Bakıda muğamın yeni möcüzəsi

 

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Milli Məclisin deputatı, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan muğamlarının taleyi ilə bağlı həyata keçirdiyi layihələr təkcə respublikamızda deyil, dünyanın muğam məkanında böyük bir hadisəyə çevrildi. Azərbaycan muğamlarına diqqətəlayiq münasibət əslində dünya mədəniyyət incilərinin qorunmasında, layiqli şəkildə gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynadı.

Bakının islam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, AMEA-nın, eləcə də Mədəniyyət, Təhsil nazirlikləri, Bəstəkarlar İttifaqının təşkilatçılığı və dəstəyi ilə Bakıda keçirilən "Muğam aləmi" musiqi festivalı təkcə ölkəmiz üçün deyil, bu əlamətdar günlərdə iştirak edən tamaşaçılar üçün də çox maraqlı, qeyri-adi məqamlarla yaddaqalan oldu.

"Muğam aləmi" beynəlxalq festivalının gündəliyi çox zəngin idi. Bu mühüm tədbirlə bağlı əvvəlcə Bakıda beynəlxalq elmi simpozium keçirildi. Üç gün davam edən bu simpoziumda dünyanın müxtəlif ölkələrindən gəlmiş 30-dək alimin - Şərq musiqisini tədqiq edənlərin müasir dövrdə muğam sənətinə olan diqqət və maraqdan yoğrulmuş məruzələri dinlənildi.

Elmi simpoziumun açılışı AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində oldu. Beynəlxalq festivalın prezidenti Mehriban xanım Əliyeva simpoziumu açaraq dedi: "Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm. Bildiyiniz kimi, 2003-cü ildə YUNESKO tərəfindən Azərbaycan muğamı bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınıbdır. Bizim üçün muğam sənətinin tarixinin hər bir səhifəsi, hər bir anı çox əzizdir, çox doğmadır".

Beynəlxalq elmi simpoziumun açılış mərasimində çıxış edən YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq Azərbaycan muğamlarına və musiqisinə valeh olduğunu dilə gətirərək belə bir festivalın Bakıda keçirilməsini yüksək qiymətləndirmişdir. Azərbaycan mənəviyyatının ən böyük dəyərlərindən olan muğamın bəşəriyyətin incisi sayılması bu xalqın böyüklüyündən, qədim tarixi kökə malik olduğundan xəbər verir. Həmin günlər Azərbaycan musiqi alətlərindən ibarət sərginin təşkili də qonaqlarda xoş təəssürat yaratmışdır.

Qeyri-adi zənginliyə malik olan musiqi xəzinəmiz zaman-zaman Azərbaycan bəstəkarlarının yaradıcılığına təsir göstərib. Bu səbəbdən də Bakıda keçirilən beynəlxalq muğam festivalı həm də mədəniyyətlərarası dialoq quran möhtəşəm bir tədbirə çevrildi. Həmin günlər Bakıda qeyd olunan Novruz bayramının xoş təntənəsi təkcə şəhər sakinlərinin deyil, qonaqların da sevincinə çevrilmişdi. Beynəlxalq musiqi festivalında iştirak etmək üçün Bakıya gəlmiş YUNESKO-nun Baş direktoru Koişiro Matsuura Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə görüşərək ölkəmizə növbəti dəfə səfər etməsindən şad olduğunu söyləmişdir. Bakıda beynəlxalq muğam festivalının keçirilməsini yüksək qiymətləndirərək bu işdə gərgin çalışan YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz minnətdarlığını çatdırmışdır. Görüşün sonunda Heydər Əliyev Fondu və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) arasında qeyri-maddi mədəni irsin qorunması üzrə strateji hədəflərə nail olmaq məqsədilə əməkdaşlıq sazişi imzalanmışdır. Razılığa gəlinmişdir ki, qeyri-maddi mədəni irsin qorunması sahəsində sıx əməkdaşlıq davam etdirilsin, təcrübələr öyrənilsin, birgə tədbirlərin keçirilməsinə nail olunsun. Xüsusilə də qeyri-maddi mədəni irsin qorunması həmişə diqqət mərkəzində saxlanılsın.

"Muğam aləmi" beynəlxalq musiqi festivalı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil edilən ilk konsertdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və YUNESKO-nun Baş direktoru Koişiro Matsuura iştirak etdilər. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun "Şur", "Gülüstan-Bayatı-Şiraz" və "Kürd ovşarı" simfonik muğamları səsləndi. Ümumiyyətlə, sonrakı günlərdə də filarmoniyada qonaqlar üçün simfonik və klassik muğamlardan ibarət geniş konsert proqramı oldu. Bunlar bir daha təsdiqlədi ki, Azərbaycan təkcə milli muğamları ilə deyil, simfonik muğamları ilə də dünya musiqisində özünəməxsus zirvədə dayanmaqda haqlıdır.

