Azərbaycanın iqtisadi inkişafı MDB ölkələri
arasında ən yüksək sürətlə
inkişaf edir
Martın 31-də Moskvada keçirilmiş
MDB ölkələrinin maliyyə
nazirlərinin iclasında
Rusiya Federasiyasının
baş nazirinin müavini - maliyyə naziri Aleksey Kudrin Azərbaycanın MDB ölkələri
arasında ən yüksək sürətlə
inkişaf edən iqtisadiyyata malik olduğunu demişdir. Rusiyanın bir
sıra iri xəbər agentlikləri
A.Kudrinin bu sözlərini "xüsusilə
maraqlı məlumat"
adlandırmışdır.
MDB Hökumətlərarası Statistika
Komitəsinin hesablamalarına
görə, Azərbaycan
iqtisadiyyatı 2008-ci ildə
Birlik ölkələri
arasında ən yüksək irəliləmə
tempi ilə seçilmişdir. Belə
ki, bu rəqəm
il ərzində 10,8 faiz olmuş,
əsas kapital 34,7 faiz artmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankının
(AYİB) qiymətləndirməsinə görə isə, iqtisadi artım 15 faiz təşkil etmişdir.
"Azərbaycan,
həqiqətən də,
digər Birlik ölkələrindən sürətlə
inkişaf edir", - deyən Rusiya Təbiət Elmləri Akademiyasının müxbir
üzvü Yuri Qoden vurğulamışdır: "Neftin qiymətlərinin düşməsi, təbii
ki, bu ölkənin
iqtisadiyyatına təsir
etmişdir. Lakin
2008-ci ilin birinci yarısında toplanmış
ehtiyatlar bu böhrandan daha az itki ilə keçməyə
imkan vermişdir. Həm də unutmayaq ki, Azərbaycan dünyanın bir çox ölkələri
ilə fəal əməkdaşlıq edir,
qeyri-neft sektorunu inkişaf etdirir".
AYİB-in proqnozuna görə,
2009-cu ildə Azərbaycan
iqtisadiyyatında artım
8 faiz olacaqdır. Bu da o deməkdir ki, Azərbaycan dünyanı
bürümüş maliyyə
böhranından daha az zərərlə
çıxmaqla yanaşı,
iqtisadiyyatını da
inkişaf etdirəcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-2 aprel.-S.1.