Ulu dağlar, az qalır, qayıdacağıq!

 

Bu faciəni heç vaxt unutmaq olmaz, faciə bizə nə qədər qəm-qüssə, kədər gətirsə də, onu daim yaşatmaq lazımdır ki, bu faciədən hərə özü üçün ibrət götürsün. Yaşatmaq lazımdır ki, dünya xalqları bilsin - Azərbaycanın başına nə kimi bəlalar gəlibdir və erməni qəsbkarları nə qədər vəhşidirlər ki, Azərbaycan xalqının başına bu cür bəlalar gətiriblər. Ona görə bunu yaşatmaq lazımdır, unutmaq olmaz, nəsildən-nəslə ötürmək lazımdır.

 

Heydər ƏLİYEV

 

Kəlbəcərsiz daha bir il gəlib keçdi. O müdhiş işğal günündən on altı il ötür. O vaxtdan çox sular axıb, çox şey dəyişib, çox hadisələr baş verib, Kəlbəcərə şöhrət gətirən çoxlu insanları itirdik. Şair Sücaət, aşıq Qəmkeş, jurnalist Zimistan, Dastançı Əli, el şairi Bəhman Vətənoğlu, neçə-neçə başqası Vətən həsrəti, doğma yurd-yuva nisgili ilə dünyasını dəyişdi.

Əlli səkkiz rayonun yüzə yaxın qəsəbə və kəndinə sığınan kəlbəcərlilər ölkə rəhbərliyinin qayğısına, qətiyyətinə qəlbən inanır, heç zaman ruhdan düşmür, gözlərdə həsrət, ürəklərdə ümid qayıdış gününü səbirsizliklə gözləyirlər.

Aylar, illər keçir, zaman dəyişir. Kəlbəcərsiz kəlbəcərlilər nəsli yetişir. Yurd həsrəti, ağrı-acı ürəkləri göynədir. O qanlı-qadalı günlərdə erməni vəhşiliyini, başda oturanlarımızın başsızlığını xatırladıqca adam sarsılır. Hələ də inana bilmirsən ki, əzəmətli dağlar diyarı Kəlbəcər o dövrün səriştəsiz rəhbərliyinin nadanlığı üzündən erməni tapdağına çevrilib. Xəyanət, laqeydlik olmasaydı, qartallar yuvası Kəlbəcəri əsla əymək olmazdı. AXC-Müsavat cütlüyü, sapı özümüzdən olan baltalar yaman günə qoydu bizi.

Hamı yaxşı bilirdi ki, Kəlbəcər Qarabağın qala qapısı sayılır. Bölgəni Azərbaycanla birləşdirən yeganə yol Ağdərədən keçir. Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın taleyi bir növ bu dağlar diyarından asılı idi. Kəlbəcər xüsusi əhəmiyyəti olan strateji məkandır. İki erməni yuvasının arasında yerləşir. Ermənistanla 136 kilometr, Dağlıq Qarabağla 96 kilometr sərhədi var idi.

Deməli, Kəlbəcəri göz bəbəyi kimi qorumaq lazım idi. Əgər o zaman Kəlbəcər və Laçın rayonları qədərincə müdafiə edilsəydi, Dağlıq Qarabağ problemi öz-özünə həll olunardı. Təəssüf, çox təəssüf ki, ölkənin başbilənlərinin başı vəzifə, hakimiyyət davasına qarışmışdı. Hər kəs öz hayında idi. Yurdumuzun qala qapıları sahibsiz qaldı.

Bizim üçün çox acı da olsa, o illərin bəzi qanlı olaylarını xatırlamaq istəyirəm. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni yaraqlıları Ağdabana hücum edərək Aşıq Şəmşirin vətənini yandırdılar. 32 nəfər mülki və hərbi şəxs qətlə yetirildi, yeddi nəfəri diri-diri ocağa atdılar, beş nəfər girov götürüldü, iki nəfər itkin düşdü, on iki nəfərə ağır bədən xəsarəti yetirildi. Kəlbəcərlilər həyəcan təbili çaldılar ki, yatmış rəhbərlər oyansınlar. Oyanmadılar. Əksinə, qeyrətli oğullar cəbhə bölgəsindən uzaqlaşdırıldı. Onların yerinə səriştəsiz, səviyyəsiz adamları gətirdilər. Əhalinin təşəbbüsü ilə yaranmış könüllü batalyonlar ləğv edildi, düşmənin yolu üstündə olan bir sıra sahələr minalardan təmizləndi. Elə bil kimsə qəsdən düşmənə yol açırdı. Nizam-intizam, qayda-qanun pozuldu, sərhəd zastavaları, müdafiə mövqeləri unuduldu, xaosa, dərəbəyliyə meydan açıldı, sözün əsl mənasında hərc-mərclik başlandı.

