Qlobal iqtisadi böhranın dəf edilməsində Azərbaycan yolu

 

Görülən bütün tədbirlərə rəğmən, qlobal maliyyə və iqtisadi böhranın hələ də öz təsir dairəsini genişləndirməsi dünya dövlətləri üçün əsas problemlərdən biri kimi qalmaqdadır. Dünyanın aparıcı maliyyə institutları isə böhranla bağlı yaxın aylar üçün hələ də nikbin proqnozlar səsləndirmirlər. Hələlik müşahidə olunan proses odur ki, getdikcə daha çox dünya dövlətləri, aparıcı beynəlxalq şirkətlər, digər istehsal müəssisələri qlobal iqtisadi böhranın qurbanına çevrilməkdədir.

 

"Böyük iyirmilər"in sammitinin nəticələri barədə Azərbaycan Prezidentini Dmitri Medvedev məlumatlandıracaq

 

Hazırda iqtisadi böhranla əlaqədar baş verənlər fonunda Azərbaycan bir çox dünya dövlətləri üçün qibtə oluna biləcək ölkə sayıla bilər. Ən azı ona görə ki, iqtisadi böhranın Azərbaycana təsiri cüzi xarakter daşıyır və bir çox xarici ölkələrdə olduğu kimi, iş yerlərinin bağlanmasına, iri layihələrin icrasının dayanmasına, sosial xərclərin azaldılmasına səbəb olmayıb. Əksinə, cari il ərzində Azərbaycanda yenə də yüksək iqtisadi göstəricilərin qeydə alınacağı dünyanın aparıcı maliyyə institutları tərəfindən açıq bəyan olunur. Bu məqamla bağlı Prezident İlham Əliyev demişdir: "Bildiyiniz kimi, dünyanı bürümüş maliyyə və iqtisadi böhran böyük çətinliklər gətirmişdir. Müxtəlif ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır, müəssisələr dayanır, işsizlik artır və ölkələr böyük problemlərlə üzləşirlər. Azərbaycanda isə yeni müəssisələr açılmış, iqtisadiyyat artmış, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük, nəhəng infrastruktur layihələri icra olunmuşdur". Cari il ərzində də Azərbaycanda mühüm infrastruktur layihələri icrası həyata keçirilir, həmçinin yeni iş müəssisələri və digər obyektlərin inşası reallaşdırılır ki, bu da qlobal iqtisadi böhranın təsirinin Azərbaycan üçün ciddi xarakter daşımadığını göstərir.

Dünya isə qlobal iqtisadi böhranın yaratdığı problemlərin çözümü ilə bağlı əsas ümidini "Böyük iyirmilər"ə daxil olan dövlətlərin aprelin 2-də Londonda keçirilən sammitində qəbul olunacaq qərarlara bağlayıb. Sammitdə iştirak etmək üçün dünya liderləri artıq İngiltərə paytaxtına toplaşıblar. ABŞ Prezidenti Barak Obama özünün ilk Avropa səfərinə məhz London sammitindən başlayıb. Hələlik isə sammit barədə müxtəlif proqnozlar səsləndirilir. Məsələn, ABŞ-ın özündə bir çox dairələr "Böyük iyirmilər"in sammitini Londonda 1933-cü ildə nəticəsiz qalmış iqtisadi konfransla müqayisə edirlər. Həmin vaxt ABŞ Prezidenti Franklin Ruzvelt konfransa getməmiş və tədbir daha çox qızğın mübahisələrlə yadda qalmışdı. Bundan sonra həmin dövrdə yaşanan qlobal böhran daha da dərinləşmişdi. Bu dəfə isə Ağ Ev bildirir ki, dünya həmin səhvləri təkrar etməməlidir. Ancaq faktdır ki, Ağ Evlə Fransa və Almaniya hökumətləri arasında daxili tələbatın ödənməsinə dair fikir ayrılıqları var. Cənab Obamanın adamları hesab edirlər ki, onlar sammitdə imzalanacaq və gələcək birgə addımları nəzərdə tutan razılaşmaya böyük ümidlərlə yanaşırlar. Bununla belə, sammit zamanı baş verə biləcək gərginliklərin əlamətləri indidən görünməkdədir. Belə ki, Fransa Prezidenti Nikola Sarkozinin gözlənilən nəticələr əldə olunmayacağı təqdirdə sammiti tərk edəcəyinə dair xəbərlər yayılıb. Fransanın xarici işlər naziri Kristin Laqard bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, London sammitində ciddi maliyyə qərarları qəbul olunmazsa, fransızların nümayəndə heyəti sammitdən çıxıb gedəcək: "Prezident Sarkozi əhəmiyyətli qərarın əldə olunacağını gözləyir. O, bu məsələ barədə aydın danışıb. Bildirib ki, lazımi qərarlar qəbul olunmazsa, yekun komminikeni imzalamayacaq".

