İslahatların Azərbaycan modeli unikal idarəetmə sisteminin formalaşmasının əsasıdır

 

Azərbaycan Respublikası özünün çoxəsrlik dövlətçilik ənənələrinə malik olması ilə seçilən ölkədir. Müasir Azərbaycan ərazisi coğrafi iqlim şəraitinə və təbii sərvətlərinə görə, əlverişli və zəngin olduğu üçün həmişə yadellilərin diqqətini çəkmiş, zaman-zaman başqaları tərəfindən zəbt olunaraq talan edilmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz dilini, dinini, adət-ənənəsini və dövlətçiliyini saxlaya bilmiş, iqtisadiyyatını günün tələbinə uyğun quraraq inkişaf etdirmişdir.

Keçən əsrin 20-ci illərindən SSRİ-nin tərkibində olan Azərbaycan Respublikası müəyyən inkişaf yolu keçərək iqtisadiyyatını xeyli möhkəmləndirdi və əhalisinin sosial həyatında dəyişikliklərə nail oldu. Xüsusilə, 1970-1982-ci illərdə Azərbaycan misli görünməmiş iqtisadi və sosial inkişaf məkanına çevrildi. Kənd təsərrüfatında aqrar-sənaye kompleksi formalaşdı, sənayenin yeni sahələri yaradıldı, əhalinin rifah halı xeyli dərəcədə yaxşılaşdı.

Lakin XX əsrin sonunda keçmiş Sovetlər İttifaqında 70 il müddətində mövcud olan idarəetmə sistemi artıq dünyada baş verən müasir proseslərlə uzlaşa bilmir, idarəetmə metodlarının hazırlanmasına və tətbiqinə ölkə rəhbərliyi cəsarət etmirdi. Bu isə ölkə iqtisadiyyatının zəifləməsinə, əhalinin yaşayış səviyyəsinin aşağı düşməsinə, narazılıqların artmasına, ölkədə özbaşınalığın və xaosun genişlənməsinə səbəb olmaqla dövlətçiliyə sarsıdıcı zərbə vururdu. Dünyanın ən inkişaf etmiş ölkələrinin keçdiyi yola nəzər saldıqda məlum olur ki, materiya daim hərəkətdə olduğu kimi, dövlət də inkişaf etməli, iqtisadi və siyasi idarəetmə sistemi daim təkmilləşdirilməlidir. Bu proseslərin dayanması və ya yerində sayması ölkədə durğunluqla, tənəzzüllə sonuclanır və nəticədə ölkənin dağılmasına səbəb olur. Azərbaycanın da daxil olduğu SSRİ-nin iqtisadi və siyasi həyatında məhz XX əsrin 80-ci illərində belə bir durğunluq yarandı və ölkə bu burulğandan çıxa bilməyib 1991-ci ilin sonunda bir dövlət kimi dağıldı.

Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktını qəbul etdi, Azərbaycan xalqı özünün əsrlər boyu həsrətində olduğu müstəqillik və azadlıq ideyalarına qovuşdu. Müstəqilliyimizin ilk illəri acı təəssüratlarla yaddaşlarda, xatirələrdə qaldı. 1991-1993-cü illərdə səriştəsiz ideya və baxışları dövlətçiliyimizin möhkəmlənməsinə söykənməyən, milli maraqlardan və məfkurədən uzaq ölkə rəhbərliyi tərəfindən iqtisadiyyat dağıdıldı, xalq mülkiyyəti ayrı-ayrı vəzifəli şəxslər tərəfindən mənimsənildi, hərc-mərclik, xaos və özbaşınalıq görünməmiş miqyas aldı. Cəmiyyət çaşqınlıq və ümidsizlik girdabında boğulurdu. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə fövqəladə zəka və böyük nüfuz sahibi Heydər Əliyev hakimiyyətə qayıtdı. Ulu öndər ölkəyə rəhbərliyə başladığı ilk gündən qayda-qanunun bərpası, icra intizamına əməl edilməsi, cəmiyyətdə əmin-amanlığın bərqərar olması üçün çox mühüm və təsirli tədbirlər həyata keçirməyə başladı. 1994-cü ilin may ayında atəşkəs müqaviləsi imzalandı, ölkədə nisbi sabitliyin təmin edilməsi iqtisadi islahatlara başlamaq üçün əsaslı zəmin yaratdı. 1994-cü ilin sentyabr ayında dünyanın inkişaf etmiş bir çox ölkələrinin aparıcı şirkətləri ilə "Əsrin neft müqaviləsi" imzalandı.