Festival keçirilən günlərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında "Koroğlu", "Leyli və Məcnun", "Aşıq Qərib" operaları nümayiş etdirildi. Caz mərkəzində Azərbaycanın caz, Dövlət Muğam Teatrında muğam ifaçılarının konsertləri qonaqlar tərəfindən maraqla qarşılandı. Dövlət Muğam Teatrında Azərbaycan muğamının dostları ilə keçirilən görüş də çox maraqlı oldu. Amerikadan, Fransadan, Tacikistandan gəlmiş qonaqların yerli musiqiçilərlə ünsiyyəti maraqlı konsert proqramının baş tutmasına səbəb oldu. Amerikadan gələn Cefri Verbokun milli musiqi alətlərimizdə Azərbaycan muğamlarını bacarıqla ifa etməsi bu sənətin möcüzəsindən xəbər verirdi. "Muğam aləmi" beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi martın 20-də Muğam Mərkəzində oldu. Salona toplaşanlar ölkə Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın müxtəlif ölkələrindən respublikamıza gəlmiş nümayəndələri salamlayaraq nitq söylədi: "Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil ki, birinci beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir... Muğam Mərkəzi bütün muğamsevərləri sevindirəcək. Sözün əsl mənasında muğam evinə çevriləcək və belə gözəl tədbirlərin keçirilməsi Azərbaycanda gözəl ənənəyə imza atacaqdır... Muğam insanları, xalqları birləşdirir. 17 ölkədən 150-dən çox qonaq bu tədbirlərdə fəal iştirak edəcəkdir. Muğam məhəbbət sənətidir, muğam dostluq sənətidir, ümid edirəm ki, bu gözəl yeni ənənə daim yaşayacaq və Azərbaycanda muğam festivallarının keçirilməsi davam edəcəkdir".

Mərasimdə YUNESKO-nun Baş direktoru Koişiro Matsuura çıxış edərək bildirmişdir ki, indi bütün bəşəriyyət mədəni irsin qorunması, mədəniyyətin müxtəlifliyinin mühafizəsi üçün çalışır.

Sevindirici haldır ki, 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilmiş Bakı bir həftə ərzində "Muğam aləmi" beynəlxalq musiqi festivalına ləyaqətlə ev sahibliyi etdi. Milli mədəniyyətimizə, onun inkişafına, qorunmasına, yaşamasına cani-dildən xidmət göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu tədbirdə dünyanın müxtəlif ölkələrindən Bakıya gəlmiş muğam ifaçıları əsl sənət möcüzəsi göstərdilər.

Martın 22-dən 24-dək Dövlət Kukla Teatrında keçirilən muğam müsabiqəsi təkcə sənət yarışması deyil, həm də dünya muğamının təntənəsi idi. Azərbaycanlı gənc ifaçılar bir daha təsdiqlədilər ki, Azərbaycan muğamları bütün muğamların şahıdır. 11 ölkədən gəlmiş 20 istedadlı ifaçının çıxışı alqışlarla qarşılanırdı. Ən çox da diqqəti çəkən müxtəlif dilli ifaçıların öz repertuarında "Qarabağ şikəstəsi"ni səsləndirməsi oldu. "Qran-pri" təbii olaraq Azərbaycan ifaçısına - Təyyar Bayramova nəsib oldu. Birinci yerə Yulduz Turdiyeva (Özbəkistan), ikinci yerə Məhəmməd Motamidi (İran), üçüncü yerə Mustafa Səid (Misir) layiq görüldülər. Ayrı-ayrı nazirliklər də yarışmada fərqlənən ən yaxşı ifaçılara pul mükafatı verdilər.

İstər iştirakçılar, istərsə də tamaşaçılar, xüsusilə də qonaqlar hər yarışmadan sonra öz fikirlərini bölüşdürərkən mütləq eyni bir məsələni vurğulayırdılar. Azərbaycanlı muğam ifaçıları əslində bu yarışmanın qalibləri idilər. Xüsusilə yarışa qatılmış xarici ölkə ifaçıları bizim muğamlara qulaq asdıqca həyəcan keçirirdilər. Yulduzla apardığımız söhbətdə o riqqətlə dedi: "Mən inanmıram ki, bu yarışmada başqa ölkələrdən qalib çıxan olsun. Azərbaycanlı həmkarlarım çox qüdrətlidirlər, biz onlara çata bilmərik". Doğru etirafdır. Həqiqətən də istər yaşlı nəsil, istərsə də cavanlar öz ifaları ilə müxtəlif ölkələrdən gəlmiş sənət adamlarını sanki sehrləmişdilər. O gün Muğam Mərkəzinin səhnəsində müxtəlif xalqların musiqisi və muğamları səslənsə də, həqiqətdə bu sənət yarışmasının lideri Azərbaycan muğamları idi. Bütün bunlar isə muğam sənətinin tarixində yeni və xüsusi bir mərhələnin başlanğıcını qoydu. Bir daha qürur duyduq ki, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkəmiz dünyanın diqqət mərkəzindədir. Azərbaycan mədəniyyətinin təntənəsi dostlarımızı sevindirməkdə, düşmənlərimizi isə məğlubiyyətə aparmaqdadır.

YUNESKO-nun təmsilçisi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq Azərbaycan muğamının gözəlliyindən danışarkən onun bütün dünya musiqisinə yol göstərdiyini vurğuladı: "Muğam ümumi bir dil, ümumi bir məqamdır. O, musiqiçilər arasında anlaşma, ünsiyyət vasitəsidir". Bəlkə də elə bu qüdrətinə görədir ki, bütün musiqi xadimləri və mütəxəssislər bir daha təsdiqlədilər ki, Azərbaycan muğamları bəşəriyyətin əbədiyaşar inciləridir. Bu inciləri bir daha bizə qaytarıb ona yeni nəfəs, yeni ömür verən xeyirxah şəxsiyyətlərin xoş əməlləri isə muğam əbədiliyinin varlığına qatılaraq daha da ucalığa yüksəlir.

 

 

Flora Xəlilzadə

 

Azərbaycan.-2009.-1 aprel.-S.7.