Xarici işlər naziri Gürcüstanda səfərdədir
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti
aprelin 1-də Gürcüstana
ikigünlük səfərə
gəlmişdir.
Səfər çərçivəsində ölkələrimizin Xarici İşlər nazirlikləri arasında 2009-cu il üçün məsləhətləşmələr planı imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstan tərəfdən xarici işlər naziri Qriqol Vaşadze imzalamışlar.
Sonra jurnalistlər üçün
brifinq keçirilmişdir.
Gürcüstanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə humanitar məsələləri
müzakirə etdiklərini
bildirmiş və demişdir ki, ölkələrimiz arasında
siyasi problem yoxdur, dostluğumuz çoxlarına
nümunə göstərilir. Gürcüstan-Azərbaycan
strateji tərəfdaşlığına
toxunan Q.Vaşadze demişdir ki, Azərbaycan Gürcüstan
üçün ağır
zamanlarda dəfələrlə
əsl dostluq nümunəsi göstərmiş,
bizə dəstək vermişdir.
Q.Vaşadze Gürcüstan Prezidentinin
və Baş nazirinin Azərbaycana səfərlərinin planlaşdırıldığını
və bununla əlaqədar hazırlıq
işlərinə başlandığını
vurğulamışdır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
danışıqların səmərəli
keçdiyini, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın
daha da genişləndirilməsinə
diqqət yetirildiyini bildirmişdir. E.Məmmədyarov demişdir ki,
ölkələrimizin prezidentlərinin
dostluq münasibətləri
işimizi asanlaşdırmaqla
yanaşı, üzərimizə
fəaliyyətimizi həmin
münasibətlər səviyyəsinə
qaldırmaq kimi məsul vəzifələr
də qoyur. Sonra nazirlər jurnalistlərin
suallarını cavablandırmışlar.
Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Baş nazir Nikolos Gilauri
ilə görüşmüşdür. Görüşlərdə
Azərbaycanın Gürcüstandakı
səfiri Namiq Əliyev iştirak etmişdir.
Aprelin 2-də Azərbaycan nümayəndə
heyətinin üzvləri
ulu öndər Heydər Əliyevin Tbilisidəki büstü və Gürcüstanın
ərazi bütövlüyü
uğrunda həlak olanların abidəsi önünə əklillər
qoyacaqlar.
İslam Əliyev,
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi
Azərbaycan.-2009.-2 aprel.-S.1.