Ölkədə sabitliyi pozmaq, öz qara niyyətlərini həyata keçirmək üçün müəyyən qüvvələr 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlər təşkil etdilər. Lakin Heydər Əliyevin yüksək təşkilatçılığı və vaxtında həyata keçirdiyi tədbirlər bu cəhdlərin qarşısını aldı, ölkəmizdə siyasi sabitlik təmin edildi. Bundan sonra bazisi təşkil edən iqtisadi islahatlarla yanaşı üstqurum yaratmağa xidmət edən siyasi islahatların vəhdətinə yönəlmiş tədbirlər həyata keçirilməyə başlandı. 1995-ci ildə vətəndaşların hüquq və vəzifələrini, azadlıqlarını, dünyəvi dəyərləri dolğun şəkildə özündə ehtiva edən Azərbaycan Respublikasının Konstitusiyası hazırlandı və qəbul olundu. Bu sənəd hakimiyyətin bölünməsi prinsipinə əsaslanaraq mülkiyyətin dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərində olmasını elan etdi. Konstitusiyada qeyd olundu ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bütün bu müddəalar ölkəmizdə hüquqi bazaya əsaslanan demokratik islahatların keçirilməsinə imkan yaratdı. Bununla da, 1991-1995-ci illəri əhatə edən iqtisadi tənəzzül dövrü 1996-cı ildən başlayan dinamik makroiqtisadi inkişaf və siyasi sabitlik dövrü ilə əvəz olundu. Onu da qeyd edək ki, 1992-ci ilin yanvar ayından başlamış çox zəif və sistemsiz həyata keçirilən bir sıra tədbirlər lazımi nəticə verməmiş, bir çox neqativ hallara səbəb olmuşdur. Belə ki, istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən yüz dəfələrlə artmış, 1994-cü ildə büdcə kəsirinin ÜDM-ə nisbəti 13 faizə çatmış, ölkə iqtisadiyyatına bir manat da olsa, xarici sərmayə qoyulmamış, 1991-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, maliyyə bank sistemi iflic vəziyyətə düşmüşdü.

Ölkə iqtisadiyyatının belə ağır vəziyyətdə olmasına baxmayaraq ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli tədbirlər nəticəsində 1996-cı ildən etibarən iqtisadiyyatda canlanma başlandı. Bu tədbirlər sırasına Azərbaycan modelinin tərkib hissəsi olan bir çox irimiqyaslı sənədlərin qəbul edilməsini aid etmək olar. Bunlardan "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı", "Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)", "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı", "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006)", "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)" və ölkənin bir çox iqtisadi və sosial məsələlərinə dair digər proqramları və konsepsiyaları qeyd etmək olar. Göründüyü kimi, ölkə iqtisadiyyatının və sosial məsələlərin bütün prioritet istiqamətləri üzrə konsepsiyalar, strategiya və proqramlar qəbul edilmiş, onların icrası nəzarətə götürülmüşdür. Bu tədbirlərin həyata keçirilməsi ilkin mərhələ olmaqla Azərbaycanın dinamik inkişaf yoluna çıxmasında müstəsna rol oynamışdır.