"Böyük iyirmilər"in sammitinə ən çox təkliflə qatılan ölkələrdən biri də Rusiyadır. Rusiyanın təkliflərinin əsas məğzi budur ki, iqtisadi problemlərin həllində daha çox kollegiallıq olmalıdır. Yəni qlobal böhranın həllində tək dünya iqtisadiyyatının əsas oyunçuları yox, daha geniş sayda ölkələrin maraqları nəzərə alınmalıdır. Bundan başqa, Rusiya tərəfi belə hesab edir ki, dünya iqtisadi böhranı maliyyə böhranından başlayıb və bundan çıxmaq, həmçinin gələcəkdə belə böhranların qarşısını almaq üçün ilk növbədə maliyyə sistemini nizamlamaq lazımdır. Londona yola düşməzdən əvvəl Prezident Dmitri Medvedev ölkəsinin bununla bağlı mövqeyini belə açıqlayıb: "Bizim bəzi tərəfkeşlərimizin zənnincə, dünya ehtiyat valyutaları sistemində hər şey öz qaydasındadır, onların fikrincə, əsas dünya valyutalarını, o cümlədən dolları bir qədər möhkəmləndirmək rahatlığa və qayda-qanunun qayıtmasına səbəb olacaq. Biz isə başqa cür düşünürük. Hesab edirik ki, yeni ehtiyat valyutaları sistemi yaradılmalıdır".

Onu da bildirək ki, Dmitri Medvedev "Böyük iyirmilər"in dövlət və hökumət başçılarının London sammitinin nəticələri barədə MDB liderlərini məlumatlandıracaqdır. Cənab Medvedev bunu MDB ölkələri maliyyə nazirlərini qəbul edərkən bildirib. O, sammitdən sonra MDB ölkələri rəhbərlərinə zəng edəcəyini açıqlayıb: "Mən istəyirəm ki, yaxın tərəfdaşlarımız sammit haqqında məlumatı səfirliklərin hazırlayacağı teleqram və məruzələrdən yox, birbaşa iştirakçılardan alsınlar".

 

Azərbaycanda fəaliyyət göstərən sahibkarların sayı artır

 

MDB ölkələri maliyyə nazirlərinin Moskva iclasında isə birliyə üzv dövlətlərdə maliyyə-iqtisadi vəziyyət, dünyada baş verən maliyyə böhranının aradan qaldırılması tədbirləri və digər məsələlər müzakirə olunub. Hazırda isə belə hesab olunur ki, MDB məkanında qlobal böhranla mübarizə sahəsində ən əlverişli vəziyyət məhz Azərbaycandadır. Bunu bir sıra konkret göstəricilər də təsdiq edir. Məsələn, qlobal iqtisadi böhranın başlanmasından sonra MDB ölkələrində bir çox şirkətlərin fəaliyyətini dayandırdığı müşahidə olunur. Təkcə Moskvanın özündə ötən ilin noyabrından indiyə qədər olan müddət ərzində 2 minə yaxın şirkət fəaliyyətinə son vermək məcburiyyətində qalıb. Analoji hal Ukraynada, Gürcüstanda, Ermənistanda və bir sıra digər MDB dövlətlərində də müşahidə olunur. Azərbaycanda isə bunun tam əksi yaşanır. Son ayların məlumatları göstərir ki, Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayında 6,1 faizlik artım baş verib. Hüquqi şəxslərin sayında artım isə 8,8 faiz artıb. Bu isə o deməkdir ki, əgər qlobal iqtisadi böhran MDB məkanında da işlək şirkətlərin sayının azalmasına səbəb olubsa, Azərbaycanda onların sayı artıb.

O da xüsusi diqqət çəkən faktdır ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlər tabeliyində olan işçilərin ixtisarını həyata keçirmir. Bu məqam qlobal iqtisadi böhranın əsas fəsadlarından biri sayılan işsizlik probleminin Azərbaycandan yan keçməsində mühüm rol oynayır. Dövlət tərəfindən sahibkarlara xüsusi qayğı və yardım göstərilməsi isə bu sahədə vəziyyətin daha da yaxşılaşmasına səbəb olur. Bu məqam, eləcə də kredit sahəsində vəziyyətin daha əlverişli hala gəlməsi üçün görülən tədbirlər ekspertlərə görə, yerli iqtisadiyyatın imkanlarının daha da genişlənməsinə səbəb olacaqdır. Elə bu da qlobal böhranın Azərbaycana bundan sonrakı dövrlərdə də təsirinin minimuma endirilməsində vacib əhəmiyyətə malikdir.

Bütün bunlar öz növbəsində qlobal böhran nəticəsində son aylarda özünü qabarıq şəkildə göstərən daha bir problemin ölkəmizdən yan keçməsinə şərait yaradır. Söhbət böhranın doğurduğu yoxsulluq səviyyəsinin artmamasından gedir. Bununla bağlı hazırda dünyada müşahidə olunan tendensiya ondan ibarətdir ki, böhran nəticəsində iş yerlərinin bağlanması, istehsalın azalması yoxsulluq səviyyəsinin artmasına səbəb olur. Azərbaycanda isə iqtisadi gösrəricilər yenə də ciddi rəqəmlərlə artdığından dünyada baş verənlərin əksinə olaraq cari il ərzində də ölkəmizdə yoxsulluq səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalacağı proqnozlaşdırılır.

