Almaniyanın xarici işlər nazirinin müavini Qernot Erler Azərbaycana səfərə gəlmişdir

 

Almaniyanın xarici işlər nazirinin müavini Qernot Erler Azərbaycana səfərə gəlmişdir.

Aprelin 3-dək davam edəcək səfər çərçivəsində Qernot Erler Milli Məclisin Sədri Oqtay Əsədov, Almaniya Bundestaqının Azərbaycan parlamenti ilə dostluq qrupunun üzvləri ilə görüşəcəkdir.

Bundan əlavə, onun Xarici İşlər Nazirliyində, Azərbaycan Diplomatik Akademiyasında da görüşləri nəzərdə tutulmuşdur.

Görüşlərdə Azərbaycan ilə Almaniya arasında münasibətlərin genişləndirilməsinə və digər maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılacaqdır.

Almaniyalı qonaq aprelin 1-dən 3-dək Bakıda keçiriləcək "Azərbaycan - Şərqi və Qərbi birləşdirən ölkə (bizim eramızdan əvvəl VII və IV minilliklərdə)" mövzusunda beynəlxalq arxeoloji konfransda iştirak edəcəkdir.

Diplomat Bakıya gələndən dərhal sonra jurnalistlərə açıqlamasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Berlinin mövqeyini bir daha açıqlamışdır. Qernot Erler bildirmişdir ki, Türkiyə və Ermənistan arasında danışıqlar prosesi, eləcə də Azərbaycan və Ermənistan arasındakı dialoq münaqişələrin həllində inkişafın sübutudur. Almaniya regionda sabitliyin olmasında maraqlıdır. Biz həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyirik. Almaniya həmişə hesab edib ki, dialoq münaqişədən daha yaxşıdır. Biz düşünürük ki, Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi də dialoq yolu ilə həll olunmalıdır.

Azərbaycandan əvvəl Qernot Erler Gürcüstan və Ermənistanda olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-2 aprel.-S.2.