Azərbaycan iqtisadiyyatında özünəməxsus yer tutan və ölkədə sosial vəziyyətə böyük təsir gücünə malik olan aqrar bölmədə də islahatların aparılması o qədər də asan məsələ kimi görünmürdü. Belə ki, ötən əsrin 70-ci illərində yaradılmış möhtəşəm maddi-texniki baza çox qısa zamanda, demək olar ki, məhv edilmiş, əvvəllər mövcud olan iqtisadi əlaqələr qırılmış, aqrar-sənaye kompleksi özbaşına buraxılmışdı. Ölkə iqtisadiyyatının mühüm sahəsini və əhalinin 50 faizini əhatə edən aqrar bölməni keçmişdə olduğu kimi, inzibati-amirlik metodu ilə idarə etmək qeyri-mümkün idi və bu acınacaqlı vəziyyəti yalnız aqrar sahədə köklü islahatlar aparmaqla tədricən qaydaya salmaq olardı. Bu, yeganə düzgün siyasət idi və bunun üçün ilk növbədə, torpaqlar özəlləşdirilməli, kolxoz və sovxozlar ləğv edilərək onların əvəzinə yeni təşkilati hüquqi formalı təsərrüfatlar yaradılmalı, sahibkarlığın inkişaf etdirilməsi və digər islahat tədbirləri həyata keçirilməli idi. İslahatın uğurla başa çatdırılması üçün ən başlıca şərt ədalət prinsipinin, həmçinin də torpaq bölgüsündə şəffaflığın gözlənilməsi idi.

Birinci mərhələdə (1993-1994-cü illər) aqrar islahatlar barədə ölkəmizdəki reallıqlar nəzərə alınmaqla, dünya təcrübəsinin öyrənilməsinə və yekdil bir fikrin formalaşmasına diqqət yönəldildi.

İkinci mərhələ (1995-1996-cı illər) aqrar islahatlara başlamaq üçün müvafiq normativ hüquqi bazanın yaradılması ilə xarakterizə olunur. Bu dövrdə "Aqrar islahatın əsasları haqqında". "Sovxoz və kolxozların islahatı haqqında", "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının qanunları və "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin fərmanı və digər qanunvericilik aktları imzalanaraq icrasına başlandı.

Aqrar islahatların üçüncü mərhələsində (1997-2000-ci illər) torpaqların özəlləşdirilməsi həyata keçirildi, yeni tipli təsərrüfatlar yarandı, sahibkarlıq subyektləri formalaşdı. Yeni yaradılan təsərrüfatçılıq formalarının fəaliyyətini ölkədə həyata keçirilən iqtisadi və siyasi islahatlarla əlaqələndirmək üçün Torpaq, Su, Meşə məcəllələri, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Toxumçuluq haqqında", "Torpaqların münbitliyi haqqında", "Taxıl haqqında", "Yeyinti məhsulları haqqında", "Üzümçülük və şərabçılıq haqqında" və bir sıra digər qanunlar və bu qanunların tətbiqini təmin edən normativ hüquqi aktlar qəbul edilmişdir. Bundan başqa, aqrar-sənaye kompleksinin mühüm sahələri olan kənd təsərrüfatı maşınqayırma və emal müəssisələrinin özəlləşdirilməsi və onların bəzilərinin səhmdar cəmiyyətlərə çevrilməsi, bank-kredit və maliyyə sisteminin yenidən qurulması prosesi başlanmışdır.