 

Manat MDB-nin ən dayanıqlı valyutasıdır

 

Bütün bunların nəticəsidir ki, Moskvada yerləşən Postkrizis Dünya İnstitutu tərəfindən hazırlanan hesabata görə, Azərbaycanın iqtisadi böhran əleyhinə planları ən yüksək qiymətə layiq görülüb. Azərbaycanla yanaşı, institut Rusiya və Qazaxıstanın göstəricilərini də yüksək qiymətləndirib. Ermənistan, Ukrayna kimi dövlətlər isə bu sahədə ən aşağı göstəricilərə layiq görülüb. Belə hesab olunur ki, qlobal iqtisadi böharının təsirlərini bundan sonra da minimallaşdırmaq üçün Azərbaycan lazımi resurslara, o cümlədən maliyyə imkanlarına malikdir. Ölkə rəhbərliyinin qlobal iqtisadi böhrana qarşı gördüyü tədbirlər də yüksək qiymətləndirilir.

Azərbaycan manatının digər MDB dövlətlərinin milli valyutaları ilə müqayisədə ən dayanıqlı valyuta olması da məhz bu tədbirlərin nəticəsi kimi qiymətləndirilir.

Rusiya Mərkəzi Bankının məzənnələr əsasında hesablanan dünya valyutalarının sabitlik reytinqinə dair hesabatına görə də son bir ayda Azərbaycan manatı bölgədə və MDB məkanında ən sabit milli valyutalar sırasında lider mövqeyini qoruyub saxlaya bilib. Sözügedən bankın 117 ölkənin ödəniş vasitələrini özündə əks etdirən hesabatında manat 28-ci pillədə qərarlaşıb.

Rusiya rubluna qarşı məzənnəsi cari ilin fevralında 21,88 faiz yüksələn manat bu göstəriciyə görə MDB-də birinci, bölgədə isə İran rialından (23,79 faiz) sonra ikinci sabit valyuta sayılır. Milli valyutalar reytinqinin ən aşağı pillələrində isə Ermənistan dramı dayanır. Son bir il ərzində dramın Rusiya rubluna qarşı məzənnəsi 87,68 faiz enib. Halbuki həmin dövr ərzində Azərbaycan milli valyutasının məzənnəsi Rusiya rubluna qarşı 50 faiz, o cümlədən son üç ayda 30 faiz artıb.

Burada bir məqama xüsusi diqqət yetirilməlidir ki, rubl-manat məzənnəsində manatın lehinə olan dəyişmələr Rusiya və digər MDB dövlətlərindən olan malların Azərbaycana gətirilməsini ucuzlaşdırır və idxalın genişlənməsinə münbit şərait yaradır. Xatırladaq ki, Azərbaycanın xarici ticarətinin 16,7 faizi məhz MDB ölkələrinin payına düşür.

Manatın məzənnəsinin bundan sonra da sabit qalacağını iqtisadi inkişaf naziri Şahin Mustafayev də təsdiq edir: "Maliyyə böhranı Azərbaycana ciddi təsir etməyib. Cari ilin ilk iki ayının iqtisadi göstəricilərinə nəzər saldıqda bunu aydın görmək mümkündür. Məsələn, bu müddətdə manatın məzənnəsi bir qədər də möhkəmlənib. Və manatın məzənnəsinin dəyişməsi üçün nə zərurət, nə ehtiyac, nə də iqtisadi əsas var. Bu da gündəlik həyatda əhali üçün əsas göstəricilərdən biridir. Eyni zamanda, istehlak bazarında qiymətlər aşağı düşür. Bu, özünü xüsusilə, tikinti materialları bazarında büruzə verir. Bəzi materiallar üzrə qiymətlər iki dəfədən çox aşağı düşüb. Eyni zamanda, ərzaq mallarının da qiymətləri aşağı düşür".

Araşdırmalara görə, qlobal böhranın tüğyan etməsinə rəğmən, cari ilin əvvəlindən indiyə qədər olan müddət ərzində əhalinin alıcılıq qabiliyyətində də artım yaşanmaqdadır. Həmçinin bu dövr ərzində əhalinin real gəlirləri 20 faizdən də çox artıb. Bununla belə, iqtisadi inkişaf naziri qeyd edir ki, bütün bunlara baxmayaraq, hökümət maliyyə böhranından daha az zərərlə çıxmaq üçün qabaqlayıcı tədbirlər görür: "Ümumiyyətlə, investisiya proqramı ehtiyatla tərtib olunub və prioritetləşdirilib. Amma əsas infrastruktur layihələri, sosial proqramlar bütövlüklə icra olunacaq".

Bir məqamı da xüsusi qeyd etmək lazım gəlir ki, iqtisadi böhran məsələsində ölkə daxilindən heç bir problem qaynaqlanmır. Yəni, Azərbaycan iqtisadiyyatına təsiri cüzi olan qlobal böhranın dalğaları əsas etibarı ilə xaricdən gəlir. Bu isə qlobal böhranın təsirinin neytrallaşdırılmasında Azərbaycana daha rahat manevr etmək imkanı verir.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-2 aprel.-S.1-2.