Düşmənə də elə bu lazım idi. Fevral ayının sonlarında yaraqlı-yasaqlı erməni-rus birləşmələri iki istiqamətdən hücuma keçdi. Vəziyyət gərgin idi. Silah yox, sahib yox, müdafiə edən, yol göstərən yox. Mühasirə halqası gündən-günə daralırdı.

1993-cü il mart ayının 27-də ermənilər Ağdabanı ikinci dəfə oda qaladılar. Dinc əhali min bir zillətə düşdü. Daha dözmək, tab gətirmək olmurdu. Respublika hökumətinin köməyindən əli üzülən əhali martın 31-də payi-piyada rayonu tərk etməyə başladı. Aprel ayının 2-də Kəlbəcər rayonu erməni quldurları tərəfindən işğal edildi.

Həmin faciəli günlərdə yüzlərlə şəhid verildi, 231 nəfər itkin düşdü, 130 yaşayış məntəqəsi, dünya şöhrətli "İstisu" sanatoriyası, beş yüzdən artıq sənaye, tikinti, məişət, ticarət obyekti darmadağın edildi, yüz min baş mal-qara, beş yüz min baş qoyun-quzu, yüzlərlə maşın, texnika, avadanlıq talan olundu. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 milyon ABŞ dolları dəyərində maddi ziyan dəydi.

Bu hələ bir yana, Kəlbəcərin işğalı Azərbaycana böyük fəlakətlər gətirdi. Strateji mövqelər, hərbi üstünlüklər ermənilərin tərəfinə keçdi. Bununla da Ağdamın, Zəngilanın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açıldı. Bu, artıq Qarabağın iflası demək idi. Fəlakət göz qabağındaydı.

Bəs ölkə rəhbərliyi hara baxırdı? Görünür onlar tamam başqa cür düşünürdülər. Vəzifə hərisləri üçün torpaq, vətən anlayışları tamam yad idi. Hətta elə qüvvələr var idi ki, sanki Kəlbəcərin ermənilərin əlinə keçməsində maraqlı idilər. Belə olmasaydı, 1988-ci ildən 1992-ci ilə qədər ağır mühasirə şəraitinə dözərək öz oğul və qızlarının hünəri ilə düşmənə layiqli cavab verən Kəlbəcər son anda tamamilə tərksilah edilərək onun igid əhalisi əliyalın qoyulmazdı. Bu, azmış kimi, rəsmi silahlı hissələr də sərhəd zonalarından çıxarılmışdı.

Sonralar istintaqla müəyyən edildi ki, Kəlbəcərin müdafiəsi barədə qərar vaxtında qəbul edilməmiş, buradakı hərbi hissəyə müdafiə üçün tapşırıq verilməmiş və ona lazımi kömək göstərilməmişdi. 1993-cü ilin fevralından erməni silahlı birləşmələri Ağdərə rayonunun azad edilmiş kəndlərini bir-bir yenidən tutmaqla Kəlbəcərin mühasirə halqasını getdikcə daraltsa da, respublika Müdafiə Nazirliyi yalnız martın 15-də rayonumuzun ətrafında aparılan uğursuz əməliyyatların qarşısını almaq və müdafiəni möhkəmlətmək barədə başdansovdu bir əmr verdi. Ən acınacaqlısı isə budur ki, o zamankı hakimiyyətin bütün qərar və göstərişləri kimi, bu əmr də icrasız qaldı.