Aqrar islahatların 2000-2002-ci illəri əhatə edən dördüncü mərhələsində torpaq və su üzərində bələdiyyə mülkiyyətinin bərqərar olması istiqamətində mühüm əhəmiyyəti olan "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında" və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunlar qəbul edilmiş, aqrar islahatların dərinləşməsini, torpaq və kredit bazarının formalaşmasını, fermer təsərrüfatlarının səmərəli fəaliyyət göstərməsini təmin edən, kənddə orta və kiçik sahibkarlığın inkişafına təkan verən bir neçə normativ hüquqi sənədlər imzalandı. Görülən tədbirlər nəticəsində torpaqlar kənd sakinlərinə ədalətli şəkildə paylandı, bu sahəyə investisiya qoyulması, vergi, kredit və sığorta siyasətinin yeniləşdirilməsi və təkmilləşdirilməsi üçün konkret tədbirlər həyata keçirildi. Torpaq islahatı nəticəsində Azərbaycan Respublikası ərazisinin 57 faizi dövlətin mülkiyyətində (əsasən meşələr, otlaqlar, qoruqlar, dövlət toxumçuluq və damazlıq təsərrüfatının torpaqları və s.) saxlandı, 23 faizi bələdiyyə mülkiyyətinə verildi, 20 faizi isə özəlləşdirildi. Bu dövrdə Heydər Əliyevin parlaq zəkası, zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş praqmatik siyasəti nəticəsində MDB məkanında analoqu olmayan yeni bir model - Azərbaycan modeli formalaşdı.

2003-cü ildə demokratik seçki yolu ilə hakimiyyətə gələn Prezident İlham Əliyev ulu öndərin siyasi kursuna sadiq qalaraq bu modeli daha da təkmilləşdirdi və ölkəmizin qüdrətlənməsi üçün dolğun layihələr və proqramlar həyata keçirdi.

Hakimiyyətə gəldiyi ilk vaxtlardan imzaladığı fərmanlar və sərəncamlar onu göstərir ki, Prezident İlham Əliyev iqtisadiyyatın qloballaşması prosesində aqrar bölmənin dövlət dəstəyi olmadan inkişafının qeyri-mümkünlüyünü böyük peşəkarlıqla yəqin etmişdir. Ölkə başçısının 2004-cü il fevralın 11-də imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" buna əyani sübutdur. Ölkə əhalisinin ərzaq təminatının yaxşılaşdırılmasında, yeni iş yerlərinin açılmasında, yoxsulluğun azaldılmasında aqrar bölmənin geniş imkanlara malik olmasını nəzərə alaraq Prezident İlham Əliyev 2004-cü ilin oktyabrında "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" və "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamlar imzalamışdır. Dövlət proqramında bölgələrdə yalnız kənd təsərrüfatının deyil, həmçinin sosial-iqtisadi və aqrar siyasətin əsas istiqamətlərindən olan kənd ərazilərinin davamlı inkişafını təmin edən kompleks tədbirlər nəzərdə tutulmuşdur. Dövlət proqramı və ona əlavə edilmiş bir çox məsələlər uğurla yerinə yetirilmiş və proqramın icrasına 6 milyard manatlıq investisiya qoyulmuşdur. Nəticədə dünyanın heç bir ölkəsində müşahidə olunmayan sosial-iqtisadi artım əldə edilmişdir. 2003-cü illə müqayisədə 2008-ci ildə dünya iqtisadiyyatı 25,4 faiz artdığı halda, Azərbaycan iqtisadiyyatı (ÜDM-in artımı) 2,6 dəfə artmış, adambaşına düşən nominal həcm 2003-cü ilə nisbətən 5 dəfə artaraq 4440 manat təşkil etmişdir. Son 5 ildə ölkə iqtisadiyyatına 38 milyard manatlıq investisiya qoyulmuşdur ki, bunun da 16 milyard manatı daxili investisiyalar olmuşdur. Son 5 il ərzində kənd təsərrüfatında məhsul istehsalının nominal dəyəri 2,4 dəfə artmış, aqrar sahədə yaradılan əlavə dəyərin real artım səviyyəsi 25,1 faiz təşkil etmişdir. Ərazimizin 20 faizinin erməni işğalında olmasına baxmayaraq, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının dəyəri 1990-cı ilin səviyyəsini ötmüşdür. Hazırda kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin payı 99,7 faiz təşkil edir. Heç təsadüfi deyildir ki, dünyanın ən birinci və qabaqcıl maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ilin yekunlarına görə ilin bir nömrəli islahatçı ölkəsi kimi tanımışdır. Bu, fərəhləndirici və qürur doğuran hadisədir. Bütün bu uğurların təməlində respublikada həyata keçirilən məqsədyönlü, ardıcıl və düzgün siyasət, uzaq gələcəyə yönəlmiş mükəmməl strategiya dayanır.

Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyevin iqtisadi və o cümlədən aqrar islahatlara olan inamı və uzaqgörən siyasəti öz bəhrəsini verir. Belə ki, ümummilli lider hələ 1994-cü il dekabrın 23-də aqrar bölmədə iqtisadi islahatlara həsr olunmuş müşavirədəki çıxışında demişdir: "İslahatlar ancaq və ancaq aqrar bölmənin səmərəliliyini, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, torpaqdan daha səmərəli istifadə etmək üçün olmalıdır. Bu islahatlar 70 il müddətində əldə olunmuş potensialı dağıtmaq üçün yox, əksinə, ondan daha səmərəli istifadə etmək üçün aparılmalıdır".

Azərbaycan bu gün dünyanı narahat edən iki əsas problemdən, yəni, enerji və ərzaq təhlükəsizliyi problemlərindən birini tamamilə həll etmişdir. Ölkəmiz neft, elektrik enerjisi və qazla özünü tam təmin etməklə yanaşı, həmin məhsulları dünya bazarına ixrac edir. Ərzaq təhlükəsizliyi probleminin həlli istiqamətində də respublikamızda konkret tədbirlər görülür və bu məsələyə xüsusi diqqət yetirilir. Bu məqsədlə ölkə başçısı 2008-ci ilin avqust ayında "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" təsdiq edilməsi və "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" sərəncamlar imzalamışdır. Bu sərəncamların icrasını təmin etmək məqsədi ilə 2008-ci ilin dövlət büdcəsindən 25 milyon manat vəsait ayrılmış, 2009-cu ilin büdcəsindən isə 60 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Ölkəmizdə kartof, meyvə-tərəvəz və bostan məhsullarına olan tələbat tam ödənilir və istehsal edilən məhsulların bir qismi ixrac olunur. Respublikamızda ərzaq taxılına olan tələbat ödənilsə də, heyvandarlıq məhsullarına olan tələbat hələlik tam ödənilmir. Bu məqsədlə bir sıra tədbirlər həyata keçirilməyə başlanmışdır. Bunlar əsasən aqrar sahədə çalışan sahibkara güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi və sığorta güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, gömrük rüsumlarının ödənilməsində güzəştlər, aqrolizinq yolu ilə texnika, gübrə, toxum və damazlıq heyvanların alınıb fermerlərə verilməsi və digər dövlət yardımları və dəstəyinin göstərilməsidir.

İslahatların Azərbaycan modelinin düzgün və vaxtında tətbiqi nəticəsində bu gün ölkəmiz keçmiş İttifaq respublikaları arasında kənd təsərrüfatının inkişafına görə seçilir. Belə ki, həmin ölkələrin əksəriyyətində 1990-cı ilə nisbətən mal-qaranın sayının, əkin sahəsinin və kənd təsərrüfatı məhsullarının istehsalında kəskin azalmalar müşahidə edildiyi halda (xüsusilə, Rusiya Federasiyasında) Azərbaycan Respublikasında sabit və böyük artım əldə edilmişdir. 1990-cı ilə nisbətən 2008-ci ildə iribuynuzlu mal-qaranın sayı 39 faiz, qoyun və keçilərin sayı 51 faiz, kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsi 2,3 faiz artmış, taxıl istehsalı 77 faiz, kartof istehsalı 5,8 dəfə, tərəvəz 43 faiz, bostan məhsulları 6 dəfə, meyvə və giləmeyvə 94 faiz, süd istehsalı 42 faiz artmışdır. Azərbaycan Respublikasında əhalinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin edilməsində strateji əhəmiyyət kəsb edən məhsulların istehsalını artırmaq üçün bu məhsulları verən kənd təsərrüfatı bitkilərinin (dənli və dənli paxlalı, kartof və s.) əkin sahəsi genişləndirilmişdir. Bundan əlavə, respublikamızda istehsalı mümkün olan ərzaq məhsullarının əldə edilməsi məqsədi ilə əkin strukturu dəyişdirilmiş, pambıq, tütün və yaşıl çay bitkilərinin əkin sahəsi azaldılmış, əhalinin şəkərə və bitki yağına olan tələbatını ödəmək üçün əvvəllər ölkəmizdə becərilməyən şəkər çuğunduru və dən üçün günəbaxan bitkilərinin yetişdirilməsinə başlanmış, onlardan əldə olunan xammalın emalı ilə məşğul olan müasir texnologiya ilə təchiz edilmiş müəssisələr yaradılmışdır. Gələcəkdə bu istiqamətdə işlərin genişləndirilməsi nəzərdə tutulur ki, bu da ölkə əhalisinin şəkərə və bitki yağlarına olan tələbatının ödənilməsinə və başqa ölkələrdən asılılığının azaldılmasına imkan verəcəkdir.

