
Humanizm prinsiplərinə sadiq qalan Heydər Əliyev Fondu qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək göstərir. Məhkum edilmiş şəxslərin və onların ailə üzvlərinin fonda ünvanlanan müraciətləri ilə əlaqədar aparılan araşdırmalar həmin insanlara münasibətdə mərhəmətli olmağın zəruriliyini aşkara çıxarır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə 2007-ci ilin may ayında parlamentdə qəbul edilən amnistiya aktı da ümummilli liderin humanist siyasətinə sədaqətin əyani nümayişi olmuşdur. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir. Bu qərarın əhatə dairəsi geniş olmuş və təxminən 9 min nəfərə şamil olunmuşdur. 1500 nəfər azadlığa, ailəsinə, övladlarına, doğma və əzizlərinə qovuşmuşdur. Deputat Mehriban xanım Əliyevanın hazırladığı bu sənədi beynəlxalq qurumlar da razılıqla qarşılamışlar.
Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum olunmuş qadınlar, birinci qrup əlillər, 60 yaşına çatmış kişilər, 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş, 1990-cı il 20 Yanvar faciəsində və ya Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları və digər kateqoriyalardan olan bəzi şəxslər cəzadan azad edilmişdilər.
2009-cu ilin martında insanpərvərlik və humanizm ənənələrini davam etdirən Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan xalqının milli bayramı - Novruz bayramı münasibətilə növbəti dəfə amnistiya elan edilməsi barədə təşəbbüslə çıxış etməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında qərar layihəsi müzakirə olunaraq Milli Məclisin plenar iclasına çıxarılmış və deputatlar tərəfindən yekdilliklə qəbul edilmişdir.
Novruz bayramı münasibətilə elan edilən amnistiya aktı 4 ay müddətində icra olunacaqdır. Böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olan və digər kateqoriyalardan olan bəzi şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Bununla yanaşı azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzalarının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə onların cəzadan azad olunmaları sənəddə əksini tapıb.
Amnistiya tətbiq edilən şəxslərin dairəsinə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1990-cı ilin 20 Yanvar faciəsində əlil olmuş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları da daxildir.
Bununla belə, cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq ağır və xüsusilə ağır cinayətlər, habelə xüsusilə təhlükəli residiv yaradan cinayətlər törətmiş və bəzi digər məhkumlar barəsində amnistiyanın tətbiq edilməsində məhdudiyyətlərin müəyyən edilməsi nəzərdə tutulur.
9 min şəxsin amnistiya aktının təsiri altına düşməsi və onlardan 1.700 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi humanizm prinsiplərinin davamı kimi qiymətləndirilə bilər. Amnistiya aktının qəbul edilməsi eyni zamanda vətəndaşların qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəkdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın humanizm prinsipindən çıxış edərək növbəti amnistiya aktı barədə təşəbbüslə çıxış etməsi ulu öndərin insanpərvərlik ənənələrinin layiqincə davam etdirildiyinin sübutudur.
Tahir Süleymanov,
Milli Məclisin
deputatı
Azərbaycan.-2009.-1 aprel.-S.4.