Tez-tez xəbər alırlar: necə oldu ki, qartallar məskəni Kəlbəcər işğal edildi? Bunun səbəbləri çoxdur. Lakin işğalın əsl mahiyyətini və Azərbaycan məkanında Kəlbəcərin yerini, rolunu ən böyük dəqiqliklə ümummilli lider Heydər Əliyev göstərmişdi. 1996-cı il aprelin 1-də Kəlbəcər rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə ulu öndər demişdi: "Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək sadəcə olaraq mümkün deyildir. Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildən hücum etmiş, Kəlbəcər isə 1993-cü ilin mart ayının sonunda işğal olunubdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən bütünlükdə Dağlıq Qarabağ, Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal edilmişdi. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən doğrudan da coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan, Laçından, başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri strateji nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi. Ancaq təəssüf ki, o vaxt bunu etməyiblər".

Ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə hər sahədə və hər yerdə məcburi köçkünlərə qayğı və diqqət göstərilməsi üçün konkret tədbirlər görülməyə başlandı.

Ulu öndər Heydər Əliyev tərəfindən qaynaqlanan məcburi köçkünlərə qayğı proqramı bu gün onun layiqli davamçısı, respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyevin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar xeyli iş görülüb. Goranboy, Göygöl, Yevlax və Şəki rayonlarında fin tipli evlərdə, məktəblərdə və digər uyğunlaşdırılmış yerlərdə məskunlaşmış yüzlərlə ailə üçün hər cür şəraiti olan qəsəbələr salınır. Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli qərarı ilə Göygöl rayonundakı üzümçülük təsərrüfatında, "Murovdağ" qaçqın qəsəbəsinə bitişik ərazidən hər ailəyə həyətyanı sahəsi olan mənzillərin tikilməsi üçün dörd hektar torpaq sahəsi ayrılmışdır.

Kəlbəcərlilər həmişə, hər yerdə dövlətin qayğı və diqqətini görür, bütün hüquqlardan normal qaydada istifadə edir, təhsil alır, işləyir, öz adət-ənənələrini yaşadırlar. Son illərdə 537 iş yeri açılıb. Bir neçə sosial obyekt işə salınıb. 21 məktəb binası istifadəyə verilib. Bir neçə məktəbdə əlavə sinif otaqları tikilib. İyirmi məktəbdə əsaslı və cari təmir işləri aparılıb. Ən əsası budur ki, yetmiş çarpayılıq xəstəxanamızın binası xarici investorların və "Azəryolservis" ASC-nin köməyi ilə əsaslı təmir edilib. Murovdağ qəsəbəsinə su xətti çəkilib. Digər yerlərdə neçə-neçə artezian quyusu istifadəyə verilib. Kəlbəcərlilər dövlətin bu qayğısını yüksək qiymətləndirirlər. Onların yalnız bir qayğısı, bir istəyi var - o da vətən həsrətidir. Məcburi köçkünlər ulu öndər Heydər Əliyevin inamla dediyi bu sözləri heç vaxt unutmurlar: "Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, bir hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar".

Hamı bilir ki, ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin çoxcəhətli fəaliyyətinin də məğzi, məqsədi məhz elə budur. Ölkə başçısı İlham Əliyev xalqımızın arzu və istəyini, iradəsini ifadə edərək demişdir: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər oraya XIX əsrin əvvəllərində köçürülmüşlər. Bir dəfə Azərbaycan, türk torpağında erməni dövləti yaradılıb, burada ikinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan vermərik. Hüquqi cəhətdən haqq-ədalət bizim tərəfimizdədir, çünki Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib və orada göstərilir ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın zəbt olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Ermənistan buna əməl etmir. Yəni, hüquqi əsaslar tam imkan verir ki, Azərbaycan öz dövlət suverenliyini, ərazi bütövlüyünü bərpa etsin".

Ölkə Prezidenti hər vasitə ilə çalışır ki, işğal altında olan torpaqlarımız tezliklə azad edilsin! Ölkə başçısı öncə məsələni sülh yolu ilə həll etmək istəyir. Bu, günümüzün reallığıdır. Əgər düşmən sülhə gəlməsə, hər bir kəlbəcərli döyüşə tam hazırdır və o, Ali Baş Komandanın əmrini gözləyir. Nə yolla olursa-olsun haqq öz yerini tapmalıdır. Məcburi köçkünlər qəlbən inanırlar ki, yaxın vaxtlarda hökmən doğma ata-baba torpaqlarına qayıdacaqlar.

 

 

Vidadi Məhərrəmov,

Kəlbəcər Rayon İcra

Hakimiyyətinin başçısı

 

Azərbaycan.-2009.-1 aprel.-S.5.