İstehsal vasitələri, o cümlədən torpaq üzərində xüsusi mülkiyyətin bərqərar olması, iqtisadiyyata dövlətin optimal müdaxiləsi və həyata keçirilən dövlət tənzimlənməsi ölkəmizdə formalaşan bazar iqtisadiyyatından yüksək səviyyədə faydalanmağa imkan verir. Məhz islahatların Azərbaycan modelinin yaratdığı unikal idarəetmə sisteminin nəticəsidir ki, dünyada baş verən və getdikcə təsir dairəsini dərinləşdirən və genişləndirən qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatına təsir göstərə bilməmişdir.

Respublikamızda uğurla həyata keçirilən islahatlar ölkəmizdə kənd təsərrüfatı bitkiləri və heyvanlarının məhsuldarlığının artırılmasına, emal müəssisələrinin yaradılmasına, kənd təsərrüfatı maşınqayırma sənayesinin inkişafına, kooperasiyanın genişləndirilməsi, aqrar sahədə alternativ enerji mənbələrindən istifadə edilməsi və digər məsələlərin həllində yeni imkanların aşkar edilib istifadə olunmasına hərtərəfli şərait yaratmışdır.

Aqrar bölmənin iqtisadiyyatın prioritet sahəsi kimi inkişaf etdirilməsi böyük önəm daşıyır. İndi başlıca vəzifə bu şəraitdən yararlanmaqla iqtisadi səmərəliliyin artırılmasına nail olmaqdan, innovasiya texnologiyalarından istifadə etməkdən, idarəetmə mexanizmini daim təkmilləşdirməkdən, mütəxəssis və kadr hazırlığına diqqəti artırmaqdan, elmi-texniki tərəqqinin tətbiqini genişləndirməkdən və digər tədbirlər həyata keçirməkdən ibarətdir.

Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Ölkədə hökm sürən siyasi sabitlik, xalqla iqtidar arasında olan birlik, iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra olunması, sosial məsələlərin həlli, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, çoxsaylı sosial obyektlərin tikilməsi, infrastruktur layihələri - bu siyahını davam etdirmək mümkündür - bütün bu amillər bir-biri ilə bağlıdır. Budur uğurlarımızın əsas səbəbi və növbəti illərdə biz bu siyasəti davam etdirəcəyik".

Ümid edirik ki, yaxın gələcəkdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qarşıda duran vəzifələr uğurla həyata keçiriləcək və iqtisadiyyatın, sosial həyatın bütün sahələrində, o cümlədən aqrar bölmədə daha böyük nailiyyətlər əldə ediləcəkdir.

 

 

Eldar İbrahimov,

Milli Məclisin Aqrar siyasət

daimi komissiyasının sədri,

iqtisad elmləri namizədi, dosent

 

Azərbaycan.-2009.-2 aprel.